Rusiya cəzalandırılır Dünya

Rusiya cəzalandırılır

İqtisadi sanksiyalar rəsmi Moskvanı yolundan döndərəcəkmi?

Cavid

Rusiyanın Krımı özünə birləşdirməsindən sonra rəsmi Moskva bütün dünyanın qəzəbinə tuş gəlsə də onun imperialist siyasətinə qarşı real addımlar atılmır. Sadəcə, ABŞ başda olmaqla, Avropa Rusiyanı iqtisadi sanksiyalarla hədələməkdə davam edir. Bu hədələr sırasında daha çox yer alan məsələ Avropanı Rusiya qazının asılılığından azad etmək durur. Bunun isə rəsmi Moskva üçün yaxşı heç nə vəd etmədiyi aydındır. Artıq reallaşacaq məsələlərlə bağlı indidən açıqlamalar verilməkdədir. Bu məsələlərin reallaşacağı isə onu deməyə əsas verir ki, Rusiya Cənub dəhlizinə qarşı yönələ bilər.
Belə ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ABŞ-Avropa İttifaqı zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb.
Joze Manuel Barrozu bildirib: "Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün "Cənub qaz dəhlizi" vasitəsilə biz ilk dəfədir ki, Şərqdən, ancaq Rusiyadan deyil, Azərbaycandan qaz alacağıq".
ABŞ prezident B.Obama isə deyib ki, Avropa İttifaqı ölkələrinin Rusiya yanacağının asılılığından azaldılması üçün ABŞ Avropaya təbii qazın birbaşa nəqlini həyata keçirməyə hazırdır: "Biz başa düşürük ki, sanksiyaların gücləndirilməsi müxtəlif ölkələrdə müxtəlif cür təsir göstərəcək, o cümlədən Aİ daxilində olan ölkələrdə, hansı ki, onların bəziləri Rusiya yanacağının olunmasından daha çox asılıdır və biz bunu nəzərə alırıq. ABŞ indi artıq Avropa ölkələrindəki tələbatı həcmində təbii qaz ixracı edə bilər. Amma o, açıq bazara gedir və lisenziyası olan özəl şirkətlər vasitəsilə satılır".
Bundan başqa, o, əlavə edib ki, ABŞ Avropa ölkələrinin iqtisadiyyatına birbaşa irimiqyaslı investisiyalar həyata keçirməyə davam etdirmək niyyətindədir: "Biz artıq Avropa ilə böyük həcmdə ticarət aparırıq və Avropa iqtisadiyyatına birbaşa iri miqyaslı investisiyalar həyata keçiririk. Bu, dəyişməyəcək".
Obama həmçinin Rusiyanı kobud gücdən istifadəyə görə qınayıb və bildirib ki, ABŞ və Avropanın qəti müttəfiqliyi Ukrayna məsələsində Kremlin kobud güc tətbiqi siyasətini tədricən üstələyə biləcək.
Avropanın iki dünya müharibəsindən, eləcə də soyuq müharibədən sonra bərqərar olan birliyi haqda danışan Obama qeyd edib ki, vaxtilə həmin münaqişələrə aparıb çıxaran ideyaların toqquşması yenidən ortadadır. ABŞ prezidentinin fikrincə, Ukrayna məsələsində də söhbət ideyaların belə rəqabətindən gedir və Rusiyanın Ukraynadakı hərəkətləri qlobal sınaq anıdır.
Prezidentin sözlərinə görə, ABŞ və Avropa Birliyi Ukraynaya nəzarət etməyə can atmır, ABŞ və NATO Rusiya ilə münaqişə istəmir. O, Ukrayna üstündə yeni soyuq müharibənin başlanması ideyasını da rədd edib.
Obamanın fikrincə, SSRİ-dən fərqli olaraq Rusiya nə hansısa blokun başında dayanır, nə də hansısa qlobal ideologiyada aparıcı qüvvədir. ABŞ prezidenti istisna etmir ki, Rusiyanı Krımdan çıxarmaq mümkünsüzdür: "Amma ABŞ və onun müttəfiqləri vahid mövqedən çıxış etdikcə rus xalqı anlayacaq ki, can atdığı təhlükəsizlik, rifah və statusa bu yolla çata bilməyəcək".
ABŞ prezidenti əlavə edib ki, Kreml Ukraynada daha geniş miqyasda addımlar atarsa, onun ölkəsi Rusiyaya sanksiya qoymaqda davam edəcək: "Ölkənin rəhbərliyi hazırkı siyasətini dəyişməsə, ona qarşı təcrid kampaniyası genişlənəcək".
Obama Belçikanın paytaxtı Brüsseldə çıxışı zamanı bildirib ki, Qərb ölkələri həmrəylik göstərdikcə, Rusiyanın tamamilə təcrid olacaq: "Avropanın 28 ölkəsi və NATO-nun 28 ölkəsi birlikdədir. "Böyük Yeddilik" ölkələrinin hər bir lideri Rusiyaya qarşı sanksiya tətbiq edib. İyunda keçiriləcək "G7" sammitində də Rusiya iştirak etməyəcək. Əgər Rusiya rəhbərliyi düşünürsə ki, Ukraynadakı hərəkətləri ilə ABŞ-la Avropa Birliyinin münasibətlərini korlamağa nail olacaq, bunu doğru dəyərləndirməyib".
Avropa Birliyi ölkələri Rusiyadan ticarət asılılığını azaltmaq məqsədilə trans-atlantik ticarət və investisiya tərəfdaşlığı məsələlərini də dəyərləndiriblər. Avropa Şurasının prezidenti Herman Van Rempey qeyd edib ki, belə bir ittifaq Rusiyaya qarşı qalxan rolunu oynaya bilər. Lakin, onun sözlərinə görə, hazırda Ukrayna ilə bağlı bəzi məsələlər qeyri-müəyyən olduğu üçün hər hansı bir məqsədlə qətiyyətli addımlar atmaq doğru deyil.
Onu da bildirək ki, martın 19-u Budapeştdə, Macarıstan Xarici İşlər Nazirliyində Azərbaycan, Gürcüstan, Moldovadan dəvət edilən müstəqil ekspertlər və Qərbi Avropadan olan nümayəndələrin iştirakı ilə görüş keçirilib. Məqsəd apreldə Praqada keçiriləcək Şərq tərəfdaşlığı proqramı sammiti zamanı planlaşdırılan Vişeqrad ölkələri (Çexiya, Macarıstan, Slovak Respublikası və Polşa) xarici işlər nazirlərinin görüşü üçün təkliflər paketi hazırlamaqdır. Sammitdə Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramını təmsil edən bəzi ölkələrin dövlət başçılarının, o cümlədən Azərbaycan prezidentinin iştirakı gözlənilir. Bu görüşə isə Ermənistan və Belorus dəvət olunmayıb. Ona görə ki, bu dövlətlər Krımı Rusiyanın tərkibində tanıdıqlarını bəyanlayıblar.
Yeri gəlmişkən, Rusiyanın Ukrayna torpağı Krımı ilhaq etməsindən sonra dünyada müzakirə edilən məsələlərdən biri də Moskvanın necə cəzalandırılacağıdır. Bu sırada əsas vasitələrdən biri kimi neftin qiymətinin dünya bazarında aşağı salınması göstərilir. İqtisadçı alim, Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, neftin qiymətinin kəskin surətdə endirilməsi ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin süqutunda əsas amillərdən biri kimi çıxış etdi: "2008-ci ildə Rusiya Gürcüstana hərbi hücuma keçəndə də bu üsuldan istifadə edildi. Amma bu dəfə həmin "dəyənəyin" hər iki başı işləməyə başladı. Belə ki, neftin ucuzlaşması qlobal maliyyə böhranına qarışıb dünyada ciddi fəsadlar törətdi. Böhranın dərinləşməsi nəticəsində 2008-ci ilin sonunda dünyanın inkişaf etmiş fond bazarlarında indekslər 40 faizdən çox, inkişaf etməkdə olan ölkələrdə isə 50-75 faiz aşağı düşdü. 2008-ci ilin ortalarında neftin bir bareli 147 dollar idi. Beynəlxalq əmtəə bazarında tələbatın aşağı düşməsi nəticəsində bu qiymət ilin sonunda 40 dollara endi.
Dünya maliyyə böhranı digər qlobal problemləri - enerji böhranını, qlobal iqlim dəyişikliyini, dünya ticarətində hərc-mərcliyi, beynəlxalq miqrasiyanı gücləndirir, terrorizmin və hərbi münaqişələrin artmasına gətirir.
2008-ci il böhranının təsiri ilə Rusiyanın strateji valyuta ehtiyatları sürətlə əriməyə başladı. Rusiyanın beynəlxalq valyuta ehtiyatları 171,5 milyard dollar və ya 1,4 dəfə azalaraq 597,5 milyard dollardan 426 milyard dollara endi. Bu, ölkənin 500 milyard dollara yaxınlaşan məcmu xarici borcundan 16 faiz aşağı idi.
Artıq Rusiyanın xarici borcu valyuta ehtiyatlarında heç bir dəyişikliyin olmadığı bir şəraitdə 730 milyard dollara çatıb. O vaxt da rublun kursu aşağı düşmüşdü, indi də düşür. İnflyasiya artır. Ekspert qiymətləndirmələrinə görə, rübdə 50 milyard dollar kapital Rusiyanı tərk edəcək. Amma neftin qiymətinin 2008-ci ildə olduğu kimi kəskin surətdə aşağı salınması Rusiya üçün eyni çətinliklər yaşada bilsə də, Qərb də bundan ziyan çəkə bilər. Ona görə də bu dəfə neftin qiymətinin aşağı salınması yox, çoxdalğalı sanksiyalar tətbiq edilməsi variantının seçiləcəyi daha real görünür".
ABŞ-dakı Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzin müşaviri Aleksandros Petersen deyib ki, "Cənub dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəmə sahibdir. Mərkəzi və Şərqi Avropanın Rusiya qazından asılılığı nəzərə alınarsa, enerji təchizatının diversifikasiyasının zəruri olduğu anlaşılar. Azərbaycan Avropa bazarlarına qazın çatdırılması üçün ən yaxşı variantdır. O bildirib ki, Cənub dəhlizi nəinki Avropa ölkələri, həm də bütün transatlantik birlik üçün önəmlidir: "Bu layihənin həyata keçirilməsi Rusiyadan asılılığa son qoyulması siyasətinin başlanğıcı və Azərbaycan kimi yeni tərəfdaşların qazanılması mənasına gələcək. Azərbaycan Avropa bazarında Rusiyanın birbaşa rəqibi deyil, lakin avropalı istehlakçılar üçün pozitiv alternativə çevrilməkdədir".
"Global Change" Assosiasiyasının təsisçisi Peter Fusaro təbii qaz probleminin Avropa və Ukrayna üçün illərdir aktual olduğunu söyləyib: "Cənub dəhlizi layihəsi avropalı istehlakçı üçün fövqəladə dərəcədə maraqlıdır. Azərbaycan və Rusiya bu layihə ilə rəqib olmur. Avropada qaza tələbat çox böyükdür, bazar hamı üçün yetər".
Türkiyə Böyük Millət Məclisinin üzvü Faik Tunay isə hazırda bölgədə ciddi risklərin mövcud olduğunu və bu problemləri həll etməyin əsas yolunun enerji məsələsi olduğunu vurğulayıb: "Biz ümumi məqsədlər naminə çalışmağa başlasaq, siyasi problemlər azalacaq. Sözsüz ki, istənilən layihə ilə bağlı siyasi risk mövcuddur, lakin tərəflərin bunu necə həll etməsi önəmlidir. Siyasətçilər bu layihənin uğuru üçün mübarizə aparmalıdır. Cənub Dəhlizi strateji önəmə sahibdir. Türkiyə bu məsələdə Şərq və Qərb üçün yol açan körpü rolunu oynayır".
Ekspert Tərlan Həsənovun sözlərinə görə, Avropa öz enerji təhlükəsizliyini Azərbaycana etibar edərsə və Rusiyadan üz döndərərsə bu zaman Kreml Cənub dəhlizini hədəfə ala bilər: "Planlarını zəyata keçirmək üçün Rusiyaya Ukrayna və Azərbaycan lazım idi. Hər iki dövlət isə Rusiyanın imperialist siyasətinə qarşı çıxdıqlarından Kreml tərəfindən hədəfə götürülüb. Mənə elə gəlir ki, Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları onu daha da qıcıqlandıracaq. Xüsusilə də Azərbaycana qarşı. Buna görə də beynəlxalq sanksiyaların Rusiyaya tətbiqinin ziyanını çəkə bilərik. Mənə elə gəlir ki, bu zaman Qərb Azərbaycanı dəstəkləməyəcək".
Onu da bildirək ki, Dünya Bankı mütəxəssislərinin Rusiya iqtisadiyyatına dair yeni hesabatında deyilir ki, Rusiyada iqtisadi tənəzzül yaşanır. Bu ölkədə ÜDM artımı 1,3%-dək enib, halbuki 2012-ci ildə müvafiq göstərici 3,4% olub.
Ekspertlər qeyd edir ki, genişmiqyaslı kompleks struktur islahatlarına diqqətin yetərsizliyi iş adamlarının və istehlakçıların etimadının azalmasına gətirib çıxarıb. Krımdakı son olaylar isə ona gətirib çıxarıb ki, etimad problemləri böhrana çevrilib və mövcud artım modelinin çatışmazlığını qabardıb.
Bununla əlaqədar olaraq Dünya Bankı vəziyyətin inkişafı ilə bağlı iki ssenari hazırlayıb. Birinci ssenari Krım ətrafındakı böhranın nəticələrinin qısamüddətli olacağını, iqtisadi artımın 2014-cü ildə 1,1%, 2015-ci ildə isə 1,3% təşkil edəcəyini nəzərdə tutur.
İkinci ssenari isə geosiyasi durumun pisləşəcəyi halda iqtisadi və investisiya fəaliyyəti üçün daha ciddi fəsadları nəzərdə tutur. Nəticədə Dünya Bankının eksperləri 2014-cü ildə iqtisadi tənəzzülün 1,8%, 2015-ci ildə isə 2,1% artım səviyyəsində iqtisadiyyatın tədricən bərpa olunacağını proqnozlaşdırırlar.