1500 PKK-çı Türkiyənin hədəfində Dünya

1500 PKK-çı Türkiyənin hədəfində

Obama ilə Ruhani isə Türkiyəni İŞİD-lə mübarizəyə səsləyib

Cavid

PKK ilə müharibəyə girən Türkiyədə vəziyyət nisbətən sabitləşib. Ara-sıra hücumlar nəzərə alınmasa, ciddi qarşıdurma yaşanmayıb. Amma Türkiyədə daxildə iğtişaş yaratmaq istəyənlərin hücumları ara verməyib. Belə ki, iyulun 13-dən bəri Türkiyə hökumətilə aralarındakı atəşkəsin bitdiyini elan edən PKK silahlı hücumlarını davam etdirir. Ötən gün terrorçular Şırnaq vilayətindəki Çakırsöyüd hərbi bazasına hücum edib. Amma Türk Hərbi Hava Qüvvələrinin və hərbi bazanın mühafizəçilərinin vaxtında əks hücumu silahlıların hədəfini boşa çıxarıb.
Hökumət terrorçularla yanaşı, ölkə daxilində də vəziyyəti gərginləşdirməyə çalışan etirazçılarla mübarizə aparır. Elə Şırnaq vilayətində maskalanmış bir qrup insan aksiya keçirməyə cəhd edərək çaxnaşma yaratmaq istəyib. Təhlükəsizlik qüvvələrinin yolları bağlamağa çalışan həmin fəalları dayandırmaq istəyi qarşıdurmaya səbəb olub. Polisə daş və yanıcı-kəsici maddələrlə hücum ediblər.
Polis isə gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar gecə saatlarına qədər davam edib.
Türkiyə mətbuatı hərbi mənbələrə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri İŞİD və PKK terrorçularını bölgədən tamamilə yox etməyi hədəfə alıb.
Ölkə daxilində aparılan əməliyyatlardan sonra Türkiyə ordusu başda Kandil, Hakurk və Avaşin düşərgələri olmaqla Suriyaya qaçan 1500-ə yaxın PKK terrorçularına qarşı gələn həftə böyük əməliyyatlara başlayacaq.
PKK-nın Türkiyənin Hakkari şəhərinə hücum planı ifşa edilib. Axar.az xəbər verir ki, PKK Hakkarinin Yüksəkova bölgəsində AKP-nin binasına minaatanlardan hücum planı hazırlayırmış. Polis dərhal PKK-nın bu əməliyyatının qarşısının alınması istiqamətində tədbirlər görüb. Həmçinin PKK-nın Hakkari-Çukurca avtomobil yoluna mina yerləşdirmək planı da ifşa edilib və partlayıcı maddələrin partladılması nəticəsində bir neçə PKK-çı öldürülüb.
PKK-nın Qəndildəki lideri Murad Qarailan deyib ki, terror təşkilatının hazırkı taktika və strategiyası müdafiəyə köklənib: "Madam ki, onlar bizi savaşla yox etmək istəyirlər, buyursunlar, bacarırlarsa etsinlər. Onlar formalaşmış kəşfiyyat və yüksək texonologiya imkanlarına güvənərək bizi məhv edəcəklərini düşünürlər. Etsinlər, görək…" PKK lideri hesab edir ki, Ərdoğan hökuməti kürd probleminin həllinə səmimi yanaşmayıb: "Ceylanpınarda iki polisin öldürülməsi isə bizim qərarımızla olmayıb. Bu, "Apoçu fədailər" deyilən qrup tərəfindən həyata keçirilib. Biz silahları yerə qoymağa qarşı deyilik. Ancaq bu köhnə bir çağırışdır. Fakt budur ki, Türkiyə tərəfindən PKK-ya qarşı hücum konsepsiyası hazırlanıb".
Bu arada ABŞ prezidenti Barak Obama deyib ki, Türkiyə diqqətini PKK-ya yox, İŞİD-ə yönəltməlidir.
O, Ağ Evdə keçirdiyi mətbuat konfransında Türkiyə rəhbərliyi ilə İŞİD-in bölgədəki ən böyük təhlükə olması barədə müzakirələr apardığını bildirib: "Türkiyə əməliyyatları PKK-ya qarşı yox, İŞİD üzərinə fokuslaşdırmalıdır. Türkiyənin PKK-nın hücumlarına qarşı özünümüdafiə haqqı var. Lakin hazırda ən böyük problem sərhədlərindən xarici döyüşçülərin İŞİD-ə qatılmasını əngəlləməkdir".
İran prezidenti Həsən Ruhani də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İŞİD terror qruplaşmasına qarşı birlikdə mübarizə aparmağı təklif edib.
Təklif lliderlərin avqustun 5-də etdiyi telefon söhbətində səsləndirilib.
Ruhani eyni zamanda Suriya və İraqda İŞİD-ə qarşı həyata keçiriləcək əməliyyatlar üçün Dəməşq və Bağdadla əlaqələrin yaradılmalı olduğunu vurğulayıb. "Mərkəzi hakimiyyətin rolunu azalda biləcək hər bir cəhd nəticədə terrorçuların məqsədlərinə çatmasına yardım edə bilər. İŞİD-lə mübarizədə ölkələrin iqtidarları ilə əməkdaşlıq mütləq edilməlidir", - İran prezidenti söyləyib.
Məlumata görə, Həsən Ruhani Ərdoğandan İŞİD-ə qarşı əməliyyatlarda Suriyanın suverenliyini də diqqətə almasını istəyib.
Digər bir məlumata görə, İran Suriya probleminin həlli üçün yaxın günlərdə BMT-yə 4 mərhələli plan təqdim etməyə hazırlaşır. Bu barədə xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullahyan söyləyıb. Planın detalları haqqında məlumat verməyən Abdullahyan qeyd edib ki, bölgədəki oyunçuların böyük hissəsi Suriya probleminin hərbi üsullarla həll edilməsinin mümkün olmadığı fikrini bölüşürlər.