Putinin yeni planı ortaya çıxıb Dünya

Putinin yeni planı ortaya çıxıb

Rusiya İŞİD-lə mübarizə aparmaq üçün daha bir koalisiya yaratmaq niyyətindədir

Cavid

ABŞ koalisiya qurub İŞİD-ə qarşı mübarizə apardığı bir vaxta daha bir koalisiya təklifi Rusiyadan gəlib. İŞİD-lə mübarizə üçün hazırlanan yeni planın müəllifi prezident Vladimir Putindir.
Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov Putinin planın Yaxın Şərq və Avropa ölkələri tərəfindən dəstəkəndiyini açıqlayıb.
Putinin yeni plannında İŞİD-i məhv etmək üçün İraq və Suriya hökümətlərinin də daxil olduğu böləgə ölkələrindən ibarət bir koalisiya nəzərdə tutulur. Koalisiyada kürd təmsilçilərin də olması planlaşdırılır.
Boqdanov bildirib ki, xarici işlər naziri Sergey Lavrov iranlı həmkarıyla İŞİD-lə mübarizə planını Cavad Zərifin Moskva səfəri zamanı müzakirə edib.
ABŞ-ın başçılıq etdiyi koalisiyanın terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatları tənqid edən Boqdanov bildirib ki, əgər İŞİD-i məğlub etmək istəyiriksə onda dünya gücləri birləşməlidir.
Boqdanov Suriya münaqişəsinin diplomatik yollarla həlli üçün addımların atıldığını bildirib.
"Bu məqsədlə Cenevrə-3 konfransına hazırlıqlar başlayıb. Münaqişənin həlli üçün siyasi iradəyə və dəstəyə ehtiyac var".- deyə Mixail Boqdanov əlavə edib.
Boqdanov həmçinin Suriya müxalifəti ilə Moskva və Qahirədə aparılan danışıqları xatıradaraq qeyd edib ki, müxalifətin bir araya gəlməsi üçün xüsusi platformaya ehtiyac var.
İndi Putinin yeni koalisiya planı Suriya münaqişəsinin həlli məqsədi ilə baş tutacaq Cenevrə-3 konfransında müzakirə üçün hazırlanır.
İŞİD-lə bağlı isə hər gün yeni-yeni məlumatlar verilir. Avstraliya kəşfiyyatının nümayəndəsi Devid Conson "Qardian" qəzetinə müsahibəsində söyləyib ki, İŞİD terror təşkilatı 1 il ərzində 7 mindən çox döyüşçüsünü itirib. Onun sözlərinə görə, İŞİD artıq heç bir ərazini tutmağa çalışmır: "İŞİD-in imkanları getdikcə tükənir. Onlar artıq hansısa ərazini tutmaq uğrunda mübarizə aparmırlar. Onların əsas məqsədi tutduqları əraziləri qoruyub saxlamaqdır".
Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhdid edən İŞİD əmirinın kimliyi ortaya çıxıb. Terrorçuların videosunda danışan İŞİD əmiri Bursada şirniyyat işi ilə məşğul olan Fateh Acıpayam adlı şəxsdir. Yaxını İŞİD əmiri haqqında bu sözləri deyib: "Fateh Acıpayam İspartada olarkən heç namaz qılmağı belə bilməzdi. Nə oldusa, elə burada oldu. 2014-cü ilə qədər Bursada şirniyyat dükanı işlədirdi. Suriyaya getməzdən öncə isə iş yerini 100 min türk lirəsinə satmışdı". Qeyd edək ki, bir neçə gün öncə Ankaranı təhdid edən İŞİD terrorçularının videomüraciətində türkcə təhdidlər yağdıran İŞİD əmiri Fateh Acıpayamın kod adı Əbu Əmmardır.
Tacikistanda isə 16-18 yaşlı yeniyetmələr həbs olunub. Gənclərə "qanunsuz olaraq terrorçu təşkilatın bayrağını əldə etmək və şəhərin mərkəzində dalğalandırmaq" ittihamı irəli sürülüb. Axar.az xəbər verir ki, onlar ölkənin Şartuz şəhərində İŞİD-in bayrağını dalğalandırıblar. İyul ayında sosial mediada Tacikistanı təhdid edən bir qrup təkfirçi Tacikistan Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunmuşdu. İndiyədək 500 tacik İŞİD-ə qoşulub ki, bunlardan 120-ə yaxını öldürülüb.
Türkiyənin tanınmış jurnalisti Mustafa Seyfullah Kılıç isə bəyan edib ki, İŞİD müharibəni Qafqaza daşıyacaq. Onun sözlərinə görə, İŞİD və Nusra Cəbhəsi kimi terrorçu qruplaşmaların ideoloji sturukturu yayılma özəlliyi daşıyır. Bu qruplar daxilində çox sayda Qafqaz əsilli nüfuzlu terrorçular da var. Bu terrorçuların liderləri müxtəlif zamanlarda etdikləri çıxışlarda müharibəni Qafqaza yayacaqlarını açıq şəkildə söyləyirlər. Hər iki qruplaşmada azərbaycanlı terrorçular da var: "Azərbaycanlıların bir qismi Türkiyə üzərindən, bir qismi də Əfqanıstandan gələrək yenə eyni yolla Suriyaya keçiblər. Yenə Nusra Cəbhəsinin təmsil etdiyi əl-Qaidə terror qruplaşmasının içərisində olan qafqazlılar "Qafqaz əmirliyi" təşkilatını dəstəkləyir. İŞİD-in içərisindəki qafqazlılar isə Qafqazda öz "əmirliklərini" qurublar. Yəni həm Nusra, həm də İŞİD təfəkkürü faktiki olaraq Qafqazda formalaşıb. Yaxın zamanda xüsusilə İŞİD kimi yayılma özəlliyi daşıyan bu qruplaşmalar Qafqazda müharibənin baş aktyoru halına gələcəklər".