İƏT-in növbəti sammiti nə vaxt keçiriləcək? Dünya

İƏT-in növbəti sammiti nə vaxt keçiriləcək?

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammiti bu il noyabrın 11-də keçiriləcək. APA-nın Pakistanın "thenews.com.pk" saytına istinadən verdiyi məlumata görə, budəfəki tədbirə İslamabad şəhəri ev sahibliyi edəcək. Saytın yazdığı məlumata əsasən, Azərbaycan prezidenti İlham Əliyev, Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Aziz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al-Nahyan, İndoneziya prezidenti Coko Vidodo, Malaziyanın baş naziri Nacib Razzak, Qatar əmiri Şeyx Tamim bin Hamad Sani, Misir prezidenti Abdel Fatah Al-Sisi, Əfaqanıstan prezidenti Əşrəf Qani, İraq prezidenti Fuad Masum, Əlcəzair Prezidenti Abdel Aziz Bouteflika, İordaniya kralı İkinci Abdullah, Küveyt əmiri Şeyx Sabah Al-Ahmad Al-Jabar Al-Sabah, Fələstin lideri Mahmud Abbas, Oman sultanı Qaboş bin Said al Said və Nigeriyanın prezidenti Məhəmməd Buhari sammitdə iştirakla bağlı dəvəti qəbul ediblər. BMT baş katibi Pan-Gi Munun da tədbirə qatılacağı gözlənilir.
Sammitin əsas müzakirə mövzusu elm və texnologiya olacaq. Bu mövzu 2013-cü ilin fevralında Qahirədə keçirilən 12-ci sammitdə müəyyənləşdirilib.