İranlılar nüvə sazişini dəstəkləyir Dünya

İranlılar nüvə sazişini dəstəkləyir

Konqresdə isə sazişin müzakirəsi yubandı

Cavid

ABŞ Konqresində bir qrup mühafizəkar respublikaçı millət vəkilinin "qiyamı" İranla bağlanmış nüvə sazişinin baxılmasını yubadıb.
Sentyabrın 8-də Nümayəndələr Palatası bu sənədin müzakirəsinə başlamalı idi, lakin bir sıra respublikaçı konqrsemenlər bundan imtina edərək prezident Barak Obamanın daha geniş məlumat verməsini tələb ediblər.
Təhlilçilər bildirirlər ki, belə bir vəziyyət sazişin ümumiyyətlə müzakirəyə çıxarılmasını mümkünsüz edə bilər.
Beləliklə, İran sazişinə qarşı vahid cəbhədən çıxış edən respublikaçılar indi bu sənədə baxılması məsələsində mübahisə edirlər.
Bü mübahisə 41 senator İran sazişini dəstəkləyəcəyini bildirəndən sonra başlanıb.
Nəticədə İrana dair üç səsvermə planlaşdırılıb, lakin bunlardan heç biri nüvə sazişinə aid deyil.
Bununla belə Senatdakı respublikaçılar sazişin rədd edilməsi barədə qətnaməni müzakirəyə çaıxaracaqlarını bildirirlər.
Üç səsvermədən birincisi Obamanın əlavə məlumat verməsini tələb edən qətnamə üçün keçiriləcək. İkinci səsvermə sazişin qəbulu qətnaməsinin ləğv edilməsinə həsr olunacaq. Üçüncü qətnamə isə prezidentin İrana qarşı sanksiyaları qaldırmaq səlahiyyətindən məhrum edilməsinə dairdir.
Ağ Ev isə bəyan edib ki, Konqres sazişi sentyabrın 17-dək səsə qoymasa, o icra üçün qüvvəyə minəcək.
İranlıların çoxu dünya dövlətləri ilə imzalanmış nüvə sazişini dəstəkləyir. Ancaq onlar səhvən elə düşünür ki, bu saziş ABŞ-ın bütün sanksiyalarına son qoyacaq. Bunu sentyabrın 9-da açıqlanmış sorğuya əsasən demək olar.
Min iranlı arasında sorğunu Maryland Universiteti və IranPoll.com saytı keçirib. Bəlli olub ki, 76 faiz bu razılaşmanın onların nüvə proqramının beynəlxalq təftişi əvəzində təcridə son qoyacağını gözləyir.
Görünür, iranlılarda təəssürat yanlışdır və gələcəkdə bu dəstək zəifləyə bilər.
Belə ki, Birləşmiş Ştatlar və digər dövlətlər yalnız İranın nüvə proqramına bağlı sanksiyaları qaldırmağa razılaşıblar. İranın terror qruplarına iddia olunan dəstəyinə görə qoyulmuş digər sanksiyalar isə yerində qalacaq.
İranlıların 56 faizinin heç hökumətlərinin nüvə tədqiqatını məhdudlaşdırmağa razılaşmasından xəbəri yoxdur. 77 faiz düşünür ki, bu təftişlər baş verməmiş sanksiyalar yüngülləşdiriləcək.