Vyana iclası Suriyada siyasi mərhələyə keçidin planını hazırlayır Dünya

Vyana iclası Suriyada siyasi mərhələyə keçidin planını hazırlayır

Əsədin hakimiyyətdən getmə məsələsi yenə açıq qaldı

Cavid

Noyabrın 14-də Vyanada Suriya böhranının siyasi mərhələyə keçidi ilə bağlı iclas keçirildi. İclas bir gün öncə Parisdə baş vermiş və 129 nəfərin həyatına son qoymuş terror aktlarının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. İŞİD in törətdiyi bu terror aktları iclasın gündəliyini bir qədər dəyişdi. Bu dəfəki müzakirələr 30 oktyabr Avstriyanın paytaxtında keçirilmiş ilk toplantıdan daha sakit keçdi. 2011-ci ildən bəri 250 000 qurban və milyonlarla insanın qaçqın düşməsinə səbəb olan Suriya böhranının əsas beynəlxalq və regional aktyorları siyasi mərhələyə keçid üçün bir yol sənədi təklif etdilər, ancaq bu sənəd də prezedent Bəşər Əsədin hakimiyyətdən getmə məsələsini həll etmir. Avropa Birliyi və Birləşmiş Millətlərin üzvü olan on yeddi dövlət "bu gündən başlayaraq altı ay müddətində suriyalıların atəşkəsə riayət etmələrinə dəstək nümayiş etdirəcəklərini, yeni Konstitusiya tərtib edilməsi üçün vaxt təyin edildiyini bildirdi. Bu gündən başlayaraq on səkkiz ay müddətində yeni Konstitusiyaya uyğun azad seçkilərin keçirilməsi vacibdir".
Onlar, həmçinin, "BMT nümayəndələrinin vasitəçiliyi ilə Suriya höküməti və müxalifət təmsilçilərinin formal danışıqlar üçün görüşünün vacib olduğunu" bəyan etdilər. Növbəti toplantının təxminən bir aydan sonra irəliləyişi yoxlamaq üçün keçirilməsi planlaşdırıldı. Avropa diplomatiyasının rəhbəri Federika Moqherini toplantının "çox gözəl" keçdiyini qeyd edərək Suriya məsələsinin həlli üçün "yeni bir prosesin başladığını" bildirdi. "Bu, hələlik utopiyaya bənzəyir, ancaq biz bunu reallaşdırmaq üçün bütün gücümüzü masaya yatırmışıq"- deyə Almaniyanın xarici işlər naziri Frank Volter Şteyenmayer açıqlayıb.
"Terrorist qruplar üçün ümumi bir siyahı"
"Lemonde" yazır ki, siyasi mərhələyə keçid prosesi BMT-in bələdçiliyi ilə həyata keçiriləcək. Komanda BMT-in Suriyaya göndərəcəyi agent ətrafında cəmləşəcək. Staffan de Mistura hakimiyyət tərəfdarları ilə müxalifət qüvvələri arasında atəşkəs yaratmaq üçün təyin olunub. Bəs Suriyadakı qrupların hansının "terrorçu", hansının isə müxalifət qüvvələri olduğu necə müəyyən ediləcək? Rusiyanın xarici işlər naziri Sergey Lavrov digər iştirakçıların təklifinə əsasən bildirib ki, İordaniyaya "terrorçu qrupların siyahısını hazırlamaq" tapşırılıb.
Bu məsələdə konfliktin aktyorları fikir ayrılığı ilə rastlaşır. BMT yalnız İŞİD və Əl-Qaidənin bir qolu olan Nosranı "terrorçu" kimi qələmə versə də, İran və Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejimi bütün müxalifət qüvvələrini "terrorçu" adlandırır. Rəsmi Moskva elan edib ki, o, hava hücumlarına davam etsə də, region ölkələri və ABŞ-ın dəstəklədiyi, mötədil siyasətin tərəftarı olan bəzi qruplarla əməkdaşlıq etməyə hazırdır. Əsas məsələ Körfəz ölkələri və Türkiyənin dəstəklədiyi Əhrar Əl-Şam və Jeş Əl-İslam kimi sələfi qrupları barədədir. Sünni ərəb dövlətləri isə bu siyahıda İranın dəstək verdiyi, AB-nin ABŞ-ın terror qruplaşmaları siyahısının başında gələn Hizbullah kimi şiyə qruplaşmalarının olmasını istəyir.
"Bəşər Əsədin məsələsi ilə bağlı fikir ayrılıqları"
Bəşər Əsədin hakimiyyətdən getməsi məsələsi Vyanada öz həllini tapmadı. "Biz Bəşər Əsəd məsələsində fikir ayrılıqları ilə qarşılaşırıq"- deyə ABŞ-ın dövlət katibi Con Kerri vurğulayıb. Qərb dövlətləri, Türkiyə, Səudiyyə Ərəbistanı başda olmaqla sünni ərəb dövlətləri onun uzaqlaşdırılması ilə bağlı konkret bir vaxt tələb edir. Bu isə Rusiya və İran tərəfindən qəbul olunmur. "Biz Bəşər Əsədin seçkilərdə iştirak edib etməyəcəyinə və Suriya xalqının onu seçib seçməyəcəyinə yalnız özlərinin qərar verə biləcəyi fikri üzərində dayandıq". Bunu bazar günü İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian dövlət televiziyasına müsahibə verərkən bildirib. "Bu keçid mərhələsi çərçivəsində Bəşər Əsəd hakimiyyətdən getməlidir. Ancaq o, bu mərhələdə iştirak edə də bilər"- deyə britaniyalı xarici işlər naziri Filip Hammond qeyd edib. "Siyasi keçid göstərəcək ki, B.Əsədin hakimiyyətdə qalması mümkün deyil. Müxalif qruplaşmalar atəşkəsi yalnız hakimiyyətdə dəyişiklik təklif ediləcəyi təqdirdə qəbul edəcək" - deyə bir qərb siyasi mənbəyindən bildirilib. Həmin mənbə onu da əlavə edib ki, "Rusiya anlayacaq ki, onun bu mövqeyi bəşəri cəhətdən olduğu kimi maliyyə baxımından da olduqca təhlükəlidir. Misirdəki təyyarə qəzası şiyələrlə müttəfiqliyin onları sünni cihadçıların hədəfi etdiyini sübut etdi".
İŞİD-ə qarşı mübarizədə beynəlxalq kordinasiya
Parisdəki hücumlar "İŞİD ə qarşı mübarizənin vacib olduğunu bir daha göstərdi". Fransalı xarici işlər naziri Loran Fabiusun fikrincə, "Avropada son qırx ilin ən dəhşətli terror aktından sonra ciddi ölçü götürmək lazımdır. Biz öz fəaliyyətimizi davam etməli və onu daha da gücləndirməlyik". O, Bəşər Əsədin parisdəki hadisələrlə bağlı açıqlamasını tənqid edib və bildirib ki, "onun bu fikirləri bu terrora haqq qazandırır". Əsəd Paris hadisələrini Suriyada baş verənlərlə əlaqələndirərək Fransanın Yaxın-Şərqdəki siyasətinin" terrorun inkişafı"na dəstək verdiyini iddia edib.
Vyanada terrorla mübarizədə ümumi istək olsa da, bu barədə heç bir qərar qəbul edilmədi. Siyasi bir qərb mənbəyinin verdiyi məlumata görə, "bu məsələ dövlətlər və məlumat xidmətləri arasında müzakirə olunur. Məlumat xidmətləri birgə çalışmalı, ümumi təşəbbüs göstərməli, qeyri-müəyyən qruplarla, xüsusilə də Ruslarla bağlı kordinasiya inkişaf etdirilməlidir".