14:42
567
“Terrorsuz Türkiyə ehtimalı son vaxtlar ciddi şəkildə artıb. Çünki Ərdoğan hakimiyyəti israrla bu modelin baş tutması üçün əlindən gələn hər şeyi edir. Suriyada Əsəd rejiminin devrilməsindən sonra elə bir vəziyyət yaranıb ki, artıq terror məkanlarının, təşkilatlarının sıradan çıxarılması daha real görüntülər alıb. Xüsusilə də bu məsələdə ABŞ ilə Türkiyə arasında ortaq mövqenin mövcud olması PKK terror təşkilatına bağlı olan bütün qurumların hədəfə gəlməsinə və himayəsiz qalmasına səbəb olub. Hazırda Türkiyə ərazisindən PKK dəstələrinin çıxarılması demək olar ki, sona çatıb”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.
Politoloq diqqətə çatdırıb ki, PKK həm Suriyada, həm də İraq ərazisində öz düşərgələrini ləğv etməyə başlayıb: “Bəzi PKK terror qruplaşmaları tərk-silah olmağa başlayıblar. Hazırda əsas problem Suriya ərazisindədir. Suriyada PKK-nın uzantısı olan terror qruplaşması özünü siyasi qüvvə kimi gündəmə gətirməyə çalışır, amma silahı da yerə qoymaq istəmir. Halbuki, anlaşma ondan ibarətdir ki, bu terror qruplaşmasının bir qismi tərk-silah olunmalıdır, digər bir qismi isə öz mövqeyini dəyişərək Suriya silahlı qüvvələrinin tərkibində fəaliyyət göstərməlidir. Hələlik bundan imtina edirlər və bu baxımdan PKK-nın Suriya qolu olan PYD-nin sıradan çıxarılması hələlik bir qədər ləngiyir. Ancaq PKK liderləri tərk-silah barədə razılaşıblar. Yaxın vaxtlarda PKK terror təşkilatının tamamilə sıradan çıxarılma ehtimalı realdır və ya yəqin ki, bir müddətdən sonra PKK-nın artıq geri çəkiləcək yeri belə qalmayacaq, tərk-silah olunmaq məcburiyyəti qaçılmaz olacaq”.
Röya İsrafilova