Putun yenə Türkiyəni hədələdi Dünya

Putun yenə Türkiyəni hədələdi

"Türkiyə əvvəllər Suriyanın hava məkanını tez-tez pozurdu, hünəri varsa indi də pozsun"

Rusiya prezidenti Vladimir Putin Türkiyə rəhbərliyini amerikalılara yaltaqlanmaqda ittiham edib.
Putin dünən keçirdiyi illk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiyanın Su-24 təyyarəsini vurmaqla Türkiyə rəhbərliyində təmsil olunanlar ABŞ-a yaltaqlanmaq məqsədi güdüb.
"Biz bilmirik ki, bu işdə üçüncü tərəf var ya yox. Lakin Türkiyə rəhbərliyindən kimsə amerikalılara yaltaqlanmaq qərarına gəlibsə, bunun doğru addım olub-olmadığını bilmirəm. Ümumiyyətlə, bunun amerikalılara lazım olub-olmadığını da bilmirəm", - deyə o vurğulayıb.
Rusiya prezidenti Türkiyənin indiki rəhbərliyi ilə anlaşmağın mümkünsüz olduğunu deyib: "Təcrübə göstərir ki, bizim üçün anlaşmaq çətindir və yaxud da praktiki olaraq bu, mümkün deyil. Hətta biz "hə" deyərkən, arxadan bizə zərbə vururlar, özü də anlaşılmayan səbəblər üzündən. Bu üzdən də dövlət səviyyəsində perspektiv görmürəm".
Rusiyanın Türkiyə ilə onun üçün həssas olan məsələlər üzrə əməkdaşlıq etməyə hazır olduğunu deyən Putin bildirib ki, Ankaranın Suriya sərhədindəki maraqlarını mövcud əməkdaşlıq kanalları vasitəsi ilə müzakirə etmək üçün imkanları olsa da, bunu etməyib. "Nəyə lazım idi bunu (Su-24 təyyarəsini vurmaq-red.) etmək? Mən anlamıram. Bəlkə onlar düşünürdülər ki, biz oradan qaçacağıq? Əlbəttə ki, yox. Rusiya o ölkələrdən deyil".
Rusiyanın Suriyada hərbi mövcudluğunun gücləndirildiyini deyən Putin artıq bu ölkədə S-400 zenit-raket komplekslərinin yerləşdirildiyini bildirib: "Türkiyə əvvəllər Suriyanın hava məkanını tez-tez pozurdu, hünəri varsa indi də pozsun".
O qeyd edib ki, Rusiya rəhbərliyi nə etdiyini yaxşı bilir və bu barədə açıq danışır:
"Suriyadakı müharibəni biz başlamamışıq. Orada ayrı-ayrı əməliyyatlar keçiririk".
Moskvanın Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyinə gəldikdə isə Putin bildirib ki, rəhbərlikdə kimin təmsil olunacağını yalnız ölkənin xalqı müəyyən etməlidir: "Heç vaxt razılaşa bilmərik ki, kimsə kənardan kimin rəhbərlik edəcəyini müəyyən etsin. Bu məsələ ilə bağlı ABŞ baş katibi ilə danışmışıq. Mövqeyimiz dəyişməyib, yalnız Suriya xalqı ölkə rəhbərinin kim olacağını müəyyən etməlidir. Ümumilikdə biz ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanması ilə bağlı təşəbbüsünü dəstəkləyirik".
Putin əlavə edib ki, sözügedən qətnamə Suriya rəhbərliyini də qane etməlidir. Çünki bu təklif Suriyadakı qanlı münaqişənin həlli üçün bir cəhddir.
Rusiyanın Suriyadakı hərbi bazasına gəldikdə isə Putin məsələ ilə bağlı birmənalı cavab verməkdə çətinlik çəkib: "Orada bizə hərbi baza lazımdır ya yox bilmirəm. Əmin deyiləm ki, Suriyada hərbi bazaya gərək var. Kimisə tapmaq lazımdırsa, onsuz da tapacağıq".
Putin Ukrayna ərazisində Rusiya hərbçilərinin olduğunu dolayısıyla təsdiqləyib:
"Biz heç vaxt deməmişik ki, Ukrayna ərazisində müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur. Lakin bu, o demək deyil ki, orada nizamlı Rusiya ordusu var".
Əsirlərin dəyişdirilməsi barədə suala cavab verən Putin bildirib ki, bu proses Kiyev və Donbas arasında "hamını hamıya" prinsipi əsasında həyata keçirilməlidir. Ukraynada həbs olunan rusiyalıların və Rusiyada həbsdə olan ukraynalıların dəyişdirilməsi məsələsinə gəldikdə, o bildirib ki, bu, bərabər səviyyəli olmalıdır.
O, gələn il Ukrayna ilə iqtisadi əlaqələrin pisləşəcəyini də söyləyib.
Putin ölkəsinin Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduğunu da bəyan edib.
O, hazırkı Gürcüstan rəhbərliyinin davranışlarında münasibətlərin normallaşmasına dair əlamətlər görüdüyünü deyib: "2008-ci il hadisələrindən sonra bizim münasibətlərimizdə deqredasiya baş verdi. Bu hadisələrin baş verməsinin məsuliyyəti isə birbaşa o vaxtkı prezident Mixail Saakaşvilinin üzərinə düşür. Məhz onun yol verdiyi avantüra nəticəsində vəziyyət bu yerə gəldi, Gürcüstan ərazilərinin bir hissəsini itirdi.
Təsəvvür edin ki, indi həmin adam Odessanın qubernatoru vəzifəsindədir. Saakaşviliyə ABŞ-a işçi vizası vermədirlər, Ukraynaya göndərdilər ki, orada işləsin. O da hazırda orada aktiv fəaliyyət göstərir. Qərb bununla Ukraynaya göstərir ki, təkcə onu idarə etmir, həm də oraya onu idarə edən adamlar göndərir. Bu isə Ukrayna xalqının üzünə tüpürməkdir".
Putin deyib ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı yaranmış məsələləri Gürcüstan onlarla danışıb razılığa gəlməlidir: "Biz istənilən razılaşmanı dəstəkləməyə hazırıq".