NATO-ya qarşı KTMT qalxanı Dünya

NATO-ya qarşı KTMT qalxanı

Rusiya Ermənistanda hava hücumundan müdafiə təlimlərinə start verdi, Qarabağda isə işğalçı ordu manevrlər keçirir
Sergey Lavrov: "Qarşıdurmanın kəskinləşməsində maraqlı deyilik"

Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri Şurasının iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən iclasda KTMT-nin baş katibi Nikolay Bordyuja təşkilatın cavabdehliyində olan ərazilərdə vəziyyətlə bağlı məruzə ilə çıxış edib.
KTMT ölkələri xarici siyasət idarələrinin rəhbərləri iclas zamanı təşkilat çərçivəsində əməkdaşlığın inkişafı yollarını, regionda mövcud vəziyyəti müzakirə ediblər.
İclas zamanı KTMT ölkələri xarici işlər nazirləri tərəfindən Əfqanıstanla və Suriyanın Kesab şəhərində baş verən hadisə ilə bağlı bəyanat qəbul olunub.
Suriyanın ermənilərin kompakt yaşadığı Kesab şəhərində kütləvi şəkildə öldürülməsi ilə bağlı bəyanat layihəsi Ermənistan tərəfindən hazırlanıb. Bu barədə KTMT xarici İşlər Nazirləri Şurasının iclasında təşkilatın baş katibi Nikolay Bordyuja bildirib: "Suriyada baş verən məlum hadisə ilə bağlı Ermənistan tərəfinin təşəbbüsü ilə bəyanat layihəsi müzakirə olunub. İclasda iştirak edən bütün nümayəndə heyətlərinin rəhbərləri sənədi imzalamağa hazır olduqlarını təsdiq ediblər".
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.
Rusiya NATO kontingentinin onun sərhədlərinə yaxınlaşması ilə bağlı KTMT-nin tədbir görəcəyi ilə bağlı bəyanat yayıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib ki, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı NATO ilə qarşıdurmanın kəskinləşməsində maraqlı deyil". Onun sözlərinə görə, KTMT ümid edir ki, NATO onu təxribata çəkməyəcək: "Biz bu mövzunu müzakirə etmədik. KTMT-nin üzvü olduğu ölkələrin təhlükəsizliyini qorumaq kimi tapşırığı var və bu günki danışıqların əsas müzakirə mövzusu da bu olub".
S.Lavrov KTMT-nin NATO da daxil olmaqla heç kimlə qarşıdurmanı kəskinləşdirməkdə maraqlı olmadığını söyləyib: "Əksinə, uzun illərdir ki, NATO-ya Əfqanıstanla bağlı əməkdaşlıq təklif edirik. NATO isə birbaşa qarşılıqlı əməkdaşlıqdan imtina edir. Biz heç kəslə qarşıdurmaya getmirik, ümid edirik ki, heç kəs də qarşıdurmanı provakasiya etməyəcək, xüsusi ilə də NATO-dan uzaq olan regionda..."
Dünən Rusiyanın Ermənistandakı hərbi bazası hava hücumundan müdafiə təlimləri keçirməyə başlayıb. Rusiya Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, "Alagöz" poliqonunda keçirilən təlimdə 250 hərbçi və 50 hava hücumundan müdafiə texnikası iştirak edir.
Təlimə ilk dəfə olaraq, ötən il 102-ci bazanın arsenalına daxil edilmiş BUK-M1-2 və S-300V "Antey" zenit-raket kompleksləri də cəlb olunub.
Qeyd edək ki, 2013-cü ilin ortalarınadək Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı 102-ci hərbi bazasının hava hücumundan müdafiəsində əsasən ZSU-23-4 "Şilka" zenit pulemyotları, "Strela-1", "Strela-10", 2K12 "Kub" və S-300 zenit-raket kompleksləri yer alıb.
Ermənistan Silahlı Qüvvələri də Rusiyanın bu ölkədəki hava hücumundan müdafiə təlimlərinə paralel olaraq, işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlərə başlayıblar. "Kanal S"-nin Qarabağ bürosunun xəbərinə əsasən, düşmən hərbçilər təlim manevrlərində Ağdam rayonunun işğal altında olan Şahbulaq dağ massivi və Uzundərə adlanan ərazisində ağır artilleriya və zirehli texnikalardan istifadə edirlər.
Sözügedən istiqamətdə güclü atəş və partlayış səsləri eşidilir.
Təmas xəttinə yaxın ərazilərdən düşmənə məxsus texnikaların hərəkəti aydın müşahidə olunur.