İrana qarşı sanksiyalar ləğv edildi Dünya

İrana qarşı sanksiyalar ləğv edildi

Amma İran-ABŞ münasibətləri heç vaxt normallaşmayacaq

Cavid

Son günlər dünya mətbuatının gündəmində İran və Qərbin nüvə razılaşması və bunun nəticəsində İranın razılaşma şərtlərinə uyğun davranması təqdirində sanksiyaların qaldırılmasının şahidi olduq.
Həmin razılaşmaya əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik apardığı müşahidələrdən sonra çıxardığı müsbət rəy qarşılığında Amerika başda olmaqla Avropa da İrana uzun illərdən bəri tətbiq etdiyi iqtisadi və hərbi sanksiyaların bir hissəsini ləğv etdi.
İranın beynəlxalq banklarda dondurulmuş 100 milyard dollarının artıq demək olar ki, yarısından çoxu geri qaytarıla bilər. Bu son illərin İranla Qərb ölkələri arasında ən ciddi yaxınlaşma hesab olunur. Bütün bu diplomatik əlaqələrin, aparılan müzakirələrin və əldə olunan nəticələrin digər bir yönü isə İrandaxili siyasi qrupların çəkişməsidir.
Hazırda İranın Amerika ilə razılaşmasına ən sərt reaksiya keçmiş "Ənənəçi"lərdən gəlir. Onlar indiki hakimiyyəti vətənə xəyanətlə ittiham edirlər. Bu mənada Parlamentdə və digər dövlət qurumlarında İslahatçıların nüfuzunu azaltmaq uğrunda qızğın mübarizə aparırlar.
Bəlkə də bunun nəticəsidir ki, Həsən Ruhaninin başında olduğu hakimiyyətin siyasi xəttinə yaxın olan "İslahatçılar" cəbhəsinin namzədlərinin 90 faizinin parlament seçkilərinə qatılma hüququ seçkilərə nəzarət qurumları və Konstitusiya Qoruma Şurası tərəfindən qəbul olunmadı.
Adı keçən qurumlar isə ölkənin birinci şəxsi Xamneyinin bir başa nəzarətindədir.
Xarici siyasətdə İslahatçıaların nümayiş etdirdiyi sülhyönümlü mövqe digər əsas qüvvə sayılan "Ənənəçilərin" daim kəskin tənqidi və ölkəyə xəyanət ittihamları ilə qarşılaşır.
İslahatçı namzədlərə göstərilən bu haqsızlığa ölkə prezidenti Həsən Ruhani kəskin münasibət bildirib.
O, bu qərarın qanuna zidd olduğunu vurğulayaraq, tam səlahiyyətindən istifadə edərək bu qanunsuzluğun qarşısını alacağını bildirib.
Bəzi mənbələrin iddiasına görə, bu, SEPAH-ın indiki hakimiyyətə qarşı çevriliş cəhdinin ilkin addımı hesab oluna bilər. Qeyd etmək lazımdır ki, inqilab keşikçiləri bürosu ölkənin ən güclü silahlı qurumudur. Onun Ali baş komandani isə Xamneyidir. SEPAH və islahatcilar arasinda ixtilafin pik nöqtəsi 2009--cu il prezident seçkilərindən sonra yaşanan hadisələrdən sonra olub. Bəzi analitiklər heab edirlər ki, indi də SEPAH İranın Qərb və Avropa ölkələri ilə yaxınlaşmsını sakit seyr etməyəcək.
Bu arada ABŞ prezidenti Barak Obama İran ilə Qərb arasında nüvə razılaşması əldə olunmasına münasibət bildirib. Prezident Obama deyib ki, bu razılaşma İranın nüvə fəaliyyəti ilə məşğul olmasının qarşısının alınmasına gətirib çıxaracaq: "ABŞ öz düşmənləri ilə olan problemləri aradan qaldırmaq üçün diplomatik yollardan istifadə etməkdən heç zaman qorxmur. Bizim həyata keçirdiyimiz həmin güclü diplomatiyadır ki, bu gün biz onun "meyvələrini" artıq görürük. Əldə olunan razılaşmaya əsasən, İran nüvə silahına sahib ola bilməyəcək. Bununla da region, ABŞ və dünya daha təhlükəsiz yaşayacaq. İranın nüvə bombası əldə etməsi üçün istifadə edə biləcəyi bütün yolların qarşısını kəsmişik".
Obama bəyan edib ki, Qərb dövlətləri İranla əldə olunan razılaşmanın icrasından sonra da ayıq-sayıq olmalıdır: "Əgər İran bizi aldatmağa cəhd edərsə və gizlicə yenə nüvə silahı əldə etməyə çalışarsa, o zaman biz bunu dərhal anlarıq. Bütün bunların cavabı isə ağır olar".
İran prezidenti Həsən Ruhani isə bildirib ki, İrana qarşı sanksiyalar aradan qalxdıqdan sonra da ABŞ-la tammiqyaslı iqtisadi əlaqələr qurulmayacaq.
"Bizim ABŞ - la hər hansı formada iqtisadi əlaqələrimiz olmayıb və olmayacaq da... Əgər hər hansı xüsusi bir məqam yaranarsa, əsasən də təyyarə məsələsində, bir sıra məhsulların ixracında, püstə və xalçaların ixracatında, o zaman əməkdaşlıq məsələsinə baxa bilərik. Bundan əlavə ABŞ İran iqtisadiyyatının inkişafı və müasir texnologiya sahəsinə investisiya qoymaq istərsə, o zaman Amerika şirkətlərinə güzəştli şərait yarada bilərik. Hansı ki, bu şirkətlər də fəaliyyətlərini ABŞ - dan həyata keçirməyəcəklər", - deyə İran prezidenti H. Ruhani bəyan edib.