“Bu məsələ bitib” Dünya

“Bu məsələ bitib”

Georgi Kvirikaşvili: ""Qazprom"la damışıqlar sırf texniki xarakterli problemlərə aid idi, "strateji danışıqlardan söhbət getmir"

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bəyan edib ki, Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar ətrafında siyasi spekulyasiyalar bitməlidir.
Energetika naziri Kaxa Kaladzenin "Qazprom" nümayəndələri ilə apardığı danışıqlar Gürcüstanda ajiotaj yaratdı. Müxalifət nümayəndələri kəskin tənqidi çıxışlar edərək bildirdilər ki, "Qazprom"la əməkdaşlıq ölkənin enerji müstəqilliyini əlindən alacaq.
"Bu məsələ bitib, çünki söhbət hansısa strateji danışıqlardan getmir. Danışıqlar sırf texniki xarakterli problemlərin həllinə həsr olunmuşdu və mən düşünürəm ki, bununla bağlı siyasi spekulyasiyalar tamamilə əsassızdır", - Kvirikaşvili "Rustavi 2" telekanalının efirində jurnalistlərə belə deyib.
Gürcüstan "Qazprom" şirkəti ilə danışıqları Rusiya tərəfi təbii qazın Ermənistan tərəfinə ötürülməsi müqabilində qazla ödənişin əvəzində pulla ödəniş təklif edəndən sonra intensivləşdirib. Keçmiş müqavilənin müddəti 2015-ci ilin dekabr ayının 31-də başa çatıb. Eyni zamanda, Energetika Nazirliyi "Qazprom"dan kommersiya qazı almaq niyyətində olduğunu bildirib.
Gürcüstana əsas qaz ixracatçısı Azərbaycandır. Hazırda Gürcüstana Rusiya qazının nəqli yalnız Ermənistana qazın tranziti müqabilində ödəniş şəklində həyata keçirilir. Həmin şərtlər daxilində ölkəyə nəql olunan qazın 10%-i həcmində qaz ölkə ərazisində qalır. 2014-cü ildə "Qazprom" Gürcüstana 300 milyon kub metr qaz nəql edib.