Avropa Ukraynadan üz döndərir? Dünya

Avropa Ukraynadan üz döndərir?

Qərb rəsmi Kiyevə sözdə dəstək verməkdən uzağa gedə bilmir

Cavid

Qərbə istiqamət götürdüyünə görə, bu gün Ukrayna Rusiyanın işğalçılıq siyasəti ilə üzləşib. Krım artıq əldən gedib, ölkənin şərq şissələrinin də əldən gedəcək təhlükəsi var. Artıq Rusiyanın həm xarici, həm də daxili separatçı qüvvələri Ukraynanın bütün regionlarında qarşudurmalar yaratmaqdadırlar. Avropa isə Ukraynana vəd etdiyi dəstəyi göstərməkdən boyun qaçırır. Verdiyi sözün üstündə durmayan Qərb Kiyevi meydanda Rusiya ilə üə-üzə qoyub. Dəstək yalnız quru söz və vədlərdən ibarətdir.
Məsələn, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu verdiyi açıqlamasında deyib ki, Avropa Birliyi indiki vəziyyətdə Ukraynanı qəbul etməyə hazır deyil.
"Ukrayna üzvlüyə nə indi, nə də yaxın gələcəkdə hazır deyil. Ona görə də Avropa Birliyi Ukrayna kimi ölkələri qəbul etməyə hazırdır", - deyə Barrozu bildirib.
Buna baxmayaraq, prezident Kiyevin demokratiya və sabitlik yolunda irəliləməyə dəstək olacaqlarını deyib.
Pentaqon isə təsdiq edib ki, ABŞ hərbi dəniz gəmisi regiondakı avropalı müttəfiqlərə dəstək vermək üçün Qara dənizə istiqamət alıb. Gəminin bir həftə içərisində dənizə çatması gözlənilir. Amma Qərbdən Ukraynanın ərazi bütövlüyünün müdafiəsilə bağlı bəyanatlardan savayı heç bir hərəkətlilik müşahidə olunmur. Belə demək mümkünsə, Avropa indi özünün təhlükəsizliyi ilə bağlı ABŞ-ın dəstəyinə möhtac görünür. HATO hərbi imkanlarını yalnız Avropanın sərhədlərinin müdafiəsinə yönəldib.
Rusiya isə rəsmi Kiyevə xəbərdarlıq edib ki, Ukraynanın şərqində gücdən hər hansı istifadə ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər. Rusiya Xarici İşlər Nazirliyinin aprelin 8-də yaydığı bəyanatda deyilir: "Biz vətəndaş müharibəsinin başlanması riski ilə yüklənmiş istənilən hərbi hazırlığın dərhal dayandırılmasına çağırırıq".
Bəs Ukraynada baş verənlərə ehtiyatlı reaksiya Qərbin Rusiyadan qorxması deməkdirmi?
Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov deyib ki, Avropa Birliyi hələ də Rusiyadan qorxur. Avropa Birliyi müəyyənləşdirməyib ki, Rusiyanı necə görmək istərdi.
Buna cavab olaraq Avropa Komissiyasının sədri Xose Manuel Barrozo deyib: "Avropa Birliyi Rusiyanı insan haqlarına və qanunlara hörmətə əsaslanan güclü, sabit, varlı dövlət kimi görmək istəyir".
ALDP sədri Fuad Əliyev bildirib ki, Avropa ölkələrinin Rusiyanı iqtisadi blokada ilə hədələməsi adi bir proses olacaq: "Məncə bu bəyanatlardan başqa heç nə baş verməyəcək. 2008-ci ili yadınıza salın. 100 faiz Saakaşvilinin hakimiyyətini dəstəkləyən ABŞ Rusiyanı Abxaziyadan və Osetiyadan çıxarda bilmədi. İndi də belə olacaq. Avropa ölkələri Rusiyadan qaz alır. Rusiya qazın ixracını dayandırsa Avropada iqtisadi böhran daha da dərinləşər. Ona görə də bəyanatlardan başqa heç nə gözləmirəm".
Politoloq Razi Nurullayevin fikrincə isə Ukraynanın şərq vilayətlərində vəziyyətin kəskinləşməsi, onların da Rusiyaya birləşmək, müstəqil respublikaya çevrilmək iddialarının ortaya çıxması birbaşa Rusiya hakimiyyətinin senarisi əsasında baş verir. Rusiyanın məqsədi həqiqətən də şərq vilayətlərinin müstəqil olmasıdır. Rusiya, çətin ki, o vilayətləri elə bu anda özünə birləşdirsin. Amma, o vilayətlərdə siyasi gərginliyi davam etdirəcək: "Birinci məqsəd Krımın birləşdirilməsini ictimai rəydən qopararaq, bütün diqqətləri şərq vilayətlərinə yönəltmək, ikincisi isə öz təbirincə Qərbi cəzalandırmaqdır. Amma, Ukrayna hakimiyyəti qətiyyət göstərməsə həqiqətən də şərq vilayətlərini itirə bilər. Rus hərbiçilərinin Ukrayanya soxulması indiki anda baş verməyəcək. Amma, Donetsk və Xarkovda ruslar hakimiyyəti ələ ala bilərlərsə, o zaman Rusiya qoşunları onları dəstəkləmək üçün ora desant çıxara bilər.
Digər tərəfdən, yox əgər Rusiya hər şeyi göpzə alaraq şərq vilayətlərinı soxularsa, o zaman müharibə qaçılmazdır. Çox güman ki, Ukrayna ora hücum edən rus qoşunlarının başına bomba yağdıra və ölkədə hərbi vəziyyət də elan edə bilər. Bu zaman, Qərbin də Ukraynaya hərbi cəhətdən kömək etməkdən savayı yolu da qalmayacaq.
Təbii ki, Rusiya özünə bir yol seçib və bu yol keçmiş SSRİ-nin digər bir formatda gerçəkləşdirilməsidir. Rusiyanın geri çəkilməsi Putinin planlarının alt-üst olmasıdır. Həm də, digər keçmiş sovet respublikaları da bu gözdağından ibrətamiz dərs ala bilərlər. Elə buna görə də nə Qərb, nə də Rusiya çox yəqin ki, geri çəkilməyəcək. Təbii ki, bu qarşıdurmanın sonunda qalib də olmayacaq. Amma, bütün zərərləri Ukrayan ödəməli olacaq".
Politoloq bildirib ki, bu qarşıdurmadan ən az ziyanla Qərb dövlətləri çıxacaq. Onların hazırda itirdikləri bir şey yoxdur: "Lakin, Rusiya da bu mübarizədən zəifləmiş çıxacaq. Rusiyanın bütün dünyaya güc göstərəcək gücdə olması düşüncəsində deyiləm. Qərbin Rusiyanın iqtisadi dayaqlarına zərbələr endirməsi də qaçılmazdır. Amma, ortada yenə də bir qorxu var: Rusiya prezidenti içindəki "mən"ini boğa bilməyərək daha da irəli getsin. Bu zaman isə Ukrayna çox əziyyət çəkəcək, amma Rusiyanın da çöküşünün tarixi bəlli olacaq. Putin ya çökdürülmüş Rusiyada avtoritarizmini daha da gücləndirərək hakimiyyətini sürdürəcək, ya da sərvəti azalan oliqarxlar, sanksiyalar nəticəsində güzaranı psiləşmiş vətəndaşlar və Qərbin dəstəyini alan müxalifət onu hakimiyyətdən salacaq".
Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişerin "Sueddeutsche Zeitung" qəzetində yer alan məqaləsində deyilir ki, Avropa vahid siyasi güc kimi Putinə müqavimət göstərməlidir. Gözümüzün önündə Şərqi Avropa, Qafqaz və Orta Asiyada postsovet dövlət quruluşları dağılmaqdadır.
Almaniyalı siyastəçi hesab edir ki, Qərb xeyli müddətdir Putin Rusiyası ilə bağlı ilyuziyaya qapıldığından indi bu ilyuziyalar Krımda partlayır. "Sovet İttifaqının ərazilərini toplamaq Putinin çoxdankı strategiyası olub. Bu strategiyanın mərkəzində Ukrayna dururdu və indi də durur. Ukraynasız Rusiya prezidenti məqsədinə çata bilməyəcək. Məhz buna görə də Putinin növbəti hədəfi Ukraynanın şərqi vilayətləri olacaq. Bu isə Ukraynada sabitliyin uzun müddətə pozulmasına səbəb olacaq. Gözümüzün önündə Şərqi Avropa, Qafqaz və Orta Asiyada postsovet dövlət quruluşları dağılmaqdadır", - deyə o vurğulayıb.
Fişer qeyd edib ki, Avropa qitəsində sabitliyi yalnız güclü və vahid Avropanın səyləri ilə qoruyub saxlamaq mümkün olacaq.