Putin imperialist siyasətini genişləndirir Dünya

Putin imperialist siyasətini genişləndirir

Rusiya Ukrayna sərhədləri ətrafına 220 min nəfərlik hərbi qüvvə cəmləşdirib
Qərb mətbuatı ABŞ və Avropa İttifaqının Rusiyanın hərəkətlərinə qarşı qorxaq reaksiyalarını sərt tənqid edib

Cavid

Rusiyanın Krımı özünü birləşdirməsindən sonra Ukraynanı şərqində xaos yaratmaq və ölkəni parçalanması prosesini sürətləndirməsi, Qərbin isə bu prosesi sadəcə kənardan sakitliklə izləməsi onu deməyə əsas verir ki, Putin imperialist siyasətini digər dövlətlərə və onların subyektlərinə də yürüdəcək. Artıq Qərb politoloqları da rəsmi Moskvanın hədəfində daha hansı dövlətlərin ola biləcək ehtimalları irəli sürürlər.
Onu da bildirək ki, Rusiyanın heç bir ciddi maneəyə rast gəlmədən Krımı ələ keçirməsi və Ukraynanın şərq regionlarını tutmaq üçün qoşun cəmləşdirməsi keçmiş sovet respublikaları ilə yanaşı Qərbdə də böyük xof yaradıb.
Hər gün Qərb mediasında Rusiyanın Ukraynadan sonra daha hansı ölkələri tutmağa hazırlaşdığına dair nüfuzlu siyasətçilərin və diplomatların, ekspertlərin təhlilləri, qənaətləri yer alır.
Rusiya prezidenti Vladimir Putinin Krımın maneəsiz anneksiyasından ruhlanaraq daha hansı ölkələri tutacağına dair proqnozlarla çıxış edənlərdən biri də onun keçmiş müşaviri, Qərbdə nüfuza malik olan iqtisadçı Andrey İllarionovdur.
A.İllarionov İsveçin "Svenska Dagbladet" qəzetinə müsahibəsində deyib ki, Putin Belarusu, Baltik ölkələrini və Finlandiyanı da tutmağa hazırlaşır. Onun sözlərinə görə, Putin bu ölkələri ələ keçirmədən Rusiyanı genişləndirmək cəhdlərini dayandırmayacaq.
Prezidentin keçmiş müşaviri bildirib ki, Putin "tarixi ədaləti" bərpa etmək və II Nikolayın, habelə Stalinin dövrünə qayıtmaq istəyir. İsveç qəzeti xatırladır ki, Finlandiya NATO-nun üzvü deyil və Rusiyanın bu ölkəyə müdaxiləsi alyansa müdaxilə kimi qiymətləndirilməyəcək. Finlandiyanın Hərbi-Hava Qüvvələri son vaxtlar Baltik dənizi üzərində kəşfiyyat uçuşlarını gücləndirib.
A.İllarionov deyib ki, Finlandiyaya müdaxilə Putinin bu günə və ya sabaha olan planlarına daxil deyil: "Lakin onu dayandırmasalar gec-tez məsələ qalxacaq. Putin mənim iştirak etdiyim toplantılarda dəfələrlə deyib ki, bolşeviklər və kommunistlər böyük səhvə yol veriblər. O, tamamilə belə deyə bilər ki, 1917-ci ildə bolşeviklər Finlandiyaya müstəqillik verməklə Rusiyanın milli maraqlarını satıblar".
Putinin keçmiş müşavirinin sözlərinə görə, sanksiyalarla Putini dayandırmaq mümkün deyil və son sanksiyalar əksinə, ona kömək etdi. "Təcavüzü dayandırmağın yeganə yolu kollektiv müdafiədir".
"The Wall Street Journal" qəzetinin məqaləsində isə deyilir ki, Putin ikinci cəbhə açmaq haqda fikirləşir. Növbədə Moldovadır. Qəzetin yazdığına görə, Putin Krımı Moldovanın separatçı Dnestryanı bölgəsinə birləşdirmək istəyir və bu məqsədlə iki bölgəni ayıran dəhlizi - Ukraynanın cənub bölgələrini ələ keçirəcək.
Amerika kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Ukrayna sərhədləri yaxınlığında hərbi səhra hospitalı yaradılıb və əsgərlərə əlavə ərzaq payı verilib.
Putinin Ukrayna sərhədlərində silah silkələməsinin məqsədi 500 min etnik rusun yaşadığı Dnestryanı bölgəni tutmaqdır. Ukraynanı isə başqa ssenari narahat edir. Dnestryanı bölgənin paytaxtı Tiraspol Odessanın yaxınlığında və Krımdan cəmi 300 kilometr məsafədə yerləşir. Putin Krımı ələ keçirəndən sonra onu Dnestryanı bölgə ilə birləşdirən dəhlizə də iddia edə bilər.
"Əgər Putin bu planını həyata keçirməyə qərar versə, onu və qoşunlarını heç nə dayandıra bilməyəcək" - deyə qəzet yazır.
Qərb mətbuatında ABŞ və Avropa İttifaqının Rusiyanın hərəkətlərinə qarşı qorxaq reaksiyaları da geniş tənqid olunur, prezident Barak Obamanın məğlublara xas tonda danışdığı bildirilir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Stiven Sestanoviç isə "The New York Times" qəzetində dərc edilmiş məqaləsində Putinin "vicdansız stavkası" haqda yazır.
Nüfuzlu amerikalı diplomat, keçmiş SSRİ üzrə ekspert bildirir ki, Putin Krımı ələ keçirəndən sonra Ukraynanın şərq regionlarını tutmaq planının icrasına başlayıb. Lakin o, kifayət qədər hiyləgər taktikadan istifadə edir. Putin Ukrayna sərhədlərinə qoşun cəmləşdirir və indi Qərb rus qoşunlarını sərhəddən geri çəkmək üçün onunla danışıqlar aparır.
Rusiya prezidenti qoşunların bir hissəsini geri çəkərək Qərbin sanksiyalarının növbəti mərhələsinin qarşısını alacaq. Eyni zamanda o, Ukraynanın federallaşması planını irəli sürür və ölkənin şərq regionlarında separatçı çağırışları dəstəkləyir.
Ukraynada cərəyan edən məlum hadisələr burada istənilən an genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyini, ölkənin Rusiya və Qərb arasında əsgəri poliqona çevriləcəyini göstərir. Hazırda hərbi üstünlüyün Rusiyanın tərəfində olması da aydın sezilir. Moskva Ukrayna sərhədləri ətrafına 220 min nəfərlik hərbi qüvvə cəmləşdirib.
Ukraynanın özünün daxilində də Rusiya hərbçilərinin sayı az deyil. Belə ki, Rusiya tərəfdarı hərbi qüvvələrin Krım regionuna toplaşdığı bir vaxtda Kiyev rəsmiləri regionda böyük sayda əsgəri qüvvənin mövcud olduğunu bildirib.
Ukrayna hərbi qüvvələrinin yarıhərbi dəstələrin təlimdən qayıtdığı haqda yaydığı video görüntülər ölkədə qarşdurmanın daha da dərinləşdiyini göstərir. ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Ceffri baş verənləri belə şərh edir: "Hərbi addımların atılması olduqca ciddidir, burada artıq son siqnal göndərilir. Birləşmiş Ştatların hərbi təlimlər keçirmək üçün Polşa-Ukrayna sərhədinə əsgəri qüvvə göndərməsinin vaxtı gəlib çatıb. Quru qüvvələr Şərqi Avropada bizim NATO müttəfiqlərimizi müdafiə etmək niyyətində olduğumuzu göstərir. Məsələn, NATO üzrə Polşa kimi müttəfiqin müdafiəsi nəzərdə tutula bilər".
Polşanın Birləşmiş Ştatlardakı səfiri Riçard Şnepf Rusiya tərəfdarı qüvvələrin Krımda təcavüzünün bütün region üçün təhlükə törətdiyini deyir: "Biz hazırda Ukraynadakı vəziyyəti suverenliyimizə birbaşa təhlükə hesab edirik və vəziyyət Kremlin nəzərincə həll edildikdən sonra Moldova və mümkündür ki, başqa ölkələr hədəfə çevriləcək".
Litva Prezidenti Dalya Qribauskayte Rusiyanın hazırda Pribaltika dövlətlərinə olan təhlükəsini xüsusilə qeyd edib. Apollo.lv saytına istinadən verdiyi məlumata görə, Litva prezidenti hazırda Rusiyanın Ukraynada yürütdüyü siyasətdən bərk narahatdır. Belə ki, Rusiyanın həm Ukrayna, Moldova, Polşa və Pribaltika dövlətlərində güclü diaspor fəaliyyətinin olduğunu vurğulayıb. Bundan əlavə, Rusiyanın Kalininqradda yerləşən hərbi bazalarında dəfələrlə hərbi təlim məşq keçirilməsi və Pribaltika sərhədlərinin havadan və qurudan pozulması buna əyani misaldır. Prezidentin parlamentarilər qarşısında son sözü- Rusiya Avropa üçün böyük təhlükə mənbəyinə çevrilmişdir və bunun qarşısı alınmalıdır.
İsveç kəşfiyyatı isə Rusiyanın müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq edib.
İsveç dövlət təhlükəsizlik xidməti (SAPO) bəyan edib ki, Ukraynada böhranın artması ilə Rusiya İsveçdə kəşfiyyat fəaliyyətini genişləndirib.
SAPO-nun məlumatına görə, hazirda İsveç ərazisində ən çox kəşfiyyat aparan ölkələr Rusiya, Çin və İrandır.
"Rusiya hər şeylə maraqlanır. Siyasət, texnika, iqtisadiyyat və hərbi informasiya toplayır. Rusiya İsveçdə geniş kəşfiyyat maraqları olan ölkələrdən biridir", - deyə İsveç kəşfiyatının baş analitiki Vilhelm Unqa bildirib.
Analitikin fikrincə, Rusiyada hərbi fəaliyyət üçün hazırlıq gedir. Bu məqsədlə ruslar telefon danışıqlarını dinləmək, insanları ələ almaqla məşğuldur. Rus kəşfiyyatı informasiya toplamaqda məqsədi həm də ictimai rəyə təsir etməkdir".
İsveçin müdafiə naziri Karin Enstrom Rusiyanın Avropanı təhlükə altında saxladığını bildirib: "Krımın Rusiyaya birləşməsindən sonra 2020-ci ili gözləmək lazım deyil. İsveç hava müdafiə sisteminin təkmilləşdirilməsini sürətləndirmək və raketlərlə təchiz etməyə ehtiyac var".
Ekspert Hüseynbala Səlimovun fikrincə Rusiya mediasının fəaliyyəti indi geosiyasi mərkəzin işini xatırladır. Deyəsən, "SSRİ oyunu" adi ritorika olmaqdan kənara çıxaraq ciddi çalarlar alır: "Adam buna inana bilmir, daha doğrusu, inanmaq istəmir. Amma 230 il bundan əvvəl çariça 2-ci Yekaterinanın (Catherine) manifesti ilə Rusiyaya birləşdirilən Krım bu dəfə V.Putinin siyasəti nəticəsində ilhaq edildi. Üstəlik, Krımın ardınca Ukraynanın şərq regionları da Rusiyaya birləşmək üçün referendumun keçirilməsini tələb edirlər. Rusiyanın özü isə Ukrayna ilə bağlı danışıqlarda iki əsas şərt irəli sürür: Krımın Rusiyaya birləşdirilməsinin tanınması və Ukraynanın federallaşması. Amma indi siyasətçiləri və təhlilçiləri daha çox Rusiyanın ilhaq siyasətinin başqa ölkələrə doğru genişlənməsi narahat edir. Bu, o demək deyil ki, Ukrayna artıq bitmiş məsələ hesab edilir. Yox, o, bitməyib və dünya birliyi hələ də Rusiyanın bu istiqamətdəki təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmağa cəhd edir.
Amma Rusiyanın təcavüzkar siyasətinin genişlənməsi təhlükəsi var. Bu günlərdə NATO rəsmisi bildirmişdi ki, indi Alyans qarşısında duran əsas məsələ Moldovanın təhlükəsizliyinin təmin edilməsidir. Yada salaq ki, bu ölkədə də bir real (Dnestryanı Respublika), bir də potensial (Qaqauz) etnik münaqişə ocağı var. Onların hər ikisinin lideri Krım ssenarisini təkrarlamaqda israrlıdır. Çox güman ki, hələ Moskvadan siqnal gözləyirlər. NATO və Qərb dövlətləri buna imkan versələr onların siyasi reputasiyası xeyli sarsılacaq və digər keçmiş sovet ölkələri bunu görərək, Rusiyaya daha möhkəm "sığınacaq".
Ekspert bildirib ki, hazırda Rusiya, Belarus və Qazaxıstan arasında "yeni birliy"i imitasiya etmək cəhdləri duyulur. Ona görə "birliyi imitasiya etmək cəhdləri" deyirik ki, indiki şəraitdə Rusiya kiminləsə həqiqi və səmimi siyasi ittifaq qurmaq iqtidarında deyil, o, yalnız haranısa ilhaq edə bilər: "Belə potensial ünvanlardan biri də elə Qazaxıstanın özüdür. Onun daha çox rus əsilli əhali məskunlaşan şimal hissələri Rusiyanın təcavüzkar planlarının obyekti ola bilər. Elə Qazaxıstanı Rusiya ilə daimi "izdivac"da bulunmağa vadar edən əsas səbəb də budur. Baxmayaraq ki, bəzi rusiyalı təhlilçilər çoxdan Ukraynanı Qazaxıstanla "əvəz" etməyi təklif edirdilər. Onlar yazırdı ki, Ukrayna onsuz da nə vaxtsa Avropa ölkəsi olacaq və Rusiya bunun qarşısını ala bilməyəcək. İndi bu prosesə start verilib. Amma Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri də "ikili siyasi oyun" aparmaqda davam edirlər. Bunu Krımla bağlı BMT-də keçirilən səsvermə zamanı duymaq olardı. Bu ölkələrin bəzisi hətta əvvəl verdikləri birmənalı dəstək bəyanatlarından çəkinərək, BMT-dəki səsvermə zamanı bitərəf qaldılar".