ABŞ əl-ayağa düşüb Dünya

ABŞ əl-ayağa düşüb

Kerri Suriya məsələsində Səudiyyə Ərəbistanının dəstəyini almağa çalışır

Cavid

ABŞ Dövlət katibi Con Kerri bu həftə Vyanada regional böhranla əlaqədar daha geniş tərkibdə danışıqlardan öncə Suriya hökumət qüvvələri və üsyançılar arasında atəşkəsə Səudiyyə Ərəbistanının dəstəyini almağa çalışır. Kerri Suriyada "kövrək atəşkəsi" Səudiyyə Ərəbistanının kral Salmanla bazar günü müzakirə edib. Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşar Əsədi hakimiyyətdən devirmək uğrunda mübarizə aparan üsyançılara dəstək verən əsas ölkələrdən biridir.
Səudiyyə Ərəbistanının xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın baş diplomatı Suriyada vəziyyəti səudiyyəli həmkarı Adel Əl-Cubeyrlə müzakirə edib. Bu görüşlərdən sonra Kerri Vyanaya yollanacaq. Burada o, İtaliyanın xarici işlər naziri Paolo Centiloni ilə təhlükəsizlik və Liviyanın yeni hökumətinə dəstək məsələlərinin müzakirə ediləcəyi xarici işlər nazirləri səviyyəsində görüşdə iştirak edərək.
Qərb qüdrətləri Liviyanın Milli Birlik hökumətinin 2011-ci ildə Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra hərcmərclik dövrünü yaşayan ölkədə birlik yarada biləcəyinə ümid edir. Vyanada Suriyaya Beynəlxalq Dəstək Qrupu dayandırılmış siyasi danışıqlar, fevralda əldə edilmiş atəşkəsin saxlanması və BMT-nin humanitar yardımının çatdırılmasında yaranmış problemləri müzakirə etmək üçün görüş keçirəcək. Lakin buna baxmayaraq, Suriya hökumət qüvvələrinin son günlər irəliləişləri müharibəyə son qoymaq üçün ümidverici siyasi danışıqların başladılması səylərinə mane ola bilər.
"Suriyada bütün tendensiyalar düz istiqamətdə getmir"- deyə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib. O bu açıqlamanı ABŞ Dövlət katibinin Suriya və Liviyada vəzliyyətin müzakirə edilməsi məqsədilə Yaxın Şərq, Avropa və Asiya ölkələrinə iki həftə sürəcək səfərə başlamasından öncə verib.
ABŞ və Rusiya fevral ayında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılığın pozulmaması üçün Suriyanın müxtəlif bölgələrində atəşkəsə nail olunması səylərini aprel ayının sonralarında intensivləşdirməyə başlayıb. Hökumət qüvvələri və üsyançılar arasında aparılan hərbi əməliyyatların azaldığı müşahidə edilsə da, tərəflər arasında gərginliklər davam edir.