İrəvana vaxt verildi Dünya

İrəvana vaxt verildi

Rusiyanın Qarabağ təklifi

Cavid

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə Varşavada görüş ehtimalını şərh edən politoloq Qabil Hüseynli deyib ki, Qarabağla bağlı təşəbbüs bütünlüklə Rusiyanın əlindədir.
Sabiq dövlət müşaviri ABŞ və Rusiya arasında müəyyən bir razılaşmanın olduğunu və buna uyğun olaraq da Putindən sonra danışıqların estafetini Qərbin qəbul etdiyini istisna etməyib:
"Bu, mümkün bir ehtimaldır. Ancaq Qarabağla bağlı təşəbbüs bütünlüklə Rusiyanın əlindədir. Ortaya çıxarılan sənəd isə Lavrov planıdır və müzakirələr bu fonda gedəcək. Qarabağın azad olunması ilə bağlı yol xəritəsi də məhz bu plana uyğun hazırlanıb. Ola bilsin, bu plan Sankt-Peterburqda masada olub. Lavrov planı Kazan razılaşmasının müəyyən qədər redaktə edilmiş variantıdır. Danışıqlar üçün əsas rol oynayacaq sənəd məhz Rusiyanın təklif etdiyidir. Hazırkı danışıqlar mərhələsi kompromislər prosesidir. Azərbaycan onun üçün məqbul olmayan müddəalara etirazını bildirəcək. Görünür, Dağlıq Qarabağın statusu ilə bağlı fikir ayrılıqları var. Azərbaycan Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır, o şərtlə ki, bu ölkənin unitar quruluşunu pozmasın. Ona görə də bundan sonra danışıqlar çox gərgin keçəcək. Ermənilərsə bunu çox yaxşı bilirlər. Sərkisyan hazırda Qarabağdadır. Güman edirəm ki, ortaq məxrəcə gəlmək üçün qarşıda xeyli əziyyət çəkmək lazım gələcək. Buna görə də Varşava görüşü haqda birmənalı fikir söyləməkdə çətinlik çəkirəm".
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Sankt-Peterburqda üçtərəfli görüşü baş tutub. Görüşdə danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa gəlinib.
Erməni tərəfi isə prezidentlərin növbəti dəfə Varşavada NATO-nun sammitində bir araya gələcəyini bildirir.
Politoloq İlqar Vəlizadə isə qeyd edib ki, tərəflər Sankt-Peterburqda Rusiyanın təkliflərini nəzərdən keçiriblər, sadəcə, konkret razılıq olmadığına görə hazırda prosesin ilkin mərhələsindədirlər.
Ekspert Azərbaycan prezidentinin Rusiyada Bakını narahat edən məsələlərdən danışdığını xüsusilə qeyd edib:
"Yəni söhbət erməni qoşunlarının geri çəkilməsindən və torpaqların azad edilməsindən gedir. Deməli, Rusiyada hansısa bir Qarabağ planı nəzərdən keçirilib. Sözügedən plan isə həm Minsk Qrupunun təkliflərində, həm də Madrid prinsiplərində öz əksini tapıb. Bu, birmənalı olaraq mərhələli həll planıdır. Hətta son vaxtlar Rusiyanın rayonların boşaldılması ilə bağlı ərsəyə gələn müəyyən təklifləri də çox güman ki, burada yer alır. Azərbaycan heç vaxt paket həll variantı ilə razılşamayacaq. Görüşdə konkret razılıq olmadığına görə tərəflər hazırda prosesin ilkin mərhələsindədir. Qarabağ məsələsi ilə bağlı müzakirələr də sırf bu istiqamətdə olub".
Politoloqun sözlərinə görə, əgər ermənilər mərhələli həll planını açıq şəkildə dilə gətirsələr, ölkədə iğtişaşlar baş qaldıracaq və Sərkisyan devriləcək:
"Ermənistana konkret addımların atılmasına dair vaxt verilib. Əgər İrəvan Qarabağla bağlı təklifləri qəbul etsə, Varşavada növbəti görüş baş tutacaq və bu görüşün gündəliyini daha konkret - mərhələli həll planı, torpaqların azad olunması, qaçqınların geri qayıtması və digər məsələlər təşkil edəcək".
Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.
Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan PA rəsmisinin bu açıqlamasına münasibət bildirib və razılığın əldə olunmadığını deyib. Ancaq eyni gündə Ermənistan mətbuatı NATO-nun iyulun əvvəlində Varşavada baş tutacaq sammitində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə görüşə biləcəyindən yazıb.