“Türkiyənin Suriyaya daxil olması ciddi mesajdır” Dünya

“Türkiyənin Suriyaya daxil olması ciddi mesajdır”

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan Suriyanın Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün keçirilən əməliyyata münasibət bildirib.
Əlillərlə görüşdə çıxış edən Ərdoğan deyib ki, ordu Suriyanın şimalında Türkiyəni təhdid edən İŞİD və PKK-nın Suriya qolu PYD kimi terror təşkilatlarına qarşı əməliyyata başlayıb: "Ölkəmizə hücumlar işi bu nöqtəyə gətirdi. Biriləri bizə meydan oxuyur ki, Türkiyə Suriyaya daxil olsa, pis olacaq. Sizə nə olacağına baxın! Türkiyəyə qarşı təhdid yaradan kim olursa olsun, ordumuz, polisimiz onun qarşısındadır. Qaziantepdə 53 vətəndaşımızın şəhid edilməsinin hesabını ağır ödəyəcəklər. Dünya terroru sadəcə qınayır, seyr edir. Heç bir dövlətin etmədiyini biz Suriya üçün etdik. Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır. PKK-nı, İŞİD-i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər. Vətənimizi parçalaya, bu dövləti, xalqı diz çökdürə, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz. Biz Yaxın Şərqlə, Qafqazla bir əsr əvvəl bir yerdə olduğumuzu unuda bilmərik, onlara arxa çevirə bilmərik".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu is bəyan edib ki, ölkənin cənubundan İŞİD terror təşkilatının izi silinəcək
Çavuşoğlu Azad Suriya Ordusunun da əməliyyata qatıldığını bildirib: "Ankaradakı son 2 terroru həyata keçirənlər Suriyadakı PKK düşərgələrindən gəldi. Salih Müslüm, PKK-nın Suriya qolu PYD niyə narahat oldu? Bu narahatlıq indiyə qədər Türkiyənin dost dövlətlərə anlatdıqlarının haqlı olduğunu göstərir. PYD-nin məqsədi Suriyanı parçalamaq, kantonlar qurmaq olmasaydı, niyə narahat olurdu? PYD qüvvələri Fərat çayının şərqinə doğru geri çəkilməlidir. ABŞ da bizə Münbic əməliyyatı zamanı bu barədə söz vermişdi. Əks təqdirdə, Türkiyə lazım olan addımı atacaq. Bizim məqsədimiz Türkiyəyə qarşı təhdidləri aradan qaldırmaqdır. Əgər PYD terroru, silahı buraxacaqsa, Suriyanın ərazi bütövlüyünün tərəfdarıdırsa, narahat olmamalı idi. Bu gün PYD, PKK getdikləri hər yerdə başqa etnik qrupları köçməyə məcbur edir. İranda PJAK, Türkiyədə PKK, Suriyada PYD eynidir, getdikləri yerlərdə başqa etnik qrupları, özləri kimi düşünməyən kürdləri belə o ərazilərdən deportasiya edirlər. Bizim İŞİD-dən azad etdiyimiz ərazilərdən isə heç kim köçürülməyəcək, kimlər yaşayıbsa, orada yaşamağa davam edəcək".
Türkiyənin Daxili İşlər naziri Əfqan Ala mətbuata açıqlamasında əməliyyatların Türkiyəyə qarşı təhdidlər aradan qalxana qədər davam edəcəyini bildirib..
Nazirin sözlərinə görə, terror təşkilatlarının Türkiyəni təhdid etməsinə imkan verilməyəcək: "Buna imkan verən şərait aradan qaldırılacaq. Görülən iş budur. Suriyanın bu bölgəsində Türkiyəyə qarşı artıq yaxın təhlükədən deyil, açıq, hazır təhlükədən söhbət gedir".
Türkiyə Suriyada hərbi əməliyyatlara başlamasını dəyərləndirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ankaranın bu addımı bir qədər gecikib: "Suriyadakı proseslərin mənfi təsiri ən çox Türkiyəyə dəyirdi. Bu müddət ərzində İran, Rusiya, ABŞ Suriyadakı hərbi varlığını qoruyurdu. Yalnız Türkiyə hərbi varlığını ortaya qoymamışdı. Hansı ki, Suriyadakı vəziyyətdən ən çox zərər çəkən tərəf idi. Doğrudur, hərdənbir bombalamalar həyata keçirirdi. Ancaq, bununla Suriyada oyunçu olmaq mümkün deyil. Ona görə də quru əməliyatlarının keçirilməsi lazımlı idi və artıq Türkiyə bunu edir".
Əməliyyatdan Türkiyənin qazancı nədir sualına isə politoloq belə cavab verib: "Türkiyə bu əməliyyatı həyata keçirməklə Suriyada hərbi varlığını ortaya qoydu. Eyni zamanda Suriyada kürd bölgəsinin yaradılmasına imkan verməyəcəyini ortaya qoydu. Bu çox ciddi mesajdır".
Elxan Şahinoğlunun fikrincə, Türkiyənin bu fəallığı bütün dövlətlərin maraqlarına uyğundur: "Türkiyənin bu əməliyyatlara başlaması Rusiya və İranın da maraqlarına cavab verir. Çünki, Türkiyənin Suriyadakı quru əməliyyatlarını həyata keçirməkdə əsas məqsədi bu ölkənin ərazi bütövlüyünü qorumaqdır. Bu Suriya prezidenti Bəşər Əsədin də maraqlarına xidmət edir. Baxmayaraq ki, onun Türkiyə və prezidenti ilə ciddi fikir ixtilafları var. Amma, Əsəd də bilir ki, Türkiyənin bu əməliyyatlartı həyata keçirməkdə məqsədi Suriyanı parçalamaq yox, onun ərazi bütövlüyünü qorumaq, İŞİD və silahlı kürd varlığını ortadan qaldırmaqdır. Əgər İŞİD üzərində Türkiyə qələbə çalarsa, bölgədə nəzarətini gücləndirərsə, beynəlxalq aləm Suriyada Türkiyənin aktiv oyuncu olacağını qəbul edəcək".
Politoloqun sözlərinə görə, əməliyyatlar bölgədə qüvvələr nisbətinə təsir edəəck: "Böyük dövlətlər Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalcaqlar. Çünki, Türkiyə ordusu bölgədə möhkəmləndikdən sonra bir müddət oradan çıxmayacaq. Buna görə də böyük dövlətlər Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalacaqlar. Hesab edirəm ki, Türkiyə bu ərazindən terrorla mübarizəni daha aktiv şəkildə həyata keçirə bilər".
Xatırladaq ki, Suriya Xarici İşlər Nazirliyi dünən Türkiyə Ordusunun "Fırat Kalkanı" əməliyyatı adı altında Suriyaya daxil olmasını pisləyən bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Türkiyə tanklarının Suriyaya daxil olması bu ölkənin suverenliyinin pozulması deməkdir və Suriya bunu sərt şəkildə qınayır.
XİN Türkiyənin Suriyaya qarşı təcavüzünün qarşısını alması üçün BMT-nin tədbir görməsini tələb edib.