Assanc Klintonu “bitirə” bilər? Dünya

Assanc Klintonu “bitirə” bilər?

"The Express" yazır ki, WikiLeaks saytının yaradıcısı Julian Assanc ABŞ seçkilərinə lap az qaldığı bir vaxtda demokrat namizəd Hillari Klintonu "bitirə bilər". Məqalədə deyilir ki, Assanc oktyabrın 4-də WikiLeaks saytının on illiyinə həsr edilmiş konfransa videoəlaqə vasitəsilə müraciət etməlidir. 45 yaşlı Assanc Berlində keçirilən konfransa dörd ildən bəridir ki, Ekvador səfirliyində tapdığı sığınacaqdan müraciət edəcək.
"The Express" yazır ki, Assancın müraciəti təhlükəsizlik mülahizələri ilə ləğv oluna bilər. Məqalədə deyilir ki, Berlin tədbirinə yaxın mənbələr Assancın ABŞ Demokrat Partiyası ilə bağlı ifşaedici faktlar açıqlaya biləcəyini söyləyiblər. Assanc uzun müddətdən bəridir ki, xanım Klintona dair xoşagəlməz faktları açıqlayacağı ilə hədələyirdi. Buna baxmayaraq sözü gedən informasiyalar hələlik açıqlanmayıb. "The Express" yazır ki, Hillari Klintonun rəqibləri belə bir informasiyanın açıqlanacağına ümid edirlər. Bununla belə, bəzi təhlilçilər belə informasiyanın mövcudluğuna inanmırlar. Donald Trumpın tərəfdarı və siyasi müşaviri Roger Stone Twitter hesabından yazıb ki, açıqlamalar xanım Klintonun seçki kampaniyasını məhv edə bilər.
Bu arada xanım Klinton ilk televiziya debatından sonra keçirilmiş rəy sorğularına liderlik edir. CNN telekanalının keçirdiyi sorğuya görə Hillari Klinton debatda 62 faiz dəstəklə qalib gəlib. Rəyi soruşulanların yalnız 27 faizi Trumpın qalib olduğunu bildirib. "The Express" yazır ki, orta rəy sorğusu nəticəsinə görə keçmiş birinci ledi elektoratın 47, 5 faizinin, Trump isə 45 faizinin dəstəyinə malikdir. Məqalədə deyilir ki, Assange və onun tərəfdarları xanım Klintonun kampaniyasına təşkil etdikləri hədəyə görə təhlükə ilə üzləşdiklərini deyirlər. WikiLeaks saytının redaktoru artıq dörd ildir ki, Ekvadorun London səfirliyində ekstradisiyadan gizlənir.