Qətnamənin qəbulu gərginlik yaradıb Dünya

Qətnamənin qəbulu gərginlik yaradıb

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Suriyanın Hələb şəhərində yeddigünlük atəşkəsə çağıran qətnaməni bloklaması məyyən gərginliklər yaşadıb. ABŞ və Britaniya nümayəndə heyətləri Rusiyanı Hələbdə dinc sakinlərin ölümləri bahasına öz hərbi üstünlüyünü saxlamaq cəhdində ittiham ediblər. Suriya müxalifətinin koalisiyası bəyan edib ki, bu səsvermədən sonra atəşin dayandırılması ayrılıqda hər bir TŞ üsvünün öz ixtiyarındadır.
Qətnamə layihəsində deyilirdi ki, Hələb şəhərinə təcili qaydada humanitar yardımın çatdırılması üçün Suriya münaqişəsinin bütün tərəfləri hücum əməliyyatlarını dayandırmalıdırlar. Moskvanıln veto hüququndan istifadəsi barədə məsələni şərh edərkən Rusiyanın BMT TŞ-dəki nümayəndəsi Vitali Çurkin deyib ki, qətnamə ABŞ-ın təşəbbüsü idi və Vaşinqton onun qəbul edilməsi üçün üzv ölkələrə təzyiq göstərirdi.
Rusiya diplomatı bildirib ki, Hələbdə barışığın əldə edilməsi üçün dialoq yalnız iki ölkə - ABŞ və Rusiya arasında aparılır və yalnız bu ölkələrin danışıqları "konkret nəticələrə" gətirib çıxara bilər. "Dövlət katibi John Kerry bizim xarici işlər nazirimiz Sergey Lavrovla konkret nəticələr üçün danışıqlardadır və elə ki, onlar razılaşmaya yaxınlaşırlar, kimsə, adətən Vaşinqtonda, ya müdafiə nazirliyi, ya da başqa Amerika agentlikləri onların ətəyini dartmağa başlayırlar" - deyib Çurkin.
ABŞ və Britaniya nümayəndələri öz növbələrində bildirirlər ki, qətnaməyə veto qoyulmasının əsas səbəbi Rusiyanın Bəşər Əsəd qoşunlarının son günlərdə əldə etdiyi hərbi üstünlüyün qorunub saxlanması cəhdi olub. Son günlərdə Suriya hökumət qoşunları üsyançıları Hələbin əksər hissələrindən vurub çıxarıblar. Qətnamə layihəsinin müzakirəsi zamanı Britaniya nümayəndəsi Matthew Rycroft deyib ki, Rusiya və Çin "öz xalqının yarım milyon əhalisini qətlə yetirmiş despotu dəstəkləyiblər". Bəzi təhlilçilər bildirirlər ki, Moskva Suriyaya dair danışıqları yalnız ABŞ-la apardığını bəyan etməklə Rusiyanı "ikiqütblü dünyanın iki qütbündən biri kimi" təsdiqləməyə can atır. Ötən həftə Rusiya prezidenti Vladimir Putin "birqütblü dünyanın" başa çatdığını elan etmişdi.