Rus ekspert: “Suriya Moskvada bölünür” Dünya

Rus ekspert: “Suriya Moskvada bölünür”

"Nə Rusiya, nə İran, nə də Türkiyə Suriyanı itirmək istəyir".
Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı tarixçi Andrey Zubov paylaşıb. Moskvada ortaq razılaşma imzalandığına şübhə etməyən Zubov bunun ancaq Suriyanın bölünməsindən keçdiyini bildirib.
"Moskvada üç ölkənin xarici işlər nazirləri Suriya ilə bağlı danışıqlar aparırlar. Böyük ehtimalla əsas müzakirə mövzusu ölkənin parçalanmasıdır. Parçalanma dövlətin bölünməsi şəklində yox, daha çox təsir zonasına bölünməsi şəklində olacaq. Əsəd Suriyanın şimalından, böyük ehtimalla, Hələbdən də getməli olacaq. Sözsüz ki, ona Latakiya və Dəməşq veriləcək. Cənub vilayətlərinin taleyi isə problematikdir. Bəlkə də üç ölkə bununla bağlı razılaşmaya gələ bilməyəcək. Belə olan halda gələcək qeyri-müəyyən qalacaq. Ərdoğanın imperiya və sünni ideyası Putinin ruslar və pravoslav dünya ideyasına bənzəyir. Osmanlının bir parçası olan sünni Suriyanı İrana vermək Putinin Krım, Donbas, Abxaziyanı itirməsi kimi bir şeydir. İrana gəlincə isə onun üçün Suriya artıq çoxdan yeni əyalətdir. Onu türklərə vermək ayətullah üçün öz simasını itirmək deməkdir", - Zubov qeyd edib.
Xatırladaq ki, ötən gün Moskvada Türkiyə, Rusiya və İran XİN rəhbərləri Suriya münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüş keçirib.