Rusiyada təyyarə qəzası Dünya

Rusiyada təyyarə qəzası

Meyitləri tapmaq üçün Qara dənizdə irimiqyaslı axtarış gedir

Göyərtəsində 92 nəfər daşıyan Rusiya hərbi təyyarəsi Qara dəniz üzərində qəzaya uğrayandan sonra Rusiya "sutka ərzində" irimiqyaslı axtarış əməliyyatını davam etdirir.
Soçi yaxınlığında əməliyyatı aparmaq üçün onlarla gəmi, helikopter, təyyarə və sualtı qayıqlarla 3500-ə yaxın insan əməliyyata cəlb olunub.
Suriyaya uçan Tu-154 təyyarəsinin göyərtəsində Aleksandrov Ansamblının 64 üzvü, 9 jurnalist, 8 əsgər, 2 dövlət qulluqçusu, bir QHT nümayəndəsi və 8 ekipaj üzvü olub.
Təyyarədə olanların hamısının öldüyü ehtimal olunur. Bazar ertəsi milli matəm günü elan olunub.
109 nəfər dalğıc da daxil olmaqla əməliyyat qrupu bütün gecəni işləyib, Rusiya rəsmiləri deyir. Müdafiə nazirliyi sözçüsü, general-mayor İqor Konaşenkov bir qədər əvvəl deyib ki, əməliyyat "fasiləsiz" davam etdirləcək.
O əlavə edib ki, indiyə qədər 11 nəfərin meyiti və təyyarənin "154 hissəsi" tapılıb.
Axtarışlarda təyyarənin qalıqlarını tapmaq üçün güclü projektorlardan istifadə olunub.
Rəsmilər deyib ki, axtarışın əhatə dairəsi sahildən 10.5 kvadrat kilometr uzaqlıqda olan hissəni əhatə edir.
"Tu-154 təyyarəsinin qalıqları Soçinin Qara dəniz sahillərinin 1.5 kilometrliyində, 50-70 metr dərinlikdə tapılıb", müdafiə nazirliyinin bəyanatında deyilir.
Jurnalistlərin baş vermiş qəzanın terror hücumu olub-olmaması ilə bağlı sualına cavab olaraq Rusiya nəqliyyat naziri Maksim Sokolov deyib ki, müstəntiqlər baş vermiş hadisənin səbəblərini "bütün spektordan" araşdırırlar.
Lakin o vurğulayıb ki, indi hər hansı qərar vermək çox tezdir.
Təyyarə Soçidən Bakı vaxtilə 06.25-də uçuşa başladıqdan iki dəqiqə sonra radarlardan itib. Moskvadan qalxan təyyarə Soçinin Adler hava limanında benzin doldurulması üçün dayanmışdı.
Aleksandrov hərbi Orkestri Suriyada yerləşən rus qoşunları üçün Yeni İl konserti vermək üçün yola çıxmışdı.
Rusiya mediasında yayılan səs yazılarına görə, hava nəzarətçisi ilə təyyarə heyəti arasında ünsiyyətində hər hansı çətinliyin yaranması haqda narahatlıq olmayıb və təyyarə radarlardan itənə qədər səslər çox sakit olub.
Rusiya rəsmiləri deyib ki, hava şəraiti uçuş üçün münasib olub. Təyyarə 1983-cü ildən istifadəyə verilib.
General-mayor İqor Konaşenkov deyib ki, təyyarəni idarə edən pilot "çoxillik təcrübəsi" olub. O əlavə edib ki, təyyarə sonuncu dəfə sentyabr ayında təmirdən çıxıb.
Müdafiə nazirliyinin açıqladığı sərnişin siyahısında 64 Aleksandrov Ansamblının üzvünün adı var.
"Doktor Liza" kimi tanınan humanitar fəal Yelizaveta Qlinkanın da adı sərnişinlər siyahısındadır
Bundan başqa, göyərtədə doqquz jurnalist, səkkiz əsgər, iki dövlət qulluqçusu, QHT nümayəndəsi və səkkiz ekipaj üzvü olub.
Rusiya, Suriya prezidenti Bəşər əl-Əsədə müxalif olan üsyançı qruplara qarşı döyüşdə hökumət qüvvələrinə dəstək üçün hava hücumundan zərbələr endirir.