Türkiyədə daha 10 min sosial media istifadəçisi “şübhəli“ bilinir Dünya

Türkiyədə daha 10 min sosial media istifadəçisi “şübhəli“ bilinir

"The İndependent" yazır ki, Türkiyənin Daxili İşlər Nazirliyi hazırda "terrora dəstəkdə" şübhəli bilinən 10 minədək sosial media istifadəçisinin fəaliyyətini araşdırır.
Məqalədə deyilir ki, son altı ayda bu ölkədə sosial media platformalarında "terroru dəstəkləməkdə" və ya rəsmiləri təhqir etməkdə ittiham edilmiş 1656 nəfər həbs olunub.
İndi isə Daxili İşlər Nazirliyi daha 10 min adamın bu kimi fəaliyyətdə şübhəli bilindiyi barədə bəyanat yayıb.
Bəyanatda deyilir ki, artıq indiyədək 3710 nəfərə qarşı cinayət işi qaldırılıb. 1203 nəfər şərti cəza ilə sərbəst buraxılıb.
767 nəfər ittiham irəli sürülmədən azad olunub. 84 nəfər hələ də polis məntəqələrində saxlanır.
Həbs edilənlərə qarşı "insanlar arasında ədavət salmaq, terrorçu təşkilatları tərifləmək, terrorçu qruplara aid olduqlarını açıq bəyan etmək, terrorçu təbliğat aparmaq, dövlət məmurlarını təhqir etmək və dövlətin bütövlüyünə və vətəndaşların təhlükəsizliyini hədəfləmək kimi ittihamlar irəli sürülüb.
Türkiyə iyul ayında baş vermiş uğursuz çevriliş cəhdinin ardınca minlərlə insanı həbs edib, 10 minlərlə insanı isə terrorçu qruplaşmalarla əlaqədə şübhəli bilindiklərinə görə işlərindən çıxarıb.
Hökumət repressiyaları terrorizmin qarşısının alınması tədbirləri kimi təqdim etsə də, insan haqları qrupları Ankaranı öz opponentlərini hədəfləməkdə günahlandırır.
"The İndependent" yazır ki, Türkiyədə sosial media saytlarına giriş tez-tez bloklanır. Hökumət bunu ictimai asayişin qorunması tədbiri kimi qələmə verir.
Ötən cümə günü özünü İslam Dövləti adlandıran təşkilat iki türk əsgərin diri-diri yandırıldığını göstərən videonu yaydıqdan sonra Türkiyədə sosial media saytlarına giriş saatlarla bloklanıb.