Bəşər Əsəd: “Qələbə yolundayıq“ Dünya

Bəşər Əsəd: “Qələbə yolundayıq“

Suriya prezidenti Bəşər Əsəd Fransanın kütləvi informasiya vasitələrinə deyib ki, ona loyal qüvvələr "qələbə yolundadır". Dəməşqdə RTL kanalına müsahibə verən Əsədin sözlərinə görə, üsyançıların həlledici məğlubiyyət anı Hələb müharibəsi zamanı olub. Lakin Suriya prezidenti hesab edir ki, şəhərin hökumət qoşunlarının nəzarəti altına keçməsini hələ son qələbə kimi qiymətləndirmək olmaz.
"Qələbə bütün terrorçuların məhv edildiyi an olacaq", - Bəşər Əsəd əlavə edib. Dinc əhali arasında çoxsaylı qurbanlara səbəb olan Hələbin bombalanması barədə danışan Suriya prezidenti qeyd edib ki, "xalqın azadlığının qiyməti belədir".
Bəşər Əsədin tam müsahibəsi bazar ertəsi France Info, LCP və RTL telekanallarında yayımlanacaq. Onu da qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd Qazaxıstanın Astana şəhərində keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak etməyə hazır olduğunu deyib. "Haberturk" xəbər verir ki, o, görüş zamanı hər bir məsələni müzakirə etməyə hazır olduğunu deyib: "Bəli, hazıram. Ancaq mənim mövqeyim bilavasitə konstitusiya ilə bağlıdır. Bu məsələni müzakirə etmək istəyirlərsə, konstitusiyanı müzakirə etməlidirlər".
Əsəd, Qazaxıstan danışıqlarında kimlərin iştirak edəcəyi ilə bağlı suala aydınlıq gətirib: "Masada qarşı tərəfdən kimlərin olacağını bilmirik", - deyə əlavə edib.
Dəməşqdə baş verən su böhranına toxunan Əsəd şəhərin əsas su mənbələrinin işğal edildiyini və ordunun vəzifəsinin bunları geri almaq olduğunu deyib.