Türkiyə seçim qarşısında Dünya

Türkiyə seçim qarşısında

Hüseynbala Səlimov: "Əradoğanın şansları daha yüksək qiymətləndirilir"

Türkiyənin hakim partiyası AKP prezident seçkilərində öz namizədlərinin kimliyini ictimaiyyətə açıqlayıblar.
Türkiyənin baş nazir müavini Bülənt Arınc bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində Ədalət və İnkişaf Partiyasından şübhəsiz ki, əsas namizəddir. Onun sözlərinə görə, baş nazir 12 uğurlu iş ildən sonra prezident postuna layiqdir: "Baş nazir və hazırkı prezident özləri həll edəcəklər, onlardan kimin namizədliyini irəli sürüləcək". O, həmçinin əlavə edib ki, AKP namizədi prezident olacaq, çünki digər partiyalardan olan namizədlər böyük xalq dəstəyinə malik deyillər.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-na təyin olunub.
Partiyaların seçkidə irəli sürəcəkləri namizədlərə gəlincə, hələlik yalnız AKP-nin seçkiyə öz lideri ilə gedəcəyi bəllidir. Nə ana müxalifət partiyası olan CHP, nə də müxalifətçi MHP namizədləri haqqında danışmağa tələsmir. Türkiyənin bəzi siyasi analitikləri isə deyir ki, müxalifətin bugünkü susqunluğu ortaq planlar üzərində danışıqların yekunlaşmamasının nəticəsidir. Ehtimal edilir ki, müxalifət Ərdoğanın qarşısına güclü namizədlə çıxmağı düşünür. Bu namizəd isə Milliyyətçi Hərəkat Partiyasının 57 yaşlı üzvü Meral Akşener ola bilər.
Meral Akşener partiyanın İstanbul millət vəkilidir. Akşener siyasətə 1994-cü ildə gəlib, o, Tansu Çillər hökumətində daxili işlər naziri idi. Daha sonra o, Çillərin Doğru Yol Partiyasından istefa verib. 2007-ci ildən Meral Akşener siyasi fəaliyyətini MHP-də davam etdirməyə başlayıb. İstanbuldan millət vəkili seçilib. O, Türkiyə Böyük Millət Məclisi tarixində ilk başqan vəkili olan qadın siyasətçilərdəndir.
Akşener ailəlidir, bir övladı var. İnanclı insandır. O, 2013-cü ildə Həcc ziyarətinə gedib.
CHP sədri Kamal Kılıçdaroğlu ötən ilin oktyabr ayında qatıldığı televiziya proqramlarından birində söyləmişdi ki, iqtidarın güclü namizədi qarşısına bütün müxalifət güclərini təmsil edən namizəd çıxarılmalıdır. Kılıçdaroğlu həmin çıxışında müxalifətin namizədi ilə bağlı daha bir ipucu vermişdi: "Türkiyə Cümhuriyyətinə bir qadın prezident seçilməsini doğru sayıram. Kiminsə adını çəkmək istəməzdim. İndidən onu yersiz tənqidlərin hədəfinə çevirmək istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, həmin qadın siyasətçi bizim partiyadan deyil".
Meral Akşenerin namizədliyi ilə bağlı diqqət çəkən məqam həm də odur ki, onun namizədliyi "camaat"a yaxın mediada qızğın təbliğ olunur. AKP funksionerləri bu təbliğatdan çıxış edərək belə bir iddia ortaya atıblar ki, Meral Akşenerin namizədliyini Fətullah Gülən-Dövlət Baxçalı-Kamal Kılıçdaroğlu artıq razılaşdırıb. AKP-yə yaxın media orqanları yazır ki, Meral Akşenerin seçki kampaniyasında "camaat" üzvləri ciddi dəstəklə çıxış eləsələr də o, CHP və MHP-nin namizədi kimi rəsmiləşdiriləcək. AKP-lilər məqalələrində onu da iddia edir ki, Çillər hökumətində daxili işlər kürsüsünə gətirilən Meral Akşenerin ilk işi önəmli postlara "camaat" təmsilçilərini gətirmək olub.
Akşenerin son zamanlar ən kəskin açıqlamaları Fətullah Gülən "camaat"ına bağlı tədris kurslarının qapadılması ilə bağlı olub.
Siyasi şərhçi Azər Rəşidoğlu isə diqqətə çatdırdı ki, Ərdoğana qarşı CHP, MHP və Cəmaat adlı qrup mübarizə apara bilər: "Eyni zamanda, həbsdən azad edilmiş generallar bu mübarizəyə qoşula bilər. Lakin güman etmirəm ki, bu Ərdoğana ciddi maneə törədə bilsin. Ərdoğan qələbəyə yaxın görünür".
Siyasi şərhçi Hüseynbala Səlimov isə deyib ki, Ukrayna ətrafında cərəyan edən proseslər haqlı olaraq siyasi gündəmi zəbt etsə də digər maraqlı siyasi hadisələr də yox deyil. Onlardan biri də qonşu Türkiyədəki prezident seçkiləridir: "Seçkilərə hələ bir neçə ay qalsa da artıq ölkə indidən kimin prezident olacağını müəyyənləşdirməyə çalışır. Bir qədər tələskənlik təəssüratı bağışlasa da məsələ predmetsiz də deyil - ona görə ki, ölkədə hamı prezidentliyə iki real namizəd görür. Bunlardan biri indiki prezident Abdullah Gül, o birisi isə baş nazir Ərdoğandır. Siyasi olimpdə hələ ki, bu iki siyasətçilə mübarizə aparmaq iqtidarında olan digər siyasətçi görünmür. Bu iki nəfərdən kimin prezident olacağı isə mayın 9-11-də keçiriləcək qurultayda bilinəcək. Bu qurultayda hakim partiya öz namizədini müəyyən edəcək".
Onun sözlərinə görə, indi hakim partiya iki nəfərdən birinin üzərində dayanmalıdır: "Şanslar təxminən bərabərdir. Amma martın 30-da keçirilən yerli seçkilərdən 45,5 faizlik qələbə ilə çıxan Əradoğanın şansları daha yüksək qiymətləndirilir. Heç kim şübhə etmir ki, Ərdoğan öz namizədliyini irəli sürərsə seçkidən qələbə ilə çıxacaq. Halbuki, yerli seçkilərə qədər çoxu belə düşünmürdü. Böyük korrupsiya qalmaqalından sonra hamı belə düşünürdü ki, Ərdoğanın partiyası seçkiləri uduzacaq. Hətta məğlubiyyətin ünvanları da göstərilirdi. Amma deyilənlər doğru çıxmadı - Ərdoğanın partiyası seçkilərdən qalib çıxdı. İndi hakim partiya iki nəfərdən birinin üzərində dayanmalıdır. Təbii ki, partiya daxilində də Ərdoğanın şansları daha böyükdür".
Onun fikrincə, Gül bu vaxta qədər onun siyasi resurslarından yararlanıb. Ona görə partiya daxilində onun Ərdoğana rəqib ola biləcəyini düşünmək üçün heç bir əsas yoxdur: "Həm seçki qanununa, həm də partiya nizamnaməsinə görə Ərdoğan daha baş nazir ola bilməz. Gül haqqında isə bunu demək olmur - qanun ona daha bir dəfə prezident olmağa və ən azı iki dəfə baş nazir olmağa imkan verir. Nə qədər gizlətməyə çalışsa da Gül də növbəti dəfə prezident olmaq istəyir. Amma o da Ərdoğan kimi birmənalı və kəskin bəyanatlardan qaçır. Bəzən isə hətta gələcəklə bağlı planlarını hələ müəyyənləşdirmədiyini deyir. Təbii ki, o, nə qədər belə desə də, cəmiyyət onu Ərdoğanla bir tandemdə görməyə alışıb".
O, həmçinin əlavə edib ki, artıq Gül bildirib ki, o, Ərdoğanın Medvedevi olmaq istəməzdi. Bu isə o deməkdir ki, tandemokratiya bu dəfə baş tutmaya da bilər. Əgər Ərdoğan Gülün vaxtında baş nazir olmağa razı olubsa, bunu Gül niyə etməsin? Ərdoğanın çıxışlarında arabir güzəşt notları sezilir. Amma hələ heç kim bilmir ki, bu notlar nə qədər ciddidir? Ərdoğan çox ambisiyalı siyasətçidir. Eyni zamanda öz gücünə çox arxayındır. Hətta o qədər arxayındır ki, axır vaxtlar qeyri-populyar siyasi qərarlar qəbul etməkdən də çəkinmir".
Türkiyə mətbuatı isə iddia edir ki, İlkər Başbuğ Türkiyənin növbəti prezidenti ola bilər. Mətbuatın nüfuzlu yazarları məhz onun "dövlət içində dövlət" quranlara qarşı mübarizə apara biləcəyini yazıb: "İlkər Başbuğ Fətullah Gülənə xoş münasibət göstərməyən insandır. Bunu hər kəs bilir. Lakin o heç bir zaman bunu biruzə verməyib. Bu seçkilərdə də Türkiyənin növbəti prezidenti olmasına onun şansı daha çoxdur. Əgər MHP və CHP doğru fikirləşib onu namizəd kimi göstərsələr bundan yalnız udmuş olacaqlar".

Əli