Avropa boyunca icbari hərbi xidmət tətbiq ediləcək Dünya

Avropa boyunca icbari hərbi xidmət tətbiq ediləcək

"The Guardian" qəzeti yazır ki, İsveç iyulun 1-dən etibarən ölkədə hərbi mükəlləfiyyət elan edilməsinə dair qərar qəbul edib.
Bu isə o deməkdir ki, hərbi mükəlləfiyyət yaşı çatmış gənclər icbari qaydada hərbi qulluğa cəlb ediləcəklər.
Hökumət bundan əvvəl ordu sıralarını könüllü əsasda doldurmağa cəhd göstərmişdi.
Təhlilçilər bildirirlər ki, İsveçin bu addımı Rusiyanın Baltika regionunda artan hərbi fəallığı ilə bağlıdır.
2010-cu ildə İsveçin mərkəz sağçı hökuməti 100 illik mükəlləfiyyətin ləğvindən sonra orduya çağırışları ləğv etmişdi.
Lakin Soyuq müharibənin sonundan bəri İsveç ordusunun tərkibi 90 faizi azalıb.
Lakin ölkədə işsizliyin artdığı bir vəziyyətdə orduya 4000 nəfərin səfərbər edilməsi hədəfi güclə yerinə yetirilib.
Məhz buna görə də ötən həftə sosial-demokratlar və yaşıllar hərbi mükəlləfiyyətə dair qərara səs veriblər.
Sözü gedən qərara görə 1999 və 2000-ci illərdə doğulmuş 100 min kişi və qadın yeniyetmələrə anketlər paylanıb.
Bunların arasından seçilmiş 13 min nəfər 2018 və 2019-cu illərdə hərbi təlimlərə cəlb olunacaq.
İsveçin Müdafiə Nazirliyi bildirib ki, belə bir tədbirə səbəb "Avropada təhlükəsizlik mühitinin pisləşməsidir".
"Biz Krımın Rusiya tərəfindən ilhaq olunduğu bir mühitdə yaşayırıq" - deyib müdafiə naziri Peter Hultqvist AFP agentliyinə, - Onlar bizim sərhədlərimizin yaxınlığında getdikcə daha çox manevr keçirirlər.".
"Biz gördük ki, ordu sıralarını könüllülərlə doldura bilmirik. Odur ki, axırda könüllülük prinsipi ilə yanaşı hərbi mükəlləfiyyət məsələsinə əl atdıq." - deyib nazir.
"The Guardian" yazır ki, İsveçin belə tədbirlərə əl atması Rusiyanın bölgədə davam edən hərbi fəaliyyəti ilə bağlıdır.
2013-cü ildə iş o yerə çatmışdı ki, İsveşin hava hücumundan müdafiə sistemi Rusiyanın "saxta bombardman əməliyyatında" iştirak edən təyyarələri "tuta" bilməmişdi.
İsveç NATO üzvü olmasa da, alyansla tərəfdaşlıq barədə müqavilə imzalayıb.
"The Guardian" yazır ki, İsveç faktiki olaraq icbari xidməti tətbiq edən ikinci Avropa ölkəsi olub. Bundan əvvəl Norveç hərbi mükəlləfiyyət barədə qərar qəbul etmişdi.
Bu da qeyd edilir ki, İsveç və Norveçdə hərbi mükəlləfiyyət həm oğlanlara, həm də qızlara eyni dərəcədə tətbiq ediləcək.
"The Guardian" yazır ki, Avropada bir sıra ölkələr Soyuq müharibənin başa çatması ilə bağlı hərbi mükəlləfiyyəti ləğb ediblər.
Buna baxmayaraq Belarus, Danimarka, Estoniya, Finlandiya, Litva, Moldova və Norveçdə icbari hərbi xidmət saxlanıb.
Cənubi Avropada Kipr, Yunanıstan və Türkiyə icbari hərbi xidmət qaydasını saxlayıblar.
Mərkəzi Avropada yalnız Avstriya və İsveçrə öz vətəndaşları üçün 6 aylıq məcburi hərbi qulluq tədbir edirlər.
Almaniya ümumi hərbi mükəlləfiyyəti 2011-ci ildə ləğv etsə də, icbari hərbi qulluq prinsipinə qayıtmaq məsələsini müzakirə edir.
Norveç ümumi hərbi mükəlləfiyyətin müddətini 2015-ci ildə də uzadıb. Maraqlıdır ki, həmin müddətdə 10 min çağırışçının 33 faizini qızlar təşkil ediblər.