Tatar böhranı bütün Rusiyanı bürüyə bilər Dünya

Tatar böhranı bütün Rusiyanı bürüyə bilər

Tatarıstandakı bir sıra banklarda olan böhranlı vəziyyət Rusiyanın digər regionlarında da təkrarlana bilər.
Bunu "Rosbalt" agentliyinə açıqlamasında rusiyalı analitik Timur Niqmatullin söyləyib. O, böhranlı situasiyanın Rusiyanın regionlarındakı bank sistemlərinin formalaşdırılmasında olan özəlliklərlə bağlı olduğunu bildirib:
"Tarixən bizdə əksər banklar ayrı-ayrı iri şirkətlərə əməliyyatlar keçirmək üçün açılıb. İndi də regional banklarda maliyyə sistemi əsasən böyük qruplar şəklində təmsil olunur. Əksər banklarda bu cür risk xarakteri daşıyan problemlər var. Ona görə də bu gün Tatarıstanda baş verənlərin istənilən başqa regionda təkrarlanma ehtimalı var. Bir neçə il ərzində Rusiyada banklar yarıya qədər azala bilər".
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı gözlənilmədən martın 3-də Tatarıstanın üç böyük bankının lisenziyasını ləğv edib. Ləğv edilən banklar "Tatfondbank", "İntexbank" və "Sprut" olub.
"Tatfondbank" Tatarıstanın ikinci ən böyük bankı sayılırdı. Ekspertlər bankın borcunun 100 milyard rubldan çox olduğunu iddia edirlər.