ABŞ kürdləri silahlandırmağa, türkləri sakitləşdirməyə çalışır Dünya

ABŞ kürdləri silahlandırmağa, türkləri sakitləşdirməyə çalışır

"The Financial Times" yazır ki, ABŞ prezidenti Donald Tramp Suriyadakı kürd döyüşçülərin silahlarla təchiz edilməsinə dair sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, bu, özünü İslam Dövləti adlandıran təşkilatın onun de fakto paytaxtı Raqqa şəhərindən çıxarılması məqsədini güdür.
ABŞ Suriyadakı YPG qüvvələrini İŞİD-ə qarşı mübarizədə özünün əsas müttəfiqi hesab edir, lakin onun NATO müttəfiqi Türkiyə Vashinqtonu Raqqanın alınmasında kürdlərsiz keçinməyə çağırmışdı.
Bu qərar Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın gələn həftə Ağ Evə səfəri ərəfəsində qəbul edilib. Trampın bu qərarından əvvəl Erdoğanın hərbi qərargah rəisləri, kəşfiyyat rəhbərləri və başqa rəsmilər Vaşinqtonu YPG kimi tanınan kürd silahlı birləşmələrinə dəstək verməkdən çəkindirməyə çalışırdılar.
Ərdoğan YPG-ni kürd terrorçuları hesab edir və onun Suriyanın döyüş meydanındakı uğurlarını, ərazilər əldə etməsini və ABŞ tərəfindən dəstəklənməsini Türkiyənin təhlükəsizliyinə hədə sayır.
Pentaqonun sözçüsü Dana Vhite deyib ki, əksəriyyətini YPG kürd döyüşçülər təşkil edən Suriya Demokratik Qüvvələri ABŞ-ın köməyi ilə tezliklə Raqqanı İŞİD-dən azad edəcəklər.
Bununla yanaşı, Pentaqonun bəyanatında deyilir ki, ABŞ Türkiyə xalqını və hökumətini əlavə risklərdən narahat olmamağa və Amerikanın öz NATO müttəfiqi Türkiyənin müdafiəsinə sadiq qalacağına əmin olmağa çağırır.
Raqqa hazırda Suriyada İŞİD-in son istehkamıdır. Bu şəhərin terrorçulardan azad edilməsinə, indiyədək Suriyanın sərhəd bölgələrini kürd qüvvələrindən "təmizləməyə" can atan Türkiyə ilə Suriyada muxtariyyət əldə etməyə çalışan kürdlər arasında davam edən rəqabət mane olub.
YPG-yə olan münasibət, habelə Türkiyənin ABŞ və Rusiya ilə münasibətlərini tarıma çəkib.
Bəzi təhliliçilərin fikrincə, Trampın bu qərarı ABŞ kəşfiyyat və hərbi icmasında çoxdan gözlənilirdi, lakin onun qəbul edilməsi Türkiyədə aprelin 16-da keçirilmiş referendumdan sonraya saxlanmışdı.
Atlantic Council analitik mərkəzindən Aaron Stein deyib ki, qərarın mətnindən onun referendumla Ərdoğanın Ağ Evə səfəri arasında elan edilmək üçün hazırlandığı görünür.
"Ərdoğanın səfəri ABŞ-la həmrəyliyi göstərəcək, lakin eyni zamanda Türkiyənin ABŞ-ın müharibə planlarının dəyişdirilməsinə təsir etmək cəhdlərini dəf edəcək" - deyib Stein.
Trampın sərəncamı ABŞ-ın YPG-ni birbaşa silahlandırması qarşısındakı son maneəni aradan qaldırmış olub. Bu maneəni YPG-nin etibarlılığının yoxlanmamış olması yaradırdı. İndi isə kürd YPG qüvvələrinə Konqres tərəfindən 2016-cı ildə qəbul edilmiş 600 milyon dollarlıq dəstək veriləcək.
FT yazır ki, sərəncama hər halda Türkiyənin ürəyini almaq üçün müəyyən müddəalar da salınıb. Məsələn, xanım Vhite deyib ki, bütün "azad edilmiş ərazilər yerli ərəblərə qaytarılmalıdır".
Türkiyə daim şikayətlənir ki, YPG ABŞ-ın dəstəyi ilə əldə etdiyi ərazilərlə Suriyanın etnik xəritəsini dəyişməyə çalışır.
FT yazır ki, Türkiyə hökuməti ABŞ-ın son qərarı ilə bağlı heç bir şərh verməyib.
Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutundan Soner Cağatay deyib ki, bu sərəncam Ağ Evin Ərdoğana mesajıdır.
"Yəni, əgər sən bunu rahatca həzm eləsən, mən də Ankaranı PKK-ya qarşı bütün başqa yerlərdə dəstəkləyərəm" - deyib Cağatay.
Suriya kürdlərinin siyasi təşkilatı olan PYD partiyasının keçmiş lideri Nəvaf Xəlil deyib ki, ABŞ-ın kürdlərə birbaşa dəstək vermək qərarı kürdlərin siyasi baxımdan tanınması və onların Şimali Suriyada özünüidarəsi olan muxtariyyətə yaxınlaşması deməkdir.
FT yazır ki, kürd rəsmilər illərlə siyasi baxımdan tanınmaq və hərbi dəstəyə malik olmaq üçün kampaniya aparsalar da, Qərb hökumətləri kənarda dayanmağa üstünlük verirdilər.
Bu, bir tərəfdən Türkiyə ilə münasibətlərin pozulmamasına, digər tərəfdən isə terrorçu kimi tanınann PKK ilə eyni mövqedə dayanılmamasına imkan verirdi.