Londonda müsəlmanlara hücumlar beşqat artıb Dünya

Londonda müsəlmanlara hücumlar beşqat artıb

"The Guardian" yazır ki, Londonda törədilmiş terror aktının ardınca Britaniya müsəlmanlarına qarşı nifrət zəminində hücumların sayı əhəmiyyətli dərəcədə artıb.
London meri Sadiq Xanın açıqladığı son məlumatlardan görünür ki, ötən şənbə London Bridge körpüsündə baş vermiş terror aktından sonra irqçi insidentlərin sayı bu il ərzində gündəlik orta rəqəmlərlə müqayisədə 40 faiz yüksəlib.
Bu artım hətta 2013-cü ildə Britaniya əsgəri Lee Riqbeynin qətlindən sonrakı artımla müqayisədə də çoxdur. Bu da xəbər verilir ki, hazırkı insidentlər keyfiyyətcə Brexit referendumundan sonrakı hadisələrdən köklü şəkildə fərqlənir.
Son terror aktından sonra London boyunca hər gün orta hesabla 54 zorakılıq hadisəsi baş verib. Bu, 2017-ci il ərzində gündəlik orta rəqəm olan 38-dən xeyli çoxdur. Zorakılıqların təxminən 20-si antimüsəlman xarakteri daşıyır. Halbuki bu il ərzində bu rəqəm orta gündəlik hesabla 4-dən az idi.
Müstəqil xeyriyyə Tell Mama qrupu isə bildirib ki, bazar günündən çərşənbə axşamınadək ona 66 insident barədə siqnal daxil olub. Maraqlıdır ki, bu siqnallar polisə yox, xeyriyyə təşkilatına ötürülüb. Bu isə nifrət cinayətlərinin əslində rəsmi rəqəmlərdən daha geniş miqyas aldığını göstərir.
Tell Mama bildirir ki, 22 mayda Mançester terror basqını baş verdikdən sonra nifrət cinayətləri ilə bağlı 141 siqnal almışdı və bu, gündəlik orta rəqəm olan 25-dən 500 faiz çoxdur.
Xan londonlulara müraciət edərək onları Britaniya paytaxtının bölünməz olduğunu bütün dünyaya nümayiş etdirməyə çağlırlb.
Tell Mama təşkilatının direktoru Fiyaz Muğal deyib ki, London hücumundan sonrakı üç gündə nifrət insidentləri barədə onlara 63 siqnal gəlib, halbuki mayın əvvəllərində gündəlik orta rəqəm 3 idi.
Müsəlmanlara qarşı zorakılıq insidentlərinə hücumlar, fiziki zorakılıq, hədə və internetlə təhdid daxildir.
"The Guardian" yazır ki, üç terrorçu hadisəni törətdikləri vaxt Şərqi Londonda yaşayırdılar.
Londonun cənubundakı Sutton İslam Mərkəzinin divarlarına qraffiti yazılıb: "Gedin öz ölkələrinizi terror edin".
Polis bildirir ki, əgər Brexit səsverməsinin ardınca nifrət zorakılıqları avropalılara və etnik azlıqlara qarşı yönəlmişdisə, indi hücumlara konkret olaraq müsəlmanlar məruz qalırlar.
Bununla belə polis bildirir ki, terror aktları və dünyada baş verən başqa hadisələr ölkədə nifrət cinayətlərinin qısa müddətdə artmasına təkan verir.
Milli polis rəisləri şurasının sədr müavini baş inspektor Mark Hamilton deyib ki, məhz bu səbəbdən də indi icmalar daha sıx birləşməlidirlər və qorxu onların arasına təfriqə salmamalıdır.