ABŞ Venesuelaya sanksiya xəbərdarlığı etdi Dünya

ABŞ Venesuelaya sanksiya xəbərdarlığı etdi

Venesuella hökuməti konstitusiya dəyişikliyinə gedərsə, ABŞ bu ölkəyə qarşı "operativ və sərt iqtisadi sanksiyalar" tətbiq edə bilər. Bu barədə ABŞ prezidenti Donald Tramp Venesuella prezidenti Nikolas Maduroya xəbərdarlıq ünvanlayıb. Ölkədə etirazlara səbəb olan konstitusiya dəyişikliyi idarəetmədə prezidentin səlahiyyətlərini artırmağı və parlamentin bu hüququnu əlindən almağı nəzərdə tutur.
ABŞ rəhbərliyinin bu xəbərdarlığından bir gün öncə - iyulun 17-də Venesuelada müxalifət qeyri-rəsmi referendum keçirib. Səsvermədə iştirak edənlərin 98 faizi Konstitusiya dəyişikliyinə "yox" deyib. "Venesuella vətəndaşları bir daha göstərdilər ki, ölkədə demokratiya, azadlıq və qanunun aliliyi tərəfdarıdırlar. Amma onların bu istəkləri ölkə rəhbərliyi tərəfindən nəzərə alınmır, rəhbərlik diktatura arzusundadır" - Donald Tramp açıqlamasında belə deyir və əlavə edir ki, "Venesuellanın dağıldığı bir dönəmdə ABŞ kənarda dayanmayacaq. Əgər Maduro konstitusiya dəyişikliyi tətbiq edərsə, ABŞ bu ölkəyə qarşı sərt və operativ iqtisadi sanksiyalar qəbul edəcək".
"Reuters" yazır ki, Ağ Ev Venesuellanın energetika sahəsinə və dövlət neft kompaniyası olan PDVSA-a qarşı sanksiyaların tətbiqini götür-qoy edir. Ölkənin 95 faiz ixrac mənfəəti məhz bu sektorun payına düşür. ABŞ isə Venesuela neftinin ən böyük alıcılarından biridir. Bu arada "Reuters" qeyd edir ki, ABŞ həm də ehtiyatla davranmağa çalışır, çünki sözügedən sanksiyaların tətbiqi Venesuela iqtisadiyyatını darmadağın edə bilər.
Venesuelada 2015-ci il parlament seçkisində səslərin çoxluğunu qazanan ölkə müxalifəti aylardır ki, müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirir. Etirazlar nəticəsində 93 nəfər ölüb, 1500-dən çox adam müxtəlif xəsarətlər alıb. Ölkə müxalifəti iyulun 20-də hamını 24 saatlıq tətilə çağırıb. Tələbləri növbədənkənar prezident seçkisi keçirilməsidir.