Türkiyə Somalidə hərbi baza yaradır? Dünya

Türkiyə Somalidə hərbi baza yaradır?

Newsweek məcmuəsinin yazdığına görə, Türkiyə islamçılarla mübarizədə olan, habelə əhalisi quraqlıq və xəstəliklərdən əzab çəkən Somalidə ən böyük hərbi düşərgəsinin açılışına hazırlaşır.
Somalinin müdafiə naziri Abdiraşid Abdullahi Mohammed deyib ki, düşərgə iki il davam edən tikintidən sonra gələn ay açılacaq.
Burada eyni vaxtda 1500 nəfərlik əsgəri qüvvənin yerləşdirilməsi nəzərdə tutulub və bu düşərgə Şərqi Afrikada ən böyük hərbi baza olacaq.
Bu, Qətərdəki bazadan sonra Türkiyənin xaricdəki ikinci bazası olacaq.
Məqalədə deyilir ki, Türkiyə hərbi bazanın yaradılması ilə yanaşı əhalisinin 6 milyon nəfəri quraqlıqdan və vəbadan əzab çəkən bu ölkəyə geniş humanitar yardımlar göstərir.
Bu da xəbər verilir ki, Türkiyə bu düşərgədə Somali milli ordusunun təlimləndirilməsi üçün 200 əsgər və zabit göndərəcək.
Somalinin hökumət qoşunları hazırda Əl-Qaedanın qanadı olan Əş-Şəbab islamçı qruplaşmasına qarşı mübarizə aparır.
Somali tərəfinin verdiyi məlumata görə 4 kvadrat kilometr sahəni əhatə edəcək bu hərbi düşərgənin tikintisinə ümumilikdə 40 milyon dollar xərclənib.
Somali 1991-ci ildə kommunist prezident Siad Barrenin hökuməti çökdükdən sonra hərbi-siyasi xaos yaşayır.
Əş-Şəbab islamçı qruplaşması bu ölkədə 2006-cı ildə meydana çıxıb.
Beynəlxalq dəstəyin köməyi ilə Somali hökuməti ölkənin əksər ərazilərində öz nəzarətini bərpa edə bilib və prezident Mohammed Abdullahi Mohammed Farmajo deyib ki, Türkiyənin tikdiyi baza ölkə silahlı qüvvələrinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Prezident deyib ki, Türkiyənin ən böyük hərbi bazası hazırdır və Somali ordusu yenidən keçmiş qüdrətini bərpa edəcək.
Lakin Türkiyənin Somalidəki səfiri Olgan Bekar məsələyə aydınlıq gətirərək deyib ki, bu, Qətərdə olduğu kimi hərbi baza yox, hərbi təlim düşərgəsi olacaq.
Son aylarda Birləşmiş Ştatlar da Somalinin ordu quruculuğunda fəal iştirak edir.
Newsweek yazır ki, yeni hərbi düşərgənin açılışı ilə bağlı xəbər Əş-Şəbab lideri Ali Muhammad Husseinin avtomobil partlayışında öldürüldüyü barədə xəbərlərlə eyni vaxta təsadüf edib.