Həsən Ruhani razılaşmaya ümid edir Dünya

Həsən Ruhani razılaşmaya ümid edir

"Nüvə müzakirələrində, inşallah, razılaşma əldə olunacaq"

"İranla "altılıq" ölkələri arasında aparılan müzakirələrdə çətinliklərin olmasına baxmayaraq, inşallah, razılaşma əldə olunacaq".
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, hər iki tərəfin bu oyunda marağı razılaşmanın qələbə ilə nəticələnməsidir: "İran heç vaxt dünyaya yalan söyləmək istəməyib və bu gün də belə bir niyyəti yoxdur. Rəsmi Tehranın hədəfi dinc məqsədli nüvə texnologiyası olub və xalqının bu hüququnu da izləyəcək. Ancaq danışıqlar prosesinin də hər iki tərəfin xeyrinə gətirib çıxaracaq ortaq razılaşmanın əldə olunması ilə nəticələnməsini istəyirik".
H.Ruhani deyib ki, bu, İran xalqının sanksiyalardan çəkinməsi mənasına gəlmir: "Bu xalq hər cür şəraitə dözəcək və müqavimət göstərəcək. Hökumət üçün xalqın mənafeyi, inqilabi dəyərlər və ölkənin milli təhlükəsizliyi vacibdir".
Qeyd edək ki, ötən gün İran prezidenti Çinə ikigünlük səfərə yola düşüb. H.Ruhani Çin Xalq Respublikasının prezidenti tərəfindən mayın 20-22-də Şanxay şəhərində keçirilməsi planlaşdırılan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) dövlət başçılarının dördüncü zirvə toplantısına qatılması məqsədilə bu ölkəyə səfərə dəvət edilib. İran prezidentinin səfər çərçivəsində sammitdə çıxış edəcəyi, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının prezidenti Şi Jin Ping və Mərkəzi Asiya ölkələrinin bir sıra dövlət başçıları ilə görüşlər keçirəcəyi bildirilir.