Ukraynada seçki məntəqələri ələ keçirilib Dünya

Ukraynada seçki məntəqələri ələ keçirilib

Rusiya nəyin bahasına olursa-olsun seçki prosesini pozmağa çalışır

Cavid

Ukraynada keçiriləcək 25 may prezident seçkiləri ərəfəsində rusmeyilli qüvvələr bir neçə seçki məntəqələrini ələ keçirib. Rəsmi Kiyev isə yaranmış xaosdan çıxış yolları axtarır. Ruspərəst silahlılar Donetsk və Luqansk vilayətlərində 10-dan artıq seçki komissiyasında mövqe tutublar.
UHİAH agetliyinin məlumatına görə, daha bir neçə seçki məntəqəsi ətrafında da silahlılar keşik çəkir.
Ötən gün separatçı qüvvələrlə Ukrayna ordusu arasında Slavyansk şəhəri kənarında atışma getdiyi deyilir. İtkilər barədə məlumat verilmir. Donetsk şəhərində Rusiyayönümlü silahlılar hələ də küçələrdə patrul həyata keçirir.
İnternetdə yayımlanan görüntülərdə hərbi texnikalarda və yük maşınlarında silahlıların bir nöqtədən başqa nötqtəyə daşındığını görmək olur.
Mariupulda poladtökmə zavodunun yüzlərlə işçisi toplaşaraq regionada baş alan özbaşınalığa etiraz edib. Fəhlələr rəsmi Kiyevi şəhərdə sülh və təhlükəsizliyi bərqərar etməyə çağırıb.
Bu arada Ukraynanın Ali Radası konstitusiya islahatlarının qeyd-şərtsiz keçirilməsi, məhkəmə və hüquq mühafizə orqanlarında islahatların aparılmasını və digər tədbirləri nəzərdə tutan qarşılıqlı anlaşma və sülh memorandumu qəbul edib. Konstitusiya islahatları əsasında, mərkəzi hakimiyyətin səlahiyyətləri regionların xeyrinə qismən azaldılacaq. Həmçinin bu islahatlar çərçivəsində Ukrayna parlamenti rus dilinə dövlət statusu verilməsi məsələsinə baxmağı da vəd edib.
Qarşılıqlı anlaşma və sülh memorandumu Ali Radada demək olar ki, yekdilliklə qəbul olunub, sənədin leyhinə 252 deputat səs verib. Memorandum qanuni qüvvəsi olan qətnamə kimi qəbul olunub.
Bu arada məlum olub ki, Ukryananın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyən Avstraliya da Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edəcək. Avstriliyanın xarici işlər və ticarət naziri Culi Bişop deyib ki, o Ukraynanın şərqində baş verən hadisələr və ölkədə törədilən qarışıqlıqlardan çox narahatdır. Bu çətin sınaqlarda Avstraliya Ukrayna xalqı ilə həmrəydir, - deyən avstriyalı nazir, Rusiyanı özünün tutduğu kursu dəyişməyə çağırıb. Xanım nazir Culi Bişop əlavə edib ki, Ukraynanın ərazi bütövlüyü əleyhinə təxribatlar dayandırılmalıdır.
Ukraynanın dəstəkləyən Avstraliya yeni maliyyə sanksiyaları bir sıra rusiyalı və ukraynalılara və onların şirkətlərinə şamil olunur. Bu sanksiyalarda 38 Rusiya vətəndaşının və onların 11 şirkətinin adı salınıb. Ümumilikdə bu siyahıda 50 adamın adının yer alacağı bildirilir.
"ABŞ var gücü ilə Rusiyanı Ukraynanın şərqində hərbi qarşıdurmaya cəlb etməyə çalışır. Dövlət katibi Con Kerrinin bəyanatı da Ukrayna və Rusiyanın silahlı qarşıdurmasında ABŞ-ın maraqlı olduğunu təsdiqləyir". Belə bir iddia ilə Rusiyanın "Həftəlik 2000" qəzeti çıxış edib.
Qəzet hesab edir ki, Ukraynanın şərqində gərginliyin artması Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsi üçün ABŞ-a əsas verə bilər. "Rusiya Ukraynanın şərqindəki böhranın güc tətbiqi ilə həllinin yolverilməz olduğunu dəfələrlə bildirib. Kiyev bir tərəfdən "dəyirmi masalar" təşkil edir, digər tərəfdən isə hərbi əməliyyatlar həyata keçirir. Kiyevin davranışı ABŞ-ın geostrateji planlarına tamamilə uyğun gəlir: Rusiyanın beynəlxalq hüquq normalarını pozan dövlət obrazının yaradılması və onun təcrid edilməsi. Birləşmiş Ştatlar açıq şəkildə nəzərə alır ki, döyüş əməliyyatlarının davamı Rusiyanı Ukrayna ilə silahlı qarşıdurmaya cəlb edəcək", - yazıda qeyd edilib.
Həmçinin bildirilir ki, C.Kerrinin bəyanatı Rusiya prezidentinin Çinə səfəri ərəfəsində verilməsi təsadüf sayıla bilməz: "Əgər ABŞ Rusiyanı Ukrayna ilə münaqişəyə cəlb edə bilsəydi, o halda Çinlə danışıqlar təhlükə qarşısında olardı. Təbii ki, Çin hərbi münaqişədə olan dövlətlə razılaşmayacaq. Pekin yaxşı başa düşür ki, sanksiyalara məruz qalan partnyorla ticarət münasibətlərini yaratmaq təhlükəlidir. Səfər ərəfəsində Putin atdığı addımla göstərdi ki, Rusiya-Çin danışıqlarına zərbə vurmaq istəyən ABŞ-ın planlarından xəbərdardır və bu planları pozacaq. Rusiya prezidenti Ukrayna sərhədindəki hərbi qruplaşmaların daimi dislokasiya yerlərinə qaytarılması barədə əmr verdi. O, bununla da təsdiq etdi ki, Kiyev və Ukraynanın şərqi arasında dialoqu dəstəkləyir".
Qəzet yazır ki, Asiya istiqamətində Vaşinqtonun müvəffəqiyyətsizliyini təsdiqləyən digər bir amil Rusiya-Çin birgə hərbi təlimlərin keçirilməsidir.
Bu arada məlumat yayılıb ki, rus qoşunları Ukrayna sərhədindən geri çəkiliblər. Kiyev bildirir ki, Rusiya əsgərləri Ukrayna sərhədi boyunca 10 kilometrlik zonadan geri çəkiliblər. Bu, prezident seçkisindən bir neçə gün əvvələ təsadüf edir.
Ancaq hələlik Ukrayna rəsmiləri Moskvanın tam geri çəkildiyini təsdiqləməyiblər.
Pentaqon mayın 20-də bildirib ki, Rusiyanın 40 minlik ordusunu geri çəkməsinə heç bir dəlil görmür.
Dünən isə Ukraynada "milli dialoq"un yeni mərhələsi keçirilib. Məqsəd Ukraynanın onlarla şəhərinə nəzarət edən rusiyayönlü separatçıların fəaliyyətinə son qoymaqdır.
Danışıqlar ölkənin cənubundan Nikolayev şəhərində baş tutub.
Ukrayna mediasının yazdığına görə, ölkənin mərkəzi hakimiyyətin şərq vilayətlərinə nəzarəti getdikcə zəifləməkdə davam edir. Ölkənin daxili işlər naziri Arsen Avakovun sözlərinə görə, Slavyansk və Krematorskda dövlət funksiyalarının icrası faktiki olaraq mümkün deyil: "Bu səbəbdən hökumət sosial ödənişlərin tamamilə dayandırılmasına qərar verib. Dövlət ehtiyacları üçün ayrılan vəsait, pensiyalar, əmək haqları və digər ödənişlər mayın 19-dan dayandırılıb. Banklar normal fəaliyyətə dönənə qədər həmin vəsait mərkəzdə saxlanacaq".
Avakov deyib ki, əsas məqsəd həmin vəsaitin separatçıların əlinə keçməməsidir: "Artıq bir müddətdir separatizm meylləri artan bölgələrdə bu tendensiya müşayiət olunur. Yerli bank rəhbərlərinin üzərinə silah çəkən separatçılar onlardan külli miqdarda vəsait alıblar. İndi vətəndaşlar arxayın olsun ki, həmin vəsait dövlətdədir. Asayişi qısa zamanda bərpa etdikdən sonra ödəmələr həyata keçiriləcək".
Mayın 2-də Odessa Həmkarlar Birliyinin binasında baş verən və 32 nəfərin ölümü ilə nəticələnən faciənin səbəbi isə aydınlaşıb. Məlumatlara görə, binaya xloroform maddəsi səpilməsi bu faciənin baş vermənsinə səbə olub. Faciə ilə bağlı yaradılan dövlət komissiyasının gəldiyi nəticə belə olub. Bu haqda yerli mediaya açıqlama verən Ukrayna daxili işlər nazirinin müavini Vitali Sakal deyib ki, binaya baxış keçirilən zaman bütün mərtəbələrdə qısa zamanda ağ ciyərlərin funksiyasını dayandıran xloroform maddəsi aşkar edilib. Sakal deyib ki, indi istintaq maddəni kimin nə zaman binaya yerləşdirdiyini araşdırılır. Ukrayna bu işə mütəxəssisləri ilə yardım göstərməsi üçün İsrailə müraciət edib.
Krım tatarlarından olan jurnalist Osman Paşayev isə yarımadadakı ermənilərlə bağlı "facebook" səhifəsində şok bir iddia irəli sürüb. O, Krımda insanların ələ keçirilərək döyülməsinin əsas baiskarlarının erməni Martoyan qardaşları olduğunu bildirib.
O.Paşayevin sözlərinə görə, Martoyan qardaşları Krım baş nazir Sergey Aksyonovla birgə Rusiya prezidenti Vladimir Putinə xidmət edir. Jurnalist hesab edir ki, Putin bununla da Krım tatarları və ermənilərin qarşıdurmasına nail olur: "150 min erməninin Krıma köçürülməsi barədə Bezaziyevin ideyası da məhz bu kateqoriyadandır. 1990-cı illərdə Krım erməniləri bəhanəsi ilə Şevev-Danelyan quldurları Qarabağdan erməniləri Krıma gətirirdilər. Onlara bunun üçün bütün vasitələr ayrılmışdı. Oğrular üçün milliyyət sürüyə düşmək üçün bir səbəbdir. Ən ali varlıqlar üçün isə mədəniyyət, dil və ədəbiyyatdır. Təəssüf ki, müharibə və konfliktlər zamanı iyrənclik ən yüksək səviyyəyə çatır. Simferopol milis şöbəsində ən pis avaralar Krım tatarları hesab edilir. Burada məmuriyyət Putin və digər diktator sistemlərində olduğu kimidir. Ona görə də nasist cəfəngiyyatlarla bağlı olan hər şeyi bloklayacağam".