“Həm İraqda, həm də Kataloniyada müstəqilliyin elan edilə bilməməsi erməni separatçılarına çox pis nümunə oldu” Dünya

“Həm İraqda, həm də Kataloniyada müstəqilliyin elan edilə bilməməsi erməni separatçılarına çox pis nümunə oldu”

Fikrət Sadıxov: "Yenidən başa düşdülər ki, onları heç vaxt heç kim tanımayacaq"

Zərdüşt Əlizadə: "Qarabağın müstəqil olması şansı heç vaxt olmayacaq"

Dünya çox təhlükəli bir mərhəldən keçir. Dini qarşıdurmalardan sonra etnik qarşıdurma və separatizm ocaqlarının əsası qoyulur. Təbii ki dünya dövlətləri də bundan narahatlıq keçirirlər. Dünyada çox az ölkə var ki, bu prosslərin onlara aidiyyəti olmadığını düşünsün.
Politoloq Fikrət Sadıxov deyib ki, separatçılıq tendensiyası, mərkəzdənqaçma meyilləri çox təəssüf ki, bütün dünyanı bürüyüb. Onun sözlərinə görə, bir sıra qitələrdə, regionlarda tendensiyaya çevrilən bu hal dünya birliyinin, aparıcı ölkələrin hələ bunu qəbul etməsi demək deyil: "Mənə elə gəlir ki, aparıcı ölkələrin, beynəlxalq strukturların reaksiyası da separatçıların müstəqillik referendumu keçirməsindən sonrakı siyasi addımlarına müəyyən dərəcədə təsir göstərdi. Düşünürəm ki, separatçılar bunu bəlkə də qabaqcadan dərk etmədilər. Bəlkə də bir sıra proqnozları yanlış çıxdı. Ola bilsin, kimsə onlara nəsə vəd, söz verib və onları dəstəkləməyə, şərait yaratmağa söz vermişdi. Amma alınmadı. Kataloniya rəhbərliyi, parlamenti bu müstəqilliyin elan olunmasını dayandırdı. Başa düşdülər ki, müəyyən şərait olmasa və onları heç kim tanımasa, onlar sadəcə olaraq heç kimə lazım deyillər. İstəyir sənayesi inkişaf etmiş olsun, istərsə də digər sahələri qabaqcıl göstəricilərlə fərqlənsin. Çıxış yolu yoxdur. Bunlar nə Avropa İttifaqı, nə də digər hansısa dövlət tərəfindən tanınacaq. İraq Kürdüstanı da eyni vəziyyətdədir. Nə Türkiyə, nə İran, nə də İraqın özü Kürdüstanı tanımaq niyyətində deyil və Ərbil artıq bunu dərk edir".
F.Sadıxov əlavə edib ki, bu, heç də məsələyə nöqtə qoyulması anlamına gəlmir: "Hər halda onların müstəqilliklərini elan edə bilməməsi öz-özlüyündə müsbət bir hadisədir. Görünür, onlar başa düşdülər ki, bunu hər halda indi etmək olmaz. Amma bu o demək deyil ki, onlar gələcəkdə buna yenidən cəhd göstərməyəcəklər. Mənim zənnimcə, burda dünya birliyindən çox şey asılıdır. Dövlət özü möhkəm olmalıdır. Zəifləyən dövlətlərdə belə hallar tez-tez ola bilər. Dövlət öz gücünü nümayiş etdirməlidir. Əks təqdirdə belə halların baş verməsi qaçılmazdır".
F.Sadıxov onu da bildirib ki, həm İraq Kürdüstanında, həm də Kataloniyada müstəqilliyin elan edilə bilməməsi erməni separatçılarına çox pis nümunə oldu: "Bu hadisə erməni separatçılarına mənfi təsir göstərməlidir. Onlar yenidən başa düşdülər ki, onları heç vaxt heç kim tanımayacaq. Başa düşdülər ki, dünya birliyi separatçılığı qəbul etmir. Eyni zamanda, onlar dərk etdilər ki, onlar digər dövlətin torpaqlarında heç vaxt müstəqil dövlət qura bilməzlər. Mənə elə gəlir ki, proseslərin gedişatı öz-özlüyündə separatçılığın gələcəyinin olmadığını göstərdi".
Politoloq Zərdüşt Əlizadə isə deyib ki, Kataloniya rəhbərliyi haqlı olaraq müstəqilliyi elan etməyi təxirə saldı: "Çünki gördülər ki, dünyada onları dəstəkləyən qüvvə yoxdur". Z.Əlizadə bildirib ki, separatizm o zaman uğur qazanır ki, mərkəzi hakimiyyət zəif olsun: "Yadınıza 1990-cı illəri salın. O zaman bizdə mərkəzi hakimiyyət zəif idi və Qarabağda separatizm alovlandı. İkincisi separatizmin qələbə qazanması üçün xarici dəstək güclü olmalıdır. Zamanında ermənilərin ciddi dəstəyi var idi. Ermənilərin arxasında Rusiya, Amerika, Fransa və digərləri dayanmışdı. Bu halda separatizm müəyyən qədər uğur qazana bilir, amma sona qədər yox. Fikir verin, ermənilərin ciddi dəstəyi olsa da, Dağlıq Qarabağı heç kəs tanımır. Bəli, Katoloniyada böyük və müstəqil dövlətin yüksək vəzifələrini tutmağa layiqli siyasətçilər çoxdur. Ancaq iş ondadır ki, İspaniyada mərkəzi hakimiyyət güclüdür. İkincisi, dünyada heç bir qüvvə Kataloniyanın arxasında durmadı. Yəni xarici dəstək yoxdur. Üstəlik Kataloniyadakı böyük biznes yerli hakimiyyətə dedi ki, yerinizdə oturun, cızığınızdan çıxmayın. Bir neçə böyük şirkət ofislərini təcili Barselonadan Madridə köçürdü. Kataloniya rəhbərliyi də anladı ki, onlarla zarafat edən yoxdur. Başa düşdülər ki, sabah zilə qalxsalar, onları əzəcəkr və həbs edəcəklər. Bu halda onların basqların terrorçu təşkilatı olan ETA-nın yolu ilə getməkdən başqa yolu qalmayacaq. Odur ki, məcbur oldular ki, prosesi danışıqlar yolu ilə aparsınlar. Mümkündür ki, baş tutacaq danışıqlarda Kataloniyanın muxtariyyət hüquqları bir qədər də genişləndirilsin. Ancaq Kataloniyanın müstəqil olmaq şansı yoxdur. Bunu da katolonlara Avropanın bütün dövlət başçıları deyiblər. Üstəlik də İspaniyada katolonların heç bir hüququ tapdanmır".
Z.Əlizadə hesab edir ki, Kataloniya uzun illərdir müstəqillik uğrunda mübarizə aparsa da, dünyada reallıqlar var: "Dünyada 2 min millət var, ancaq buna qarşı cəmi 200 dövlət var. 1800 millətin dövləti yoxdur. Əgər onların hamısına dövlət yaradılsa dünya dəlixanaya çevrilər. Hindistanda tamil adlı milli azlıq var və onların sayı 90 milyondan az deyil. İndi Tamil Nadu Ştatı Hindistandan ayrılmaq istəsə, onları darmadağın edərlər. Üstəlik də Hindistanın sıravi ştatlarından biridir və ümumi Hindistanda mövcud olan hüquqlardan istifadə edirlər. Onların öz dilləri, məktəbləri, universitetləri, iqtisadi azadlıqları var, amma Hindistan dövlətinin daxilində. Vaxtı ilə tamillərin bir qismini ingilislər Şir-Lankada Selyon adasına köçürmüşdü. Onlar da çay plantasiyalarından işləyə-işləyə doğub törəyərək çoxaldılar. Günlərin bir günü də bayraq qaldıraraq Seylonu bölmək istədilər. Ancaq onları o zaman elə əzdilər ki, indi də səsləri çıxmır. Hər azlığa müstəqil dövlət vermək hüququ dünyanı dəlixanaya çevirərdi".
Zərdüşt Əlizadə qeyd edib ki, dünyada milli azlıqların müstəqil olmaq üçün bir yolu var: "Əgər əsas millətlə dil tapsalar və əsas millət milli azlığa dövlət yaratmaq üçün etiraz etməsə, bu halda müstəqil dövlət yarana bilər. Məsələn, Çexslovakiya təcrübəsi var. Çexlər və slovaklar oturub danışdılar və razılığa gəldilər ki, hərə özü üçün yaşasın. Əgər vaxtında ermənilər gəlib bizi dilə tutub inandırsaydılar ki, Qarabağda bizsiz yaşamaq istəyirlər və azərbaycanlılara da toxunmayacaqlar, bəlkə biz bununla razılaşacaqdıq və ya onların qarşısına tarixi sübutları qoyub deyəcəkdik ki, Qarabağ heç zaman ermənilərin olmayıb. Ancaq onlar əsas millətlə danışmaq əvəzinə Moskvanın istəyi ilə Qarabağda zorakılığa əl atdılar və cavablarını da aldılar. 1990-cı ildən indiyə qədər Qarabağın müstəqilliyini heç bir dövlət tanımır və tanımaq şansı da sıfıra bərabərdir. Mən 1994-cü ildə Qarabağda olarkən gənc jurnalist sual etdi ki, Qarabağın müstəqillik şansı varmı, dedim, bəli, var, bir şərtlə ki, Bakı Qarabağın müstəqilliyini tanısın. Bakı da heç vaxt tanımayacaq. Demək, Qarabağın müstəqil olması şansı heç vaxt olmayacaq".