Separatçılara göndərilən silahlar ələ keçdi Dünya

Separatçılara göndərilən silahlar ələ keçdi

Ukraynanın Zaporojye vilayətində terrorçular üçün nəzərdə tutulan silah-sursat ələ keçib. Silahla dolu yük Berdyansk rayonunda keçirilən xüsusi əməliyyat zamanı müsadirə olunub.
Müəyyən edilib ki, 73 yeşik silah separatçıların nəzarətində olan Sevastopol şəhərindən gətirilib. Silah-sursatın saxlanıldığı anbarda 88 AK-74 avtomatı, 5 ədəd RPK-74 pulemyot, 3 ədəd PKM pulemyotu, 24 RPQ-22 qumbaraatan, 918 ədəd RQD qumbarası və 20 min patron aşkarlanıb.
Cinayətkarların müqavimət göstərdiyi xüsusi əməliyyat zamanı 3 nəfər Ukrayna vətəndaşı saxlanılıb. Onların arasında özünü Mariupol şəhərinin rəhbəri elan etmiş şəxsin qardaşı da var.
Müəyyənləşdirilib ki, ələ keçirilən silahdan separatçılar seçkilər günü Berdyansk və Nikolayev şəhərlərində dəniz limanı, habelə administrativ binaların ələ keçirilməsi üçün istifadə etməyi planlaşdırırdılar.
Bəzi məlumatlara görə, qeyri-qanuni silah-sursat təchizatının təşkilatçılarından biri Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Aleksandr Yakimenkodur. O, hazırda axtarışdadır.