Suriya danışıqlarının yeddinci raundu Dünya

Suriya danışıqlarının yeddinci raundu

Suriya sülh danışıqlarının yeddinci raunduna qatılacaq bütün tərəflər Qazaxıstanın paytaxtı Astanaya çatıblar. Ölkənin xarici işlər nazirliyi bildirib ki, ikitərəfli və çoxtərəfli görüşlər planlaşdırılıb, ikinci sessiya oktyabrın 31-də olacaq. Suriyada altı ildir davam edən vətəndaş müharibəsinə son qoymağı hədəfləyən sülh danışıqları "iki cəbhə"də aparılır. Astana danışıqları ilə paralel, Cenevrədə BMT-nin təşkilatçılığıyla da danışıqlar gedir.
Astana danışıqları Rusiya, İran və Türkiyənin təşəbbüsüylə keçirilir. Suriya hökuməti və bəzi üsyançı qruplar bu danışıqlara qatılır, ABŞ, BMT və İordaniya isə müşahidəçilər göndərir. Rusiyayla İran Suriya prezidenti Bəşər Əsədi, ABŞ-la Türkiyə isə müxtəlif üsyançı qrupları dəstəkləyir. Son danışıqlarda əsas müzakirə mövzusu Suriyada azı dörd de-eskalasiya zonasının yaradılması və koordinasiyası olub. Məlumatlara görə, danışıqların təşkilatçıları hökumətlə üsyançı qruplar arasında altı aylıq atəşkəs rejiminə çağıra bilərlər. Ancaq rəsmilər bildiriblər ki, atəşkəs İŞİD-lə döyüşlərə aid deyil.
"Əl Cəzirə" mənbələrə istinadla xəbər verib ki, görüşdə girovlar və məhbusların buraxılması, mühasirədə olan ərazilərə ərzaq və yardımın çatdırılması, meyitlərin qaytarılması, itkin düşənlərin axtarışı məsələləri də müzakirə olunacaq. BMT-nin Suriya elçisi Staffan de Mistura isə oktyabrın 26-da elan edib ki, noyabrın 28-nə Cenevrə danışıqların növbəti raundunu planlaşdırır. Bu, ötən ilin əvvəlindən keçirilən danışıqların səkkizinci raundu olacaq.