
"Son zamanlar NATOmüttəfiqimiz olan ölkələrin bəziləri bəsit silahlar da daxil olmaqla, ehtiyacımız olan müdafiə sistemlərini Türkiyəyə verməmək üçün ciddi dirəniş göstərirlər. Biz havahücumundan müdafiə sistemi qurmalıyıq. Müttəfiqlərimizdən ala blmirik. O zaman başqa yerdən almaq məcburiyyətindəyik. Təcili ehtiyacımız var".
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 10-cu Türkiyə-İtaliya Forumunun qapanış mərasimində çıxışında deyib.
Nazir Türkiyənin Avropa və NATO-dan uzaqlaşaraq Rusiyaya yaxınlaşması barədə fikirlərin gündəlikdə olmadığını bildirib: "Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyə-Rusiya əlaqələri pozulanda bir çox Avropa ölkəsi əlaqələrin bərpasının zəruriliyini bildirirdi. İndi isə iki ölkənin yaxınlaşması tənqid olunur. Türkiyə Avropa və NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir, belə bir şey yoxdur. Türkiyə başqa istiqamətə sürüşmür, Avropa ölkələri ilə problemimiz yoxdur".
Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri almağa hazırlaşır.