Tramp onun Qüds qərarına qarşı çıxan ölkələri maliyyə yardımını kəsməklə hədələyib Dünya

Tramp onun Qüds qərarına qarşı çıxan ölkələri maliyyə yardımını kəsməklə hədələyib

"The İndependent" yazır ki, Donald Tramp onun Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarını tənqid edən ölkələri Amerikanın milyardlarla dollarlıq yardımını kəsəcəyi ilə hədələyib. Bundan əvvəl ABŞ-ın BMT-dəki səfiri Niki Haley xəbərdarlıq edərək bildirmişdi ki, ABŞ Vashinqtonun hərəkətlərinə qarşı çıxan ölkələrin "adlarını qeyd edəcək".
Trampın və Haleyin bu hədələri BMT Baş Assambleyasında Trampın Qüdsə dair qərarını ləğv edəcək qətnamənin qəbulu ərəfəsində səslənib. Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında Trampın Qüds qərarını potensial olaraq ləğv edən qətnaməyə veto qoymuşdu. İndi isə xanım Haley BMT-nin üzvü olan 193 ölkənin əksəriyyərinə məktub yazaraq onları ABŞ-ın cavab reaksiyası ilə hədələyib. O yazıb ki, bu, Tramp üçün şəxsi məsələdir.
Tramp öz kabinetinin iclasında xanım Haleyin "pulumuzu alıb bizə qarşı səs verən ölkələrə" cavabını alqışlayıb. "Onlar bizim milyonlarla, bəzən isə milyardlarla dollar pulumuzu alıb, sonra bizim əleyhimizə səs verirlər" - Tramp deyib. "Biz kimin necə səs verməsinə baxacağıq. Qoy əleyhimizə səs versinlər. Pulumuz cibimizdə qalar. Vecimizə deyil" - ABŞ prezidenti deyib.
Bu ayın əvvəllərində Tramp müsəlmanların Qüds adlandırdıqları Yerusəlim şəhərini İsrailin paytaxtı kimi tanıyan qərar qəbul edib. O, bundan başqa ABŞ səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürülməsinə göstəriş verib. Beləliklə də, ABŞ prezidenti ABŞ-ın onilliklərdir davam edən xarici siyasət ənənəsini pozub. Onun bu qərarı bütün dünyada kəskin tənqid edilib, ABŞ-ın Yaxın Şərq sülh prosesində hər hansı mənalı roluna olan ümidləri puça çıxarıb. Lakin ABŞ Təhlükəsizlik Şurasında qətnaməyə veto qoydurdan sonra fələstinlilər bu qətnamənin BMT Baş Assambleyasında səs qoyulmasını istəyirlər.
"The İndependent" yazır ki, Birləşmiş Krallıq qətnaməni Təhlükəsizlik Şurasında dəstəkləyib və böyük bir ehtimalla Baş Assambleyada da eyni addımı atacaq. Təhlükəsizlik Şurasından fərqli olaraq Baş Assambleyada qəbul olunan qətnamələrin hüquqi məcburiyyət gücü yoxdur, hərçənd belə qətnamələr dünya rəyini ifadə edir. Sözü gedən qətnamənin həmmüəllifləri İslam Əməkdaşlığı Təşkilatının sədri olan Türkiyə və BMT-dəki Ərəb qrupuna rəhbərlik edən Yəməndir.
Sözü gedən qətnamə Təhlükəsizlik Şurasına təqdim edilmiş layihənin demək olar eynidir. Burada 1967-ci ildən bəri Təhlükəsizlik Şurasının Qüdsə aid 10 qətnaməsinə istinad edilir. Bu qətnamələrdə bildirilir ki, Qüds şəhərinin statusu fələstinlilər və İsrail arasında gedən danışıqlarda müəyyən edilməlidir.