Ermənistanda təlatüm gözlənilir Dünya

Ermənistanda təlatüm gözlənilir

Avqustun 1-dən elektrik enerjisinin qiyməti qalxacaq, əhali etirazlara hazırlaşır

Ermənistanda avqustun 1-dən elektrik enerjisi bahalaşacaq.
APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentində ictimai xidmətlərin tənzimlənməsi komissiyasının sədri Robert Nazaryan bildirib.
Onun sözlərinə görə, qiymət artımı qaçılmazdır, əks təqdirdə "Ermənistan Elektrik Şəbəkəsi" çox mürəkkəb maliyyə vəziyyətində olacaq: hazırda qurumun borcu 16 mlrd 600 min dram təşkil edir.
"İnanın ki, cəmiyyətin etirazını dinləmək bizə heç də xoş deyil. Qiymətlər artmasa, 2-3 ildən sonra siz özünüz bizdən soruşacaqsınız ki, enerji sisteminin bu vəziyyətə çatmasına necə yol verdiniz", deyə Nazaryan bildirib.
Xatırladaq ki, bu ilin iyunun 4-də Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası saatda 1 kVt elektrik enerjisinin qiymətini 3.8-4.3 drama qaldırmaq niyyətində olduğunu bəyan edib.
Bundan əvvəl, ötən ilin iyulun 7-də elektrik enerjisinin tarifi 8 dram artırılaraq günün işıqlı vaxtında saatda 1 kVt üçün 38 dram, gecə tarifi isə 28 dram müəyyən edilmişdi. Elektrik enerjisinin bahalaşması cəmiyyətdə ciddi etirazlara səbəb olmuşdu.
Beləliklə, avqustun 1-dən elektrik enerjisinin tarifi günün işıqlı vaxtında saatda 1 kVt üçün təxminən 42 dram ($0.10), gecə tarifi isə 32 dram ($0.08) məbləğində müəyyən ediləcəyi gözlənilir.
Qeyd edək ki, iyunun 10-na olan məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 412 dram təşkil edib.
Erməni ekspertlər bu bahalaşmanın ölkədə olduqca ciddi etirazlara gətirib çıxaracağı barədə xəbərdarlıq edirlər.