ABŞ müharibə olmayacağı barədə söz verə bilmir Dünya

ABŞ müharibə olmayacağı barədə söz verə bilmir

ABŞ dünya super dövləti kimi Koreya Xalq Demokratik Respublikasına (KXDR) hücum etməmək barədə zəmanət verə bilmir. "RİA-Novosti" agentliyi xəbər verir ki, bu haqda Koreya yarımadasının nüvə problemi haqqında danışıqlarda iştirak etmiş Cənubi Koreya siyasətçisi, dövlət kəşfiyyat idarəsinin direktorunun keçmiş birinci müavini Li Su Hek bildirib.
"Hələ ki, söhbət Şimali Koreya və ABŞ arasında hücum etməmək haqqında müqavilədən getmir. ABŞ Konqresinin Senatı onu onsuz da təsdiq etməzdi. Dünyanın super gücünün kiçik ölkəyə hücum etməmək barədə söz verməsi sadəcə ağlasığmazdır. Belə presedentlər olmayıb, baxmayaraq ki, gücün tətbiq edilməməsi BMT-nin xartiyasında yazılıb", - o deyib. Onun sözlərinə görə, ABŞ-la münasibətlərin qurulması Pxenyanın prioritetlərinə daxildir. Siyasətçi hesab edir ki, yalnız belə münasibətlərin qurulması vasitəsilə rejimi saxlamaq olar.
Qeyd edək ki, ABŞ və KXDR 1950-1953-cü illər müharibəsindən sonra rəsmi olaraq müharibə vəziyyətindədir. Pxenyanın Vaşinqtonla sülh razılaşması imzalamaq üçün göstərdiyi bütün cəhdləri indiyə kimi uğursuz nəticələnib. Ötən həftə KXDR və Cənubi Koreya arasında yüksək səviyyədə danışıqlar olub. Liderlər Koreya yarımadasının tam denuklearizasiyası haqqında razılaşma əldə ediblər. Bu ay Şimali Koreya lideri Kim Çen Inla ABŞ-ın prezidenti Donald Trampın görüşünün keçirilməsi planlaşdırılır. Pxenyan bu görüşdə öz təhlükəsizliyi üçün zəmanət amlağa ümid edir.
ABŞ prezidenti Donald Tramp KXDR-dəki amerikalıların tezliklə həbsdən azad ediləcəyinə də eyham vurub. Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" mikrobloqunda yazıb. Birləşmiş Ştatlar rəhbəri qeyd edib ki, ölkənin əvvəlki administrasiyaları uzun müddət amerikalıları həbsxanada azad etməyə çalışıblar. Lakin müsbət nəticələrə nail ola bilməyiblər. "Hamıya məlumdur ki, əvvəlki administrasiyalar uzun müddət ərzində Şimali Koreyanın əmək düşərgələrindəki üç məhbusu azad etməyə çalışıblar. Lakin bu, nəticəsiz olub. Xəbərləri izləyin", - deyə Tramp yazıb.
Daha əvvəl "Rönhap" agentliyi Şimali Koreyadakı amerikalıların əmək düşərgəsindən Pxenyandakı otellərdən birinə gətirildiyini xəbər verib. Agentliyin məlumatına görə, əgər Trampla Kim Çen Inın görüşü uğurlu keçsə, məhbuslar vətənlərinə buraxıla bilər.