İran tarixin ən ağır sanksiyaları” ilə qarşılaşacaqmı? Dünya

İran tarixin ən ağır sanksiyaları” ilə qarşılaşacaqmı?

ABŞ prezidenti Donald Trampın 12 mayda açıqladığı nüvə anlaşmasından çəkilmə qərarının ardından elan etdiyi yeni sanksiyalar İrana böyük təsir edib. Trampın ardınca ABŞ xarici işlər naziri Mayk Pompeo da 21 mayda İrana yönəlik 12 maddəlik sərt şərtlər önə sürmüş və bu şərtləri yerinə yetirmədiyi halda İranın "tarixin ən ağır sanksiyaları" ilə qarşılaşacağını bildirmişdi.
"Anadolu Agentliyi" xəbər verir ki, İran Araşdırmaları Mərkəzinin direktor müavini Dr. Hakkı Uyğurun fikrincə, əslində İran Trampın açıqlamasından öncə ABŞ-a yönəlik bir diplomatiya hücumu başlamış və xarici işlər naziri Cavad Zərifin, başda sabiq xarici işlər naziri Con Kerri olmaqla, çox sayda ABŞ rəsmisilə görüşlər keçirdiyi mətbuatda əks olunmuşdu. Yəqin bu görüşlərdəki uğursuzluğun nəticəsidir ki, Tramp İran haqqındakı qərarını öncədən elan etdiyi tarixdən bir neçə gün tez elan etmişdir. İran bu müddətdə ən üst səviyyəli rəsmi şəxslər vasitəsilə Trampın seçki kampaniyası dövründən bəri dilə gətirdiyi anlaşmadan çıxma təhdidlərinə eyni şəkildə cavab verəcəyini açıqlasa da, təmkinli davranmış və digər beş ölkə anlaşmaya bağlı qaldıqca və onun müqavilədən irəli gələn hüquqları təmin edildikcə, bu anlaşmadan çıxmayacağını elan etmişdir.
Zərifin 12 may öncəsi Trampla ortaq bir zəmin tapmaq cəhdlərinin bənzərinin Trampın qərar verməsindən sonra da, xüsusilə İranın ali dini lideri Xameneinin Xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti tərəfindən Moskvada da həyata keçirildiyi, hətta xarici işlər naziri Zərifin bu duruma reaksiya verdiyi irəli sürülmüşdür. Ancaq Xameneinin bu prosesin sonunda verdiyi sərt açıqlamalar və İran bazarlarının ani reaksiyası nəticəsində dolların kursunun 90 min rial səviyyəsinə çıxması söhbəti gedən "arxa qapı diplomatiyası"nın ikinci dəfə işə yaramadığına işarə edir.
Xameneyi də iyun ayının sonunda verdiyi açıqlamada ölkədə bəzilərinin ABŞ ilə razılıq əldə edilməsinin lazım gəldiyini müdafiə etdiklərini, lakin dirənmənin hesabının təslim olmanın hesabından daha az olacağı fikrini irəli sürmüşdür. Həqiqətən də Vaşinqtondakı müxtəlif rəsmi şəxslər ABŞ-ın İranda rejim dəyişikliyi niyyətində olmadığını nə qədər irəli sürsələr də, Tramp administrasiyasının yeni strategiyası diqqətlə araşdırıldıqda, İrandan istənilən güzəştlərin çox da uzaq olmayan gələcəkdə rejim dəyişikliyilə nəticələnəcəyini təxmin etmək çətin deyil.
Bu durum yalnız Con Bolton və ya Rudi Culiani kimi çox şiddətli İran əleyhdarı olanların Xalq Mücahidləri Təşkilatı tək qurumların tədbirlərində etdikləri çıxışlarla, yeni strategiyanın regional ortaqları olan Səudiyyə Ərəbistanı və ya İsrail kimi ölkələrin mövqelərilə bağlı deyil. Əslində Tramp və ətrafındakı "qırğılar"ın etdiyi şey ABŞ-ın uzun illərdir üzərində çalışdığı və İranı bəzən kökə, bəzən də zopa göstərmək yolu ilə çəkməyə çalışdığı və əksinə, başda Avropa ölkələri olmaqla, böyük beynəlxalq dəstək də aldığı uzunmüddətli bir strategiyanın sürətləndirilməsindən başqa bir şey deyil.