Suriyanın bütövlüyü Türkiyə üçün əhəmiyyətlidir Dünya

Suriyanın bütövlüyü Türkiyə üçün əhəmiyyətlidir

"Türkiyənin təhlükəsizliyi Suriyanın təhlükəsizliyindən keçir. Suriya parçalandığı anda Türkiyənin parçalanması başlayacaq". Belə xəbərdarlıqla NTV telekanalının efirində Türkiyənin "Yeni Şəfəq" nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül çıxış edib. Onun sözlərinə görə, bunun üçün çalışacaqlar və Türkiyə cəbhəsini açacaqlar. Ekspert qeyd edib ki, Türkiyə buna görə də sentyabrın 7-də Tehranda keçiriləcək üçtərəfli sammitdə orta yol tapmaq məcburiyyətindədir.
"25 min nəfərlik Suriya ordusu İdlibə girməyə hazırlaşır. Onlardan 8 mini terrorçulardan ibarətdir. Bu terrorçuların arasında PKK da var. Türkiyənin tək yolu Tehran sammitindən bir nəticə əldə etməsidir. Sammit uğursuz olarsa və birbaşa hücuma keçərlərsə, ya qarnizonlarını qoruyacaq, ya da İdlib xalqını qoruyacaq bir sıra müdafiə tədbirlərinə əl atılacaq. Bu, Suriya rejimi ilə rəsmən müharibə anlamına gəlir. Məsələnin bu nöqtəyə gəlməməsinə ümid edirik", - o bildirib.
Ekspert qeyd edib ki, ABŞ-ın Suriya siyasətinə baxdıqda, Suriyanın Fəratın şərqində parçalandığı görünür: "Xəritə olaraq Suriyanı parçalayırlar. ABŞ-ın Şimali İraqda olduğu kimi, Suriyanın şimalında da hesabları var. Suriyanın şimalına olan iddialar isə İdlibdən keçir".
Suriyanın xilası üçün Türkiyə, İran və Rusiyanın rolunu həlledici adlandıran İbrahim Karagül hesab edir ki, bu ölkələr Suriyanın bütövlüyünün təmin olunması üçün bir nöqtəyə yaxınlaşdığı anda, başqaları müharibəni yeniləyəcəklər. "İdlibi həll etdiniz, Suriyanın şərqi necə olacaq? Suriyanın bütövlüyü Türkiyə üçün əhəmiyyətlidir. Bundan sonra Əsədin Suriyaya hakim olmağa şansı yoxdur. Bu qədər qətliamdan sonra Əsədin Suriyada hakim olması mümkün deyil".
O, Rusiyanın İdlibə son hücumlarını Türkiyəni çətin vəziyyətə salacaq addım kimi qiymətləndirib. Ekspert bildirib ki, Türkiyə Tehran sammitinə kimi Rusiyadan belə bir addım gözləmirdi. "İdlib Aralıq dənizi baxımından strateji yerdədir. Hər kəs orada təlimlər keçirir. İdlibi Şərqi Aralıq dənizi ilə birlikdə qiymətləndirmək lazımdır. İdlib Şərqi Aralıq dənizinə ən yaxın bölgələrdən biridir. Burada milyardlarla dollarlıq karbohidrogen ehtiyatı var. Bizə "buradan çıxın" deyirlər və yenə də deyəcəklər. Bizə "buradan çıxın" deyənlər, terror dəhlizlərinə "müdaxilə etməyin" deyirlər", - yazar vurğulayıb.
Politoloq İlqar Vəlizadə deyib ki, hazırda Yaxın Şərq regionunda çox mürəkkəb proseslər gedir. Suriya ilə yanaşı, Fələstin problemi və Qəzza ətrafında da risklər artır. Ekspert bildirib ki, Yaxın Şərqdə risklərin artması regionda marağı olan ölkələr, ələlxüsus da Rusiya, İran və Türkiyə üçün mənfi nəticələr doğura bilər: "Hazırda Yaxın Şərq regionunda çox mürəkkəb proseslər gedir. Suriya ilə yanaşı, Fələstin problemi və Qəzza ətrafında da risklər artır. Regiondakı risklər və bundan irəli gələn mənfi nəticələr hər üç ölkənin belə bir vəziyyətdə ortaq məxrəcə gəlməsini zəruri edir. Ancaq bu zərurətin indiki məqamda tezliklə reallaşması bir qədər çətindir, çünki hər üç ölkənin və eləcə də Suriyanın bölgədə öz maraqları var. Tehranda baş tutacaq üçtərəfli görüş də bunu təsdiq edəcək. Tərəflər bu və ya digər şəkildə İdlibdə bir araya gəliblər. Xüsusilə də Rusiya ilə Türkiyə arasında müəyyən razılıqlar əldə olunub. Belə ki, Rusiya bu regionda Türkiyənin mənafelərinə toxunmayacaq və Ankaranın maraqlarına qarşı çıxmayacaq. Ümumilikdə isə hər iki dövlət İdlibdə fəaliyyət göstərən destruktiv təşkilatlar və qruplaşmaları neytrallaşdırmaqda maraqlıdırlar. Tərəflər bu istiqamətdə əməli addımlar atmağa hazırlaşırlar və zənnimcə, artıq bu proses başlayıb. Ancaq üçtərəfli formatın nə dərəcədə uzunmüddətli olacağını və başqa sahələrdə hansısa qərarlar qəbul edəcəyini zaman göstərəcək".