İranda Venesuela sindromu Dünya

İranda Venesuela sindromu

Ötən gün – sentyabrın 5-də İran rialı yenidən rekord həddə düşüb. Cəmi dörd ay öncə Birləşmiş Ştatlar 2015-ci il nüvə sazişindən çıxdığını elan edəndən sonra rial dəyərini itirməkdədir.
"The Associated Press" agentliyi yazır ki, valyuta xaosunu Tehranın hər yerində görmək mümkündür – narahat sakinlər valyutadəyişmə məntəqələrinin qarşısında növbəyə durub, səyahət agentləri təklifləri yalnız xarici valyuta ilə verir, piştaxtalardan uşaq bezləri yoxa çıxır.
Tehranın mərkəzində bir çox valyutadəyişmə məntəqələri elektron məzənnə lövhələrini söndürür, bəzi iranlılar isə tinlərdəki pul alverçilərinə üz tutur. Açıq qalan valyutadəyişmə məntəqələri bir ABŞ dollarını 150 min riala təklif edir.
"Hamı əsəbidir", – dollar axtaran 40 yaşlı Mustafa Şəhriyar deyir.
Ancaq dövlət mediası milli valyutanın son ucuzlaşması barədə hələlik yazmayıb.
İran iqtisadiyyatı indiyədək çox problemli dönəmlərdən keçib. 1970-ci illərdə şah orduya aşırı vəsait ayıranda, 1979-cu il İslam İnqilabından və ABŞ səfirliyi tutulandan sonra Qərb sanksiyalar tətbiq edəndə bənzər durum yaranıb. Neft qiymətindəki dəyişiklik də öz sözünü deyib.
Ancaq agentlik indi durumun başqa olduğunu yazır. Milli valyuta Birləşmiş Ştatların keçmiş prezidenti Barak Obama administrasiyası dövründə nüvə sazişi imzalanınca yaranmış ümidlərlə birlikdə yıxılır. Prezident Donald Tramp mayda nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqladı.
Ali dini lider Ayətulla Əli Xamaneyi ötən həftəsonu Amerikanın addımlarını "sabotaj" adlandırıb və bez qıtlığına da toxunub. Bezlərin hazırlandığı materialın 70 faizi idxal olunur. Rial ucuzlaşdıqca xaricdən alınan material da bahalanır.
"Təsəvvür edin, Tehranda və digər böyük şəhərlərdə uşaq bezləri qıtlaşıb. Bu baş verir, realdır. Uşaq bezləri! Bu, adamları qəzəbləndirir. Digər tərəfdən, düşmən istəyir ki, adamları hökumətdən, sistemdən narazı olsunlar. Bu, onların üsullarından biridir", – Xamaneyinin rəsmi saytında yerləşdirilmiş çıxışının mətnində oxuyuruq.
"Reuters" agentliyinin yazır ki, rial sentyabrın 5-də axşama doğru nisbətən möhkəmlənib, bir dollar 140 min riala bərabərləşib.
Agentlik yazır ki, son möhkəmlənmənin hökumətin bazara xarici valyuta buraxmasıyla bağlı olub-olmaması bəlli deyil. Baxmayaraq ki, Mərkəzi Bank rəhbəri Əbdülnasir Hemmati şənbə günü xəbərdarlıq edirdi ki, bu məqsədlə xarici valyutadan istifadə məhdudaşdırılacaq.
ABŞ sanksiyalarının İrandan neft ixracını hədəfləyən ikinci raundunun noyabrın əvvəlində qüvvəyə minəcəyi gözlənir. Prezident Həsən Ruhani hökumətindən narazılıq artıb. Ötən həftə deputatlar iqtisadi məsələlər və maliyyə nazirlərini işdən çıxarıb. İranda etirazlar hələ ötən dekabrdan başlanıb. 80-dən çox şəhərdə iğtişaşlarda 25 nəfərin öldüyü bildirilirdi.O vaxtdan yük maşını sürücüləri, fermerlər, tacirlər arasında təkəmseyrək etirazlar davam edir.