“Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi” Dünya

“Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi”

Analitik Ehtiram Aşırlı: "BMT buna qiymət verməlidir"

Siyasət ciddi məşğuliyyət və məsuliyyət tələb edir. Ölkə başçısı öz təmkinliyi, rasionallığı, siyasi uzaqgörənliyi və diplomatik qabiliyyəti ilə uğur qazana bilər.
Bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, bəzi liderlər bəhs etdiyimiz amillərdən çox uzaqdır:
"Nümunə olaraq Nikol Paşinyanı göstərə bilərik. Paşinyan bütün kimliyi və siyasi davranışları ilə küçədə hay-küy salıb, Ermənistana baş nazir olan adamdır. O, meydanda necə və nədən danışırdısa, xarici səfərlərində də ondan bəhs edir. Bu bağlılıqda Paşinyanın son zamanlar ölkəmiz haqqında sayıqlamaları daha gülünc görünür. Onlara fikir verməmək olardı. Ancaq kütlə psixologiyası elədir ki, ona bəzi məqamları anlatmasan, sayıqlamağa davam edir. Ermənistanın Baş naziri Paşinyan növbəti dəfə siyasi səviyyəsinin olmadığını nümayiş etdirdi. O, hakimiyyətə yiyələnmək üçün küçələrdə hansı ritorikadan istifadə edirdisə, baş nazir kimi də eyni ritorikadan faydalanmağa çalışır".
Analitik qeyd edib ki, BMT Baş Assambleyasında çıxışı zamanı Paşinyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib:"Birincisi, Dağlıq Qarabağ ermənilərdən ibarət deyil. Orada azərbaycanlılar da yaşayırdı, lakin deportasiya edildilər. İkincisi, terrorçularla Azərbaycanın rəsmi hakimiyyəti hansı danışığı aparmalıdır?! Üçüncüsü, danışıqlar formatı beynəlxalq hüquq əsasında ATƏT çərçivəsində müəyyənləşdirilib. Belə çıxır ki, Paşinyan bütövlükdə beynəlxalq hüququ, diplomatiyanın qanunlarını, BMT-nin Nizamnaməsini heçə saymağa çalışır. Dördüncüsü, bu cür yarıtmaz məntiqlə Paşinyan hansı üzlə "soyqırım məntiqi"ndən bəhs edir?! Öz yurdlarından qovulan və Ermənistandan tamamilə deportasiya edilən azərbaycanlılar erməni məntiqilə "demokratik"dir?! Bu qədər alçaq böhtanı dünyanın heç bir siyasətçisindən eşitməzsiniz. Paşinyan Azərbaycanda onminlərlə erməninin yaşamasına baxmayaraq, bu cür yalanlar danışır. Və bunu Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşaya bilməməsi faktı ola-ola deyir. Belə adamla nəyi və necə müzakirə etmək olar? Bu sualın cavabı üzərində həmsədr dövlətlər düşünməlidir".
Analitik erməni rəsmi dairələrinin Naxçıvanla bağlı sayıqlamalarına da münasibət bildirib:
"Bütün bunlar əslində, onların Azərbaycandan çox qorxduqlarını, eyni zamanda, çıxış yolu tapa bilmədiklərini göstərir. Ermənistan təcriddən yaxa qurtarmaq üçün heç bir səmərəli üsul müəyyənləşdirə bilmir. Bunun üçün də Paşinyan durmadan sağ-sola saldıraraq, sərsəm bəyanatlar səsləndirir".
Analitik vurğulayıb ki, bütün bunların fonunda Paşinyanın heç bir müsbət nəticəsi olmayan, hay-küylə dolu bəyanatları olduqca zavallı və gülünc görünür:
"Nəticədə, işğalçının münaqişədə məğlub olması zamanının yaxınlaşdığı haqqında konkret təsəvvür formalaşır. Bu vəziyyətdən çıxmaq üçün forpost ölkənin məntiqsiz olsa belə, müəyyən addımlar ata biləcəyi gözləniləndir. Artıq tam təcrid vəziyyətində olan Ermənistanın mövcud reallığı dəyişdirə bilmək gücündə olmadığı hamıya məlumdur. Azərbaycan rəhbərliyinin müdrik, düşünülmüş və müstəqil siyasi addımları nəticəsində Ermənistan elə bir durumdadır ki, çıxış yolu görünmür. Ermənistan nəinki hücum əməliyyatı aparmaq, heç mövcudluğunu belə qorumaq iqtidarında deyil. Prezident İlham Əliyevin uğurlu təcrid siyasəti faktiki olaraq Ermənistanın siyasi, iqtisadi, sosial və hərbi iflasını şərtləndirməkdədir".
Analitik bildirib ki, bütün bunlar ermənilərin vətən anlayışı ilə bağlı fobiyası olduğunu göstərir:
"Böyük Ermənistan" xülyası da erməni saxtakarlıqlarına rəvac verən faktorlardan biridir. Balkanlardan Xəzərədək böyük bir coğrafiyaya iddia edən ermənilərin iki mühüm səciyyəvi xüsusiyyəti özünü göstərir. Birincisi, vətən anlayışının məhdudsuz coğrafi sərhədləri bu dini-simbioz birliyin hər hansı bir torpağa vətən olaraq bağlı olmadığını göstərir. İkincisi isə "böyük tarixi dövlət" öz-özlüyündə böyük yalanların da uydurulmasına rəvac verir".
"Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi və BMT buna qiymət verməlidir. Əks təqdirdə istənilən işğalçı terrorist özünü baş nazir kimi təqdim edib istənilən vaxt bu tribunadan sərsəm bəyanatlar verə bilər". Bu fikirləri isə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
BMT Baş Assambleyasının tamamilə fərqli gündəliklə toplandığını deyən deputat bildirib ki, Paşinyan ucuz siyasi şoumen kimi etnik separatizmə və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır: "Ancaq unudur ki, Ermənistan ordusu tərəfindən işğal edilən Azərbaycan torpaqlarının dərhal azad edilməsi elə tribunasından danışdığı beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Onun dedikləri isə həm BMT nizamnaməsinin 2(4)-cü maddəsinə, həm də BMT TŞ-nın qəbil etdiyi qətnamələrə ziddir. Əgər Paşinyanın belə hərəkətlərinə BMT-nin və onun Qarabağ probleminin həlli ilə bağlı vasitəçilik mandatı verdiyi ATƏT-in Minsk qrupunun kəskin reaksiyası olmayacaq və bu cür hadisəyə hüquqi qiymət verilməyəcəksə, onda dünya ölkələri beynəlxalq hüquqa, BMT-yə, ATƏT-ə necə inanacaq? Nə qədər gec deyil, BMT özünün o qədər də müsbət olmayan imicini bundan sonra qorusun".
H.Babaoğlu qeyd edib ki, Paşinyan liderlik etdiyi küçə hərəkatını xalq demokratiyası kimi təqdim etməyə cəhd edərək özünü gülünc vəziyyətə salır: "Beynəlxalq ictimaiyyətin bu siyasi təlxəyin hədyanlarına dözməsinin isə səbəbi dünya siyasətindəki ikili standartlar və islamafob mərkəzlərin Ermənistana dəstəyi ilə bağlıdır. Ancaq kimin necə yanaşmasından və Qarabağ probleminin həllinə kimin necə baxmasından asılı olmayaraq Azərbaycan bu problemi özünün ərazi bütövlüyü çərçivəsində mütləq həll edəcək və o günü yaxınlaşdırmaq üçün bütün mümkün vasitələri, resursları səfərbər edir. Təkcə son günlərdə ölkəmizdə həyata keçirilən xüsusi əhəmiyyətli hadisələrə nəzər salsaq, ordumuzun uğurlu hərbi təlimlərinə, möhtəşəm hərbi parada, kosmos ölkəsi olaraq əldə etdiyimiz ən son uğurlara diqqət etsək görərik ki, işğalçı ölkənin baş nazirinin isterik bəyanatlar səsləndirməyə sövq edən səbəblərdən biri də elə Azərbaycanın bu uğurlarıdır".