“Prezident seçkiləri ilə Gürcüstan vacib demokratiya testi verəcək” Dünya

“Prezident seçkiləri ilə Gürcüstan vacib demokratiya testi verəcək”

"Gürcüstan prezident seçkiləri ilə daha bir vacib demokratiya testi verəcək".
Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bir neçə gündən sonra Gürcüstanda çox vacib və məsuliyyətli gün olacaq:
"Ölkədə prezident seçkiləri keçiriləcək. Mən bütün vətəndaşlarımızı seçkilərə gedib istədiyi seçimi etməyə çağırıram. Gürcüstan bu seçkilərlə daha bir çox vacib demokratiya testi verəcək və inanıram ki, hər bir vətəndaş bu testdən ölkəyə layiq şəkildə keçəcək. Əminəm ki, oktyabrın 28-i Gürcüstanda demokratiyanın daha bir qələbə günü olacaq".
M.Baxtadze qeyd edib ki, Gürcüstan hökuməti seçkilərin azad, şəffaf və demokratik mühitdə keçirilməsi üçün hər şey edib:
"Eyni zamanda, qeyd etmək istəyirəm ki, ictimaiyyətin seçkiöncəsi kampaniyanın Avropa tipinə uyğun olması ilə bağlı tələbinin sona qədər yerinə yetirilməsi bəzi siyasi qüvvələrin destruktiv ritorikasına görə mümkün olmadı. Biz hər hansı bir məsuliyyətsiz siyasi qüvvənin seçki prosesində dissonans yaratmasına imkan verməyəcəyik. Seçkiöncəsi dövr ərzində bütün siyasi subyektlərə bərabər və rəqabətli şərait təqdim olunmuşdu. Əmin edirəm ki, hər bir seçicinin azad seçim etmək imkanı olacaq".
Qeyd edək ki, bu həftənin bazar günü Gürcüstanda prezident seçkiləri keçiriləcək. Hakim partiya 28 oktyabr seçkisində müstəqil namizəd, deputat Salome Zurabişviliyə dəstək verəcəyini bəyan edib
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Salome xanımın seçkilərdə qələbəsinə əmin olduğunu deyib: "Müstəqil namizəd olan Salome Zurabişvilinin seçkilərdə qələbə çalacağı və Gürcüstan prezidenti seciləcəyi şübhə doğurmur".
Hakim "Gürcü arzusu" partiyasında təmsil olunan Ruslan Hacıyev Zurabişvilinin prezident seçiləcəyi təqdirdə ilk qadın dövlət başçısı olacağını bildirib:
"Görünən odur ki, Gürcüstandakı fəal elektoratın çox hissəsi, müstəqil namizəd xanım Salome Zurabişvilini dəstəkləyir. Həmçinin, iqtidar partiyası olan "Gürcü Arzusu" da Salome xanımı dəstəkləyir. Bu mövqe partiyanın lideri Bidzina İvanişvilinin rəsmi açıqlamasından sonra daha da möhkəmlənib. Gürcüstan demokratik bir ölkədir, burada seçkilərin taleyini xalqın səsverməsi həll edir. Yenə qeyd edirəm ki, xanım Salome Zurabişvili 28 oktyabrda Gürcüstan Prezidenti seçiləçək və Gürcüstanın yeni tarixində ilk qadın dövlət başçısı olacaq".