İTC lideri İraq parlamentinin sədri ola bilər Dünya

İTC lideri İraq parlamentinin sədri ola bilər

Ersan Sarıkahya: "Kulislərdə gəzən söhbətlərdə Ərşad Salehinin bu posta namizədliyinin irəli sürüləcəyi bildirilir"

İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salehinin İraq parlamentinin sədri postuna namizədliyi irəli sürülə bilər.
Bunu APA-ya açıqlamasında Kərkük İnformasiya Agentliyinin və "Türkmeneli TV"nin Türkiyə təmsilçisi, İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyasının siyasi müşaviri Ersan Sarıkahya söyləyib.
Yaxın vaxtlarda İraq parlamentinin iclasının keçiriləcəyini nəzərə çatdıran E.Sarıkahya deyib ki, İraq parlamentinin hazırkı sədri Üsamə ən-Nuceyfi yenidən bu posta namizədliyini irəli sürməyib və kulislərdə gəzən söhbətlərdə Ərşad Salehinin bu posta namizədliyinin irəli sürüləcəyi bildirilir.
İraq parlamentinin toplantısında Kərkük də daxil olmaqla, İraq Konstitusiyasının 140-cı maddəsində Şimali İraq Kürdüstan Muxtariyyətinin iddia etdiyi mübahisəli ərazilərlə bağlı məsələ də müzakirəyə çıxarılacaq. Bununla bağlı İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani də İraq parlamentindəki toplantıda iştirak və çıxış edəcək. E.Sarıkahya qeyd edib ki, hazırda türkmən şəhəri Təzəhurmatı və Bəşir kəndi uğrunda İraq Şam İslam Dövləti (İŞİD) və gənc türkmən könüllülər arasında hər gün aramsız döyüşlər getməkdədir. İŞİD 100 mindən çox türkmənin yaşadığı Əmirli şəhərinə ötən həftə ərzində 4 dəfə hücum edib, şəhər ağır artilleriya atəşinə tutulub. Hazırda Kərkükdə olan E.Sarıkahya hazırda öz yurd-yuvalarından qaçqın düşən türkmənlərin sayının 250 min nəfərə çatdığını açıqlayıb.