“Ermənistan hələ də ABŞ-dan gözləntilərini ala bilmir” Dünya

“Ermənistan hələ də ABŞ-dan gözləntilərini ala bilmir”

"Ermənistan Baş naziri Nikol Paşinyanın İrana səfəri hər iki tərəfin maraqları çərçivəsində həyata keçiriləcək".
Ermənistan baş nazirinin İrana səfərini şərh edən politoloq Natiq Miri belə deyib.
Onun sözlərinə görə, Ermənistan kiçik ölkə olsa da, təklənmiş vəziyyətdə olan İran üçün iqtisadi və enerji resurslarının satışı baxımından bazar ola bilər:
"Amma Ermənistan və İran arasındakı münasibətlər ABŞ üçün qıcıqlandırıcı amildir. Ermənistan isə hələ də ABŞ-dan gözləntilərini ala bilmir. Paşinyan düşünürdü ki, Serj Sərkisyan rejimini inqilabi yolla devirməklə, Rusiyanı qıcıqlandırmaqla başda ABŞ olmaqla Qərbin diqqətini Ermənistana yönəldə biləcək və yeni "maliyyə yastıqları" yarada biləcək. Amma Paşinyan son parlament seçkilərində qalib gəlsə və hökuməti təkbaşına qursa da, ABŞ-dan olan gözlənti özünü doğrultmur.
Buna görə də düşünürəm ki, Paşinyan bu yolla ABŞ-ı qıcıqlandırmağa cəhd edir ki, Ermənistan üçün digər alternativlər də var. Düzdür, İran ABŞ qədər Ermənistana alternativ ola bilməz, amma Ermənistana ən yaxın qonşu ölkə İrandır. Ayrıca, İran istər iqtisadi, istər ticarət, istərsə də enerji resursları ilə bütün zamanlarda Ermənistana yardım edib. Bu yöndə əməkdaşlığı həmişə öndə tutub. Düşünürəm ki, buna görə Paşinyan da Tehrana getməkdə maraqlıdır".
Politoloq ABŞ-ın bu səfərə münasibətinə də toxunub və qeyd edib ki, bu səfərə münasibət Tehranda anlaşmanın hansı yöndə olmasından sonra bəlli olacaq.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 27-də İrana rəsmi səfər edəcək.