Separatçılar qorxuya düşüblər Dünya

Separatçılar qorxuya düşüblər

Obama: "Rusiya özü üçün təhlükə törədəcək"

Cavid

Ukrayna ordusu ölkənin şərqində Rusiyameylli separatçıların son ən böyük istehkamı olan Donetskə yaxınlaşdıqca, qiyamçılar qorxu və küyə düşməyə başlayıblar.
"The Guardian" qəzetinin müxbiri xəbər verir ki, Donetskin qərb həndəvərlərində şiddətli döyüşlər gedib.
Mühasirəyə düşmək təhlükəsi ilə üz-üzə qalan seprataçılar Moskvanı bölgəyə birbaşa Rusiya qoşunları göndərməyə çağırırlar.
Britaniya mətbuatı yazır ki, Rusiyameylli separatçılar sakinlərin və yerli bizneslərin ərzaq və avtomobillərini qarət etməyə başlayıblar.
"The Guardian" qəzetinin müxbiri xəbər verir ki, hazırda Donetskin mərkəzi hissəsi boşdur, mağaza və restoranlar bağlanıb.
Ukrayna hökumət qoşunlarının əməliyyat sözçüsü Aleksey Dmitraskovsk Associated Press agentliyinə bildirib ki, bazar günü Ukrayna əsgərləri Donetsk yaxınlığında ələ keçirdikləri mövqeləri qorumaqda, separatçılar isə müqavimət göstərməkdə davam ediblər.
Donetsk şəhərinin qərb ətraflarında atışma və partlayış səsləri ara vermək bilmir.
Özünü Donetsk vilayətinin qubernatoru elan etmiş separatçı Pavel Qubarev Rusiyanı tez bir zamanda nizami qoşunların göndərməyə, başqa sözlərlə Ukraynaya hərbi müdaxilə etməyə çağırıb.
Maraqlıdır ki, Qubarev "ağır artilleriya və tanklarla silahlanmış Rusiya sülhyaradıcıları" ifadəsini işlədib.
"Onda bu müharibə uzağı bir-iki günə qurtarar" - deyib "qubernator".
Ukrayna və Qərb liderləri isə iddia edirlər ki, Rusiya Ukraynanın şərqində separatçılara dəstək verməkdə davam edir.
Moskva bu kimi iddiaları əsassız adlandırıb. Bu da xəbər verilir ki, son günlər şiddətlənmiş döyüşlərə görə beynəlxalq axtarışçılar Malayziya təyyarəsi qurbanlarının hələlik tapılmayan cəsədlərini yığa bilmirlər.
Hollandiya və Avstraliya ekspertləri ötən cümə axtarış apara biliblər. Axtarış zamanı MH17 təyyarəsi qurbanlarının qalıqları və şəxsi əşyaları aşkar edilib. Qalıqlar qatarla Xarkova göndərilib.
Beynəlxalq ekspertlər qrupunun rəhbəri Pieter-Jaap Aalbersberq ötən şənbə bildirib ki, Hrabovo kəndindəki fermanın ətrafında axtarışlar başa çatıb və indi komissiya təyyarə qırıntılarının düşdüyü başqa yerlərə keçə bilər.
O bildirib ki, bütün axtarış işləri üç həftəyə başa çata bilər.
"RBK-Ukrayna" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko "facebook" səhifəsində bildirib ki, Kiyev Rusiyanın 500 vətəndaşının Ukraynaya girişini qadağan etmək niyyətindədir.
Onun sözlərinə görə, Krımın Rusiyaya birləşməsini və Ukraynanın parçalanmasını dəstəkləyən Rusiya vətəndaşlarının siyahısı hazırlanır.
ABŞ və Avropa Birliyi artıq bu cür siyahılar hazırlayıb. Qərb ölkələri Krımın Rusiyaya birləşdirildiyi mart ayında Rusiyanın xeyli sayda siyasətçi, biznesmen və şirkətinə qarşı sanksiyalar tətbiq edib. İyul ayında isə "qara siyahı" genişləndirilib. Vaşinqton və Brüsseldə siyahının növbəti dəfə genişləndiriləcəyini istisna etmirlər.
Ukrayna mediası isə yazır ki, Ukrayna səhmlərinin 50 faizi Rusiya kompaniyalarına məxsus ölkə daxilində fəaliyyət göstərən şirkətlərə sanksiya tətbiq edəcək.
Artıq bu ölkənin hökumətində səhmlərinin 50 faizi və ya daha artığı rus müəssisələrinə məxsus olan Ukrayna şirkətlərinin siyahısı hazırlanıb. Bura minə yaxın kompaniya daxil edilib.
Ukrayna hökumətindəki mənbə bildirib ki, bu siyahıya əsasən Rusiyanın dövlət qurumları ilə əməkdaşlıq edən və səhmlərinin böyük hissəsi həmin ölkənin əlində olan şirkətlər salınıb.
Bundan başqa Ukrayna prezidenti Petr Poroşenko Rusiya ilə hərbi-texnoloji əməkdaşlığı da qadağan edən qərar verib.
Məlumatda o da qeyd olunub ki, artıq Avropa Birliyi və ABŞ Rusiya şirkətlərinə qarşı analoji təcrid siyasətinə başlayıb.
Qəzaya uğrayan "Boinq 777"-nin qalıqları isə hələ də axtarılır. Ukraynanın şərqində separatçılar tərəfindən raketlə vurulduqdan sonra qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları hələ ki, tam aşkarlanmayıb.
Bu istiqamətdə işlərin gücləndirilməsi üçün təyyarənin düşdüyü bölgəyə əlavə 100-dən çox ekspert göndərilib. Ekspertlər ATƏT rəsmilərinin də müşahidəsi altında axtarış sahəsini genişləndiriblər. Hazırda Rozsipne kəndində axtarış əməliyyatları icra olunur.
Təhqiqatçılar, eyni zamanda, üsyançıların nəzarəti altında olan ərazilərə də giriblər. Axtarış əməliyyatlarının təxminən 1 həftə çəkəcəyi gözlənilir. Ekspertlər indiyə qədər müxtəlif əşyalara rast gəlsələr də, hələlik insan qalıqlarına rast gəlməyiblər.
İyul ayının 17-sində baş verən hadisə zamanı əksəriyyəti Hollandiya vətəndaşı olmaqla 298 nəfər ölmüşdü. İndiyə qədər cəmi 200 nəfərin meyitləri tapılaraq ölkəsinə göndərilib.
Təyyarənin qara qutuları deşifrə edilən zaman məlum olub ki, pilotlar kabinəsində qəzadan bir neçə saniyə əvvəl hər şey qaydasında olub. Səs registratorunda qeydə alınan səsin pilota aid olmadığı təsdiqlənsə də, həmin vaxt ekipaj üzvlərinin qəribə heç bir şeylə rastlaşmadıqlarının aydın hiss edildiyi bildirilir.
ABŞ prezidenti Barak Obama "The Economist" jurnalına müsahibəsi zamanı ölkəsinin Rusiya ilə münasibətlərinin geniş şərh edib. Obama Rusiyanı dünya gücü hesab etmədiyini deyib. Onun sözlərinə görə Dmitri Medvedev Rusiya prezidenti olarkən tərəflər arasındakı münasibətlər daha yüksək səviyyədə idi.
"Bizim administrasiyanın 2012-ci ilə qədər prezident səlahiyyərtlərini icra edən Dmitri Medvedevlə çox məhsuldar əməkdaşlığı var idi. Biz etməli olduğumuz çox şeyi birlikdə etdik" - deyə Obama deyib.
Eyni zamanda o, hazırki prezident Vladimir Putininin gələcəkdə Rusiya üçün təhlükəli olacağını bildirib.
"Dünyada gərginlik yaradan faktorlardan biri Vladimir Putinin fəaliyyətidir. Onun addımları yaxın perspektivdə ölkə daxilindəki siyasətçilər üçün xoş, beynəlxalq aləm üçün narahatlıq doğurursa da, uzaq perspektivdə Rusiyanın özü üçün təhlükə törədəcək" - deyə Amerika prezidenti deyib.
Obama etiraf edib ki, Ukrayna böhranının başlanmasından az öncə Putinlə şəxsi ünsiyyəti kəsib və yalnız ötən həftə Ukrayan ərazisində sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya prezidentinə zəng edib.
Ağ Ev sahibi Amerikanın raket əleyhinə müdafiə sistemlərinin Avropada yerləşdirilməsinə Rusiyanın etiraz etməsini, ölkə kəşfiyyatının Rusiyaya sığınan keçmiş üzvü Edvard Snoudenə Moskvanın siyasi sığınacaq verməsini və Krımın qəfil ilhaqını Rusiya-Amerika münasibətlərinin əsas problemləri adlanıdırıb.
"The Economist"-ə müsahibəsinin sonunda Barak Obama Rusiyanın dünya siyasətində önəminin olmadığını vurğulayıb.
"Rusiyanın əhəmiyyətini böyütmək lazım deyil. Rusiya heç nə ertmir. Mühacirlər Moskvaya yaxşı iş dalınca gəlmirlər, rus kişilərini orta ömrü 60 yaşı keçmir. Və bu şəraitdə ABŞ Rusiyanın doğurduğu regional təhlükələrə reaksiya göstərəcək".