Brenda Şaffer Qarabağdan yazdı Dünya

Brenda Şaffer Qarabağdan yazdı

"Qanunsuz regionların "dondurulması" ağır münaqişələrə şərait yaradır"

ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri Birləşmiş Ştatların beynəlxalq münasibətlər sahəsində tanınmış eksperti Brenda Şafferin "Qanunsuz regionların "dondurulması" ağır münaqişələrə şərait yaradır" sərlövhəli məqaləsini dərc edib.
AzərTac xəbər verir ki, Brenda Şaffer yazır ki, Malayziya Hava Yollarına məxsus MN 17 sərnişin laynerinin bu il iyulun 18-də Şərqi Ukraynanın qiyamçı ərazisində vurulması idarə olunmayan ərazinin beynəlxalq təhlükəsizliyə real təhlükə olduğunu təsdiq edir.
Bu cür "dövlətsiz" ərazilərin sayının çox olması onların regiondakı qonşuları üçün təhlükədir və bu da öz növbəsində beynəlxalq təhlükəsizlik sistemində "ağır uğursuzluqlardan" qurtulmaq üçün daha səmərəli strategiyaların tapılmasını zəruri edir.
Separatçıların, məsələn, Azərbaycanın Dağlıq Qarabağ regionunda və kənardan idarə olunan digər ərazilərdə fəaliyyəti nəticəsində şəxsi fayda əldə etmək məqsədi ilə hər hansı qurumun yaradılması illüziyası yaranıb. Birləşmiş Ştatlar və bir çox digər ölkələr bu qurumları tanımasalar da, beynəlxalq birlik status-kvo vəziyyətinə çox vaxt məhəl qoymur, çünki bu da sülh illüziyası yaradır. Lakin həmin münaqişələrin tənzimlənməsi əvəzinə onların "dondurulması" hamıya baha başa gəlir.
B.Şaffer yazır ki, idarə olunmayan bu ərazilər qanunsuz fəaliyyət, o cümlədən çirkli pulların yuyulması, malların saxtalaşdırılması, insan və narkotik alveri mərkəzləridir, terrorçular və cinayətkarlar üçün sığınacaqdır: "Bu ərazilərdə heç kəs qanunsuz fəaliyyətə görə məsuliyyət daşımır, çünki həmin regionlarda banklar qeydiyyata alınmayıb, rəhbərlik isə beynəlxalq sazişlərin üzvü deyil. Odur ki, bu ərazilərdə separatizmə dəstəyin sponsorları olan ölkələr məsuliyyət daşımalıdırlar, çünki terrorizmin maliyyələşdirilməsinin, saxta mallar istehsalının, insan alverinin və s. qarşısının alınması üzrə beynəlxalq müqavilə və konvensiyaları bu ölkələr imzalayıblar".
Müəllif vurğulayır ki, başqa suveren dövlətlərin ərazilərini idarə edən qonşu ölkələr qeyri-sabit regionların yaradılmasına məsuliyyətdən yaxasını kənara çəkmək üçün qondarma qurumlardan, o cümlədən Dağlıq Qarabağdan istifadə etməməlidirlər: "Lakin beynəlxalq birlik də məsuliyyət daşıyır. O, nəzarəti geri qaytarmaq və ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə suverenliyi təhlükəyə məruz qalan ölkələri dəstəkləməlidir. ABŞ və Avropa ərazi bütövlüyü pozulmuş ölkələri separatçılarla danışıqlar aparmağa sövq etməməlidirlər. Danışıqlar separatizmin sponsorları olan dövlətlərlə aparılmalıdır".
Sonda professor B.Şaffer ABŞ-ı və Avropanı münaqişələri "dondurmağa" deyil, onların tezliklə həll olunmasına yardım göstərməyə çağırıb.