Moskva sanksiyalara adekvat cavab hazırlayır Dünya

Moskva sanksiyalara adekvat cavab hazırlayır

Rusiya prezidenti Vladimir Putin Qərbin sanksiyalarına cavabı müzakirə etmək üçün kabinet üzlərinin iclasını keçirilməsi haqda göstəriş verdiyini bildirib.
Putin hökumətə Qərb sanskiyalarına cavab tədbirləri hazırlamağı tapşırıb. Putin deyib ki, cavab sanksiyaları "səliqəli" olmalıdır. Rusiya prezidenti izah edib ki, sanksiyalar Rusiya daxilindəki alıcılara ziyan vurmamalıdır, daxili istehalçılara isə dəstək olmalıdır.
Putin onu da bildirib ki, iqtisadiyyata siyasi təzyiq vasitələri qəbul edilməzdir. Onlar bütün normalara və qaydalara ziddir.
Birləşmiş Ştatlar və onun müttəfiqləri Krımın ilhaqı və Ukraynanın şərqində separatçılara dəstəklə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib.
Rusiya isə öz növbəsində ABŞ və AB-nin sanksiyalarına meyvə və tərəvəz idxalında qadağalarla cavab verib.
Bu sanksiyalar Şərqi Avropa ölkələrinə şamil olunub.
Polşa, Moldova və Ukraynadan idxal olunan meyvə və tərəvəz məhsullarında ciddi qadağaların qoyulması Avropa ölkələrinin büdcəsinə milyonlarla dollar ziyan vura bilər. Polşa Baş nazirinin müavini, İqtisadiyyat naziri Janus Pieçoçinski Rusiyanın meyvə və tərəvəz məhsullarına qoyduğu qadağanın Polşa iqtisadiyyatına 700 milyon dollar ziyan vuracağını bildirib. Nazir Ukraynaya ixrac olunan məhsulların 40 faiz, Rusiyaya ixrac olunan məhsulların isə 20 faiz gerilədiyini bildirib. Rusiya rəsmiləri isə bu qadağanın ABŞ və AB-nin Rusiyaya sanksiyalar tətbiq etməsi ilə bağlı olmadığını bildirib. Rusiya Səhiyyə Nazirliyi səbəb kimi idxal olunan məhsullarda keyfiyyət çatışmazlığını göstərib.
Xatırladaq ki, Rusiya Polşanın kənd təsərrüfatı məhsullarının ən çox ixrac olunduğu ölkədir. Polşadan cari ildə 840 min ton meyvə və tərəvəz Rusiyaya ixrac olunub. Rusiya ABŞ-ın sanksiyalarına cavab olaraq "Makdonalds", KFC və "Burger King" restoranlarında yoxlamalar aparmaqla bərabər, Avstraliyadan inək, Latviya və Litvadan donuz idxalını da azaldıb.
Rusiyalı məmurlar Qərbin onlara qarşı tətbiq etdiyi sanksiyalardan başlarını elə itiriblər ki, bu qadağalarla mübarizə məqsədilə ən ağlagəlməz və məntiqsiz üsullara belə əl atmaqdan belə çəkinmirlər.
Rus nəşrləri xəbər verir ki, bununla bağlı ən qəribə təklifi Rusiya Prezident Administrasiyasının sabiq rəhbəri, Dövlət Dumasının sədri Sergey Narışkin irəli sürüb.
S.Narışkin "ABŞ" (Amerika Birləşmiş Ştatları) və "AŞ" (Avropa Şurası) sözlərini bundan sonra balaca hərflərlə yazmağa çağırıb. O, bu təklifini öz Twitter səhifəsi üzərindən paylaşıb.