“Qərb Ukrayna münaqişəsində acizdir” Dünya

“Qərb Ukrayna münaqişəsində acizdir”

Tofiq Abbasov: "Minsk görüşündə qeyri-adi hadisə baş vermədi"

Rusiya prezidenti Vladimir Putin Belarusun paytaxtı Minsk şəhərində Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb. Bu haqda Rusiya mediası xəbər yayıb. Xəbərdə deyilir ki, Müstəqillik Sarayında baş tutacaq sammit öncəsi hər iki ölkənin prezidentləri bir-birinin əlini sıxıb. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov öncədən məlumat yaymışdı ki, Putinlə Poroşenko sammitdə Ukraynadakı vəziyyəti və bu ölkəyə edilən humanitar yardımı müzakirə edəcəklər. Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko və Rusiya prezidenti Vladimir Putin avqustun 26-da Minskə sammitə toplaşan liderlər arasındadır.
Ölkə liderləri isə Gömrük Birliyinin sammitinə gəlib. Sammitdə Belarus prezidenti Lukaşenko, Qazaxıstan prezidenti Nazarbayev, eləcə də Avropa Birliyi rəsmiləri iştirak edir.
Avropa Birliyinin xarici siyasət rəhbəri Katerine Eştonun sözçüsü Maja Kocijancic Brüsseldə deyib ki, Minskdə danışıqlar Ukrayna böhranının həllini müzakirə etmək üçün imkandır.
Ukraynanın xarici işlər naziri Pavel Klimkin Poroşenkonun Putinlə danışıqları yüksək peşəkarlıqla apardığını deyib. Onun sözlərinə görə, müzakirələr olduqca gərgin, ancaq maraqlı olub. Klimkin ümidvar olduğunu bildirib ki, onlar məsələnin həllini tapa bilərlər və tapmalıdırlar. Rusiya XİN rəhbəri Sergey Lavrov da danışıqlara pozitiv yanaşdıqlarını açıqlayıb. Belarusiyanın xarici işlər naziri Vladimir Makey isə bildirib ki, Ukrayna-Avropa Birliyi-Avrasiya İttifaqı üçlüyünün Minsk görüşü Putinlə Poroşenkonun təkbətək görüşünə nail olmaq üçün təşkil edilib. Ukrayna və Rusiya prezidentləri arasında növbəti danışıqlar avqustun 28-də Ankarada aparıla bilər. Bu görüş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inauqurasiya mərasimində baş tuta bilər. Məlumata görə, Ukrayna-Rusiya formatlı ikitərəfli və Ukrayna-Türkiyə-Rusiya formatlı üçtərəfli görüşlərin təşkil olunmasının mümkünlüyü nəzərdən keçirilir. Lakin rəsmi Kiyev və Moskva bu məlumata hələlik şərh vermir.
Politoloq Tofiq Abbasov bildirdi ki, Minskdə baş tutmuş üçtərəfli sammitin diqqət çəkən nəticələrlə bitməsinə inanmaq əvvəlcədən də çətin idi: "Çünki bu görüşün əsas qayəsi Ukrayna ətrafında münasib yüngüllük yaratmaqdan ibarət idi. Nə Avropa İttifaqının rəsmiləri, nə Gömrük Sazişinə daxil olan ölkələrin Rusiya başda olmaqla əvvəldən hərəkət və ya təkliflər planı yox idi. Rəsmi Minsk isə çalışdı ki, özünün tərəfsiz olmasını diqqətə çatdırıb özü ilə Aİ və Rusiya arasında olan problemləri çözmək üçün münasib zəmin yaratsın... O ki qaldı Moskva-Kiyev qarşıdurmasına, bu formatda vəziyyət hələ uzun müddət gərgin olacaq. Çünki Ukraynada baş verən daxili böhran artıq beynəlxalq gündəliyin məsələsinə çevrilib və bu çərçivədə nə Rusiya, nə də Qərb geri çəkilmək niyyənində deyil. Problem ondadır ki, Moskva Pyotr Poroşenkonun Qərbin yedəyində gedən adam kimi ciddi qiymətləndirmir. Belə olduqda isə Ukrayna prezidentinin gördüyü işlərdən, verdiyi vədlərdən dönüş gözləmək Rusiya üçün qeyri-məqbuldur. Poroşenkonun Ali Radanı vatından əvvəl buraxmaq barədə verdiyi qərar isə Kreml tərəfindən ona görə qıcıqla qarşılandı ki, bu məsələ sırf qərbpərəst qüvvələrin marağındadır. Onlar bu gedişlə əsas qanunverici orqanı Rusiyanın təsiri altında olan deputat korpusundan təmizləmək istəyir. Beləcə Ukrayna parlamenti oktyabr seçkilərindən sonra daha çox qərbyönümlü ola bilər. Bu baş verdikdə isə Rusiyanın qonşu ölkənin daxilində siyasi manevrlər etmə imkanları bir qədər də məhdudlaşa bilər. Odur ki, Minsk görüşü sadəcə protokol xarakterli müzakirə kimi alındı və bu aspektdə qeyri-adi bir şey baş vermədi.".
Politoloq Anar Turan dedi ki, Belarusun paytaxtında Gömrük İttifaqı ölkələrinin (RF, Belarus, Qazaxıstan), Ukraynanın prezidentlərinin və Aİ-nin yüksək vəzifəli nümayəndələrinin Ukrayna məsələsinin dinc yolla nizama salınmasına dair görüşünün keçirilməsi əslində böhranın öz kuliminasiya nöqtəsinə çatmasının qarşısının alınması üçündür: "Bu görüş Avropada baş qaldırmış bu münaqişənin aradan qaldırılması üçün keçirilir. Burada hər iki qütbün təbii ki öz maraqları var. Lakin Rusiyanın postsovet məkanında yürütdüyü hegemon siyasətin qarşılığında bu görüşdən elə də uğurlu nəticə gözləməyə dəyməz. Çünki Avropa İttifaqının maraqları ilə Rusiyanın maraqları Ukraynada toqquşdu. Və bu toqquşmanı maksimum dərəcədə Ukrayna hökuməti özü nizamlamalıdır. Çünki hansısa qütbə güvənmək regionda olan münaqişəli vəziyyətin daha da uzanmasına gətirib çıxaracaq. Belə vəziyyətdə Rusiya və müttəfiqləri öz maraqlarını, Amerika başda olmaqla digər Qərb ölkələri isə öz maraqlarını diktə etdirmək üçün mübarizə aparacaq. Bununlada Ukrayna ərazisində yeni "dondurulmuş münaqişə"lər meydana çıxacaq. Bu baxımdan Minskidəki görüşün mahiyyəti bəlkə də xoşniyyətli olsa da geosstrateji maraqlar bir sıra hallarda ümumbəşəri maraqları üstələdiyindən nəticə yubanır. Bu baxımdan görüşün nəticəsi hər iki qrup dövlətlərin nə dərəcədə kompramisə meyl etməsindən asılı olacaq".
Politoloq Fikrət Sadıxov isə bildirib ki, uzun müddət qarşıdurma vəziyyətində olan tərəflər bir görüşdən sonra hansısa radikal addımlar atmır. Onun sözlərinə görə, burada müxtəlif siyasi, iqtisadi səbəblər var: "Həmçinin Qərb-Rusiya qarşıdurması fonu var. Ona görə də görüşü müsbət bir addım kimi qiymətləndirmək olar. Amma bu ilk görüşdür və mənə elə gəlir ki, hər iki tərəf artıq bu qarşıdurmadan yorulub və onlar müəyyən barışıq yolları axtarırlar. Üstəlik Poroşenkonun arxasında Qərb, ABŞ dayanır və o, bunu yaxşı başa düşür. Buna görə də ərazi bütövlüyünü bərpa etmək fikrindən yayınmır. Həmçinin Poroşenko anlayır ki, Rusiyanın maraqları nəzərə alınmalıdır. Çünki Rusiya axıradək Ukraynanın Şərq hissəsində olan əhalini və üsyançıları müdafiə edəcək və dəstək verəcək. Belə bir real vəziyyətdə bu birinci addımdır və bir neçə dəfə təkrar olunandan sonra nəticədən danışmaq olar. Əminəm ki, birinci danışıqlardan sonra hansısa bir radikal dəyişiklik gözləmək olmaz". Ankarada Rusiya-Türkiyə-Ukrayna üçtərəfli görüşün keçirilməsi məsələsinə toxunan Fikrət Sadıxov deyib ki, danışıqların davam etdirilməsi üçün belə görüşlərin keçirilməsi lazımdır. Onun sözlərinə görə, əgər Ukrayna və Rusiya hansısa razılığa gəlmək istəyirlərsə, bunlara vasitəçi lazımdır: "Hər iki tərəf üçün ya hansısa kontakt qrupu yaratmaq lazımdır (artıq bunu yaradıblar) və ya Türkiyənin vasitəçiliyi ola bilər. Çünki Türkiyə həm Rusiya ilə, həm də Ukrayna ilə yaxınlıq edir. Əminəm ki, bu görüşlərin nəticəsi nə vaxtsa müsbət olacaq. Amma əlbəttə ki, real addımlar atmaq lazımdır. Əgər görüşlər formal xarakter daşıyacaqsa, bunun nəticəsindən heç bir şey gözləmək olmaz".
Politoloq Vəfa Quluzadə deyib ki, Rusiya güclü mövqedən çıxış edərək Ukraynanı özünə tabe etdirmək istəyir: "Rusiya siyasətinin məğzi bundan ibarətdir. Ukrayna isə arzu edir ki, Rusiya Ukraynanın maraqları və müstəqilliyi ilə hesablaşsın. Çünki, Ukrayna müstəqil bir dövlətdir və milli maraqları var. Bu iki məsələnin bir araya necə gətiriləcəyi məndə ciddi sual doğurur. Bu baxımdan mən Minks görüşündə Ukrayna Rusiya əlaqələri normallaşacağına inanmıram. Həmçinin bu görüşdə gözlənilməz məsələlər də baş verə bilər. İlk olaraq Qərb maraqlıdır ki, Rusiya və Ukrayna münasibətləri normallaşsın və Ukraynanın Avropaya inteqrasiyasına Rusiya mane olmasın. Ümid etmək də olar ki, Putin istədiyinə nail ola bilmədiyini görüb, fərqli addımlar ata bilər. Putin bütün Ukrayna ruslarını ayağa qaldıra bilmədi. Donbasda və Luqanskdakı döyüşlərdə əksəriyyət ruslar iştirak etmədi. Ən əsası isə Odessanı ayağa qaldırmaq mümkün olmadı. Əgər Rusiya Odessanı ayağa qaldıra bilsəydi, Ukrayna Qara dənizə çıxışsız qalırdı. Bu da Rusiyanın qələbəsini təmin edə bilərdi. Bu baxımdan Putin bu məsələlərin istədiyi istaqamətdə getmədiyini görüb geri çəkilə bilər. Amma bunu indidən dəqiq proqnozlaşdırmaq çətindir".
Politoloq Hikmət Hacızadə deyib ki, Qərb Ukrayna münaqişəsində hələ ki, acizdir, heç nə edə bilmir: "Əslində Minsk görüşündən ciddi nəticələr əldə olunması gözlənilmirdi. Düşünürəm ki, əsl danışıqlar Qərblə Rusiya arasında olmalıdır. Çünki, Putin Poroşenkoya inanmır. Bu baxımdan, Qərb sözünü deməlidir. Amma hələ ki, Qərb sözünü sanksiyalarla deyir və daha da çətinləşdirəcəyini bildirir. Qərb Ukrayna üçün vuruşmaq istəmir. Sadəcə uzaqdan Rusiya üçün maliyyə problemləri yaradır. Əslində istisna deyil ki, Qərblə Rusiya arasında gizli danışıqlar aparılır. Amma hələ ki, heç bir nəticə yoxdur. Qərb Ukrayna münaqişəsində hələ ki, acizdir, heç nə edə bilmir".

Əli