Tramp bəraət qazanmasını təntənə edir Dünya

Tramp bəraət qazanmasını təntənə edir

Senatın impiçment məhkəməsinin ABŞ Prezidenti Donald Trampa bəraət qazandırmasına etiraz edən kiçik qruplardan ibarət insanlar Birləşmiş Ştatların böyük şəhərlərində küçələrə çıxıb.
Senatın qərarından sonra nümayişçilər Vaşinqtonda yerləşən Kapitolinin qarşısına toplaşaraq səsverməni qınayıb və Trampın vəzifəsindən uzaqlaşdırılmasına çağırıb. Onlar şahidlərin məhkəməyə dəvət edilməməsini rüsvayçılıq kimi qiymətləndirərək Respublikaçıları dəlilləri gizlətməkdə günahlandırıb.
Nyu-Yorkda bir sıra etirazçılar Respublikaçı senatorları "qorxaq" adlandıraraq, bütün etdikləri əməllərin onlara noyabr seçkilərində xatırlanacağını deyiblər.
Sayca az olsalar da etirazçılar Texas ştatının San Antonio şəhərində bir araya gəlib.
Etirazlar habelə Boston, Filadelfiya və Çikaqoda keçirilib. Onlarla etirazçı Floridadan Republlican senator Marko Rubionun Orlando ofisinin qarşısına toplaşaraq Senatın qərarını pisləyib.
ABŞ Senatı impiçment məhkəməsində Prezident Donald Trampa bəraət qazandırıb.
Onun siyasi divident naminə Ukraynaya təzyiq göstərməsi ilə bağlı ittihamların doğru olduğuna səs verən yeganə Respublikaçı Senator Mitt Romni olub.
Senatdakı Demokratlar prezidentə qarşı hakimiyyətdən sui-istifadə və Konstitutsiyanı əngəlləmək ittihamlarının təsdiq olunması üçün tələb olunan 67 səs qazana bilməyiblər.
Trampın impiçment məhkəməsi Birləşmiş Ştatların 243 illik tarixində prezidentə qarşı üçüncü belə məhkəmə olub. 19-cu əsrin ortalarında və 21 il öncə Bill Klintona qarşı iddialar da Senat məhkəməsi tərəfindən rədd edilmişdi.
Lakin Tramp yeganə impiç edilmiş prezidentdir ki, qarşıdan gələn seçkilərdə yenidən namizəd olacağı gözlənilir.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışında Senatda impiçment məhkəməsində onun vəzifəsindən kənarlaşdırılmasının qarşısını almış bəraət qərarını təntənə edib.
“Mən həyatımda səhvlərə yol vermişəm, etiraf etməliyəm. Amma bilərəkdən deyil. Ancaq son nəticə budur”, deyən prezident əlində baş səhifəsində “Tramp bəraət aldı” yazılmış “Washington Post” qəzetinin nüsxəsini nümayiş etdirib.
Ağ Evə dəvət edilmiş prezidentin hüquqşünaslardan ibarət komandası və kabinetinin üzvləri, Respublikaçı qanunvericilər və administrasiya üzvləri prezidentin 63 dəqiqəlik çıxışı zamanı dəfələrlə onu alqışlayıblar.
“Bu, mənim üçün çox pis bir söz idi” – deyə, Tramp impiçment ifadəsinə işarə edərək bildirib. “İndi isə bu gözəl ifadədir…tam bəraət”, Tramp əlavə edib.
Prezident Senatda onun vəzifə səlahiyətlərini pozmasına dair impiçmentin birinci maddəsinə əsasən vəzifəsindən kənarlaşdırılmasına səs verən yeganə Respublikaçı Senator Mitt Romnini tənqid hədəfinə çevirib.
Romni “uğursuz prezidenliyə namizəd dindən əl ağacı kimi istifadə edib” – deyə, Tramp bildirib.
“Mən dinlərindən düzgün etmədikləri işə görə istifadə edən insanları sevmirəm. Mən həm də `sənin üçün dua edirəm` deyib, amma özləri də bunun belə olmadığını bilən insanları da sevmirəm. Çox insana zərər dəyib və biz bunun belə davam etməsinə imkan verə bilmərik”, Tramp əlavə edib.
Mitt Romni Mormon kilsəsi kimi tanınan dini icmanın üzvüdür. Bu, onun dogma Yuta ştatında dominant dindir.
ABŞ Senatı impiçment məhkəməsində çərşənbə günü keçirilən səsvermədə Prezident Donald Trampa bəraət qazandırıb.
Senatdakı Demokratlar prezidentə qarşı hakimiyyətdən sui-istifadə və Konstitutsiyanı əngəlləmək ittihamlarının təsdiq olunması üçün tələb olunan 67 səsi qazana bilməyib.
Demək olar ki, partiya mənsubiyyətinə görə keçirilən səsvermədə Demokratlar Trampın ABŞ-ın Ukraynaya yardımını onun siyasi rəqibi Co Bayden və onun oğlu Hanterlə bağlı təhqiqat aparmaqla şərtləndirərək, Amerika demokratiyasını sarsıtdığını bildiriblər.